Şuşanın azad olunmasının ən azı 2-3 ay çəkəcəyi, bəziləri isə bu əməliyyatların hətta yaz-yay aylarınadək uzanacağını ehtimal edirdi- Azərbaycan Ordusu isə ən çətin yolu seçdi...
Sentyabrın 27-də başlanan Vətən müharibəsinin hələ ilk günlərindən xalqın diqqəti Azərbaycan Ordusunun əsas hədəfinin-Şuşa şəhərininin işğaldan azad edəcəyi günə yönəlməşdi. Ali Baş Komandan İlham Əliyevin “Şuşasız işimiz yarımçıq olar” deməsi ilə Birinci Qarabağ savaşında olduğu kimi, müharibənin açar nöqtəsinin yenə bu qədim şəhərimizlə müəyyənləşəcəyi rəyini daha da möhkəmlətdi. Ermənilərin özləri də etiraf edirdilər ki, Şuşa kimdədirsə, Qarabağa nəzarət də ondadır.
Cəbhənin cənub istiqamətində Ordumuzun inamla irəliləməsi belə bir rəy yaratmışdı ki, Laçın koridoru bağlandıqdan sonra Füzuli, Xocavəndə və Hadrut qəsəbəsi istiqamətində də hücum əməliyyatları genişləndiriləcək, Xankəndinin Ordumuzun nəzarətinə keçməsi ilə əsas şəhərimizə-Şuşaya doğru irəliləyəcəyik. Şuşanın 3 tərəfdən sıldırım qayalarla əhatə olunması, ərazisində Böyük Kirs dağı, Keçəldağ aşırımı kimi strateji yüksəkliklər yerləşməsini nəzərə aldıqda, şəhərin işğaldan azad edilməsi üçün hələ zaman lazım olacaqdı. Üstəlik, adi məntiq həm də onu deyirdi ki, Şuşanı işğaldan azad etmək və orada möhkəmlənmək üçün mütləq hərbi texnika da lazım gələcəkdi.
Beləliklə, standart əməliyyatlar nəticəsində Şuşanın azad olunmasının ən azı 2-3 ay çəkəcəyi, bəziləri isə bu əməliyyatların hətta yaz-yay aylarınadək uzanacağını ehtimal edirdi. Belə bir vaxtda isə...

Şuşanı işğaldan necə qurtarmalı?
Şimaldan Xankəndi şəhəri, şərqdən Xocavənd, qərbdən Laçın rayonlarının mərkəzi düşmən nəzarətində olduğu vaxtda ordumuzun Şuşaya doğru əks-hücum əməliyyatı başladığı barədə xəbərlər yayılmağa başladı. Düşmən mənbələrindən məlum oldu ki, Azərbaycan ordusu noyabrın əvvəlindən artıq Şuşanın 5 kilometrliyindəki Daşaltı kəndi istiqamətində Laçın yoluna və Şuşaya doğru irəliləməkdədir. Çoxlarına, xüsusilə Şuşanın keçilməz dağ yollarına, təbii istehkam olan qayalarına bələd olanlar, üstəlik havaların axşamlar mənfi dərəcəyə endiyi noyabr ayında bu xəbərlər açığı, düşmənin növbəti dezinformasiyası kimi də yozulurdu.
Şuşanın strateji əhəmiyyətini yaxşı anlayan Ermənistanın hərbi-siyasi rəhbərliyi həmin ərazidə ən hazırlıqlı və elit hərbi hissələrini şəhərin müxtəlif istiqamətləri üzrə yerləşdirmişdi. Qondarma qurumun rəhbərliyi Şuşada qərargah quraraq, keçmiş müdafiə naziri Seyran Ohanyanı da şəhərin müdafiəsinə cəlb etməyə məcbur olmuşdu. Məlumatlar vardı ki, düşmən Xankəndi və Daşaltı istiqamətindən müdafiəyə xüsusi diqqət yetirsə də, qüvvələrin əsas cəmləşmə istiqaməti şəhərin mərkəzi seçilmişdi. Şuşa şəhəri minlərlə erməni silahlısı, onlarla artileriya qurğusu və bir o qədər də zirehli vasitələrlə müdafiə olunurdu. Bəs, bu plan üzrə müzəffər Ordumuz Şuşanı işğaldan necə azad edəcəkdir?
Şuşa qalası 60-70 metr sıldırım qayalarda yerləşdiyi üçün şəhərin giriş və çıxışandakı yola nəzarət edildiyi üçün indi daha məqbul iki variant ağıla gəlirdi: şəhərə ya qayalarla dırmanaraq, ya da havada helikopter və təyyarədən paraşütlə atılaraq enmək...

