İşğalçı Ermənistan qaynayır. Nikol Paşinyanın istefası tələbi ilə küçələrə çıxan ermənilər bir-birilərini qırırlar. Azərbaycan qarşısında məğlubiyyət bu aqressiv dövləti içdən də çökdürməyə başlayıb. Baş nazir Nikol Paşinyan iqtidardan getməmək üçün dirəniş göstərir və dikatura rejimini daha da sərtləşdirmək yolunu seçib.
Müharibədə məğlub olan Ermənistanda demokratik azadlıqların tapdanması adi hal alıb, fərqli düşünənlərə qarşı sözün əsl mənasında müharibə elan olunub. Baş nazir Paşinyanın göstərişinə əsasən, kütləvi həbslər həyata keçirilir, siyasi partiya rəhbərləri, siyasi fəallar saxlanılır, həbs edilir, deputatlara qarşı hücumlar təşkil olunur. Hətta Qarabağda döyüşən