Azərbaycanın qəhrəman Ordusu isə ən ağlasığmaz və ən çətin yolu seçdi!
Həmin döyüşlər haqda Fransanın “Le Monde” qəzetinin yazdığını bir daha xatırlayaq: “Şuşanı müdafiə edənlər(erməni qoşunu nəzərdə tutulur-red) pərən-pərən düşmüş vəziyyətdədir. Yaralı hərbçilər təcili yardım maşınlarında qan içində Stepanakertin xəstəxanasına daşınır. Qalan döyüşçülər yorğun halda yol boyu hərbi geyimlərini çıxarıb ataraq döyüşə qayıdıb-qayıtmayacaqlarını məlum olmadan dağdan(Şuşadan-red) enir. Bu döyüşlərin həlledici gününə bənzəyir. 6 noyabrdan etibarən döyüş Azərbaycan güvvələrinin xeyrinə dəyişməyə başlayıb. Bakı qoşunlarının Şuşaya yaxınlaşmasından təxminən bir həftə keçir. Əsas döyüş əməliyyatları bir müddət Daşaltı kəndi yaxınlığındakı meşələrdə davam edib. Bu döyüşlər çox ağır keçib. Üç gün ərzində xüsusi təyinatlılar Şuşanın ətrafındakı yollar boyunca şəhərin müdafiəsini öyrənmək məqsədi ilə kəşfiyyat əməliyyatları aparırdılar. Laçın dəhlizini Ermənistanla birləşdirən əsas yol bu hücumlar nəticəsində 4 noyabrda bağlanmışdı. “Azərbaycanlılar Şuşaya çatıblar. Şəhərdə döyüşlər gedir. Biz Kalaşnikov avtomatı ilə döyüşürük” deyə, xəstəxananın təcili yardım otağında ayağından yaralanan bir əsgər deyir”.
Beləliklə, Azərbaycan Ordusu sentyabrın 27-dən başlanan mükəmməl hərbi əməliyyatlarda ən başlıca hədəfinə-Şuşanın işğaldan azad edilməsinə doğru irəliləyirdi. Noyabrın 5-də başlayan Azərbaycanın artilleriya zərbələri yüngül silahlanan xüsusi təyinatlılarımızın şəhərə daxil olmasına şərait yaratdı. Düşmənin gözləmədiyi istiqamətdən, yəni sərt qayalıqlardan şəhərə daxil olan hərbçilərimiz qısa müddətdə bir neçə dəfə az qüvvə ilə düşmənin müqavimətini qıraraq noyabrın 7-də Şuşaya nəzarəti ələ keçirdilər.

“Keçilməz səddin” darmadağın edilməsi
Yaralı yoldaşlarını ciynində daşıyan əsgərlərimiz həm də yuxarıdan atəş açan düşmənlə savaşmaq məcburiyyətində olsalar da, bu döyüşdə əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Ermənistanın bu illər ərzində yaratdıqları “keçilməz səddi” Azərbaycan Ordusu mükəmməl hazırlanmış əməliyyatla darmadağın etdi, noyabrın 8-də Şuşa şəhərinin düşməndən tam azad edilməsi ilə nəticələndi.
Azərbaycan Ordusunun dünya döyüş tarixində görünməmiş rəşadəti və qəhrəmanlığı sayəsində düşmən Şuşa döyüşlərində ağır itki verərək şəhəri tərk etəyə məcbur oldu. Düşmənin Şuşanı qaytarmaq cəhdləri isə erməni tərəfinin itkilərinin artmasına səbəb oldu. Düşmənin Şuşada itkiləri ilə bağlı dəqiq və rəsmi məlumat olmasa da, mətbuata sızan görüntülərdən ermənilərin yüzlərlə şəxsi heyət və onlarla zirehli texnika itirdiyi şübhəsizdir.
Davam edən əks-hücumları fonunda Azərbaycan Ordusunun digər hissələri Şuşada möhkəmləndi. Bunun ardınca Ordumuz bir gündə 71 kənd, 1 qəsəbə və 8 strateji yüksəkliyi azad etdi. Ciddi itkilərə məruz qalan Ermənistan ordusu digər ərazilərdə parəkəndə halda döyüşən hissə və bölmələrini mühasirə təhlükəsindən qorumaq üçün Azərbaycanın şərtlərini qəbul etməyə məcbur oldu. Gözlənildiyi kimi, qərhəram Ordumuzun qanı Şuşanı işğaldan azad etməsi müharibənin taleyini həll etdi. Bu isə Ermənistan rəhbərliyini kapitulayasiya aktını imzalamaqla digər işğal altında qalan əraziləri boşaltmağa vadar etdi.

Hərb tarixində öyrəniləcək zəfər
Azərbaycan sentyabrın 27-dən başlanan və 44 gün davam edən müharibədə öz tarixinin ən şanlı qələbəsini əldə etdi. Şuşa yenidən Azərbaycana qovuşdu. Ordumuzun Şuşanın azad edilməsi üçün keçirdiyi əməliyyat haqlı olaraq 44 günlük müharibənin zirvəsi hesab edilir.
Şübhə yoxdur ki, zaman gələcək bu döyüş haqqında hərbi tədris müəssisələrində mühazirələr oxunacaq, elmi mərkəzlərdə təhlillər aparılacaq. Bu əməliyyat bir çox məşhur filmlər üçün dəyərli ssenariyə çevriləcək. Şuşa əməliyyatının detalları barədə gələcəkdə ciddi əsərlər və kitablar yazılacaq. Ordumuzun Şuşa istiqamətində tətbiq etdiyi döyüş taktikası dərsliklərdə yer alacaq.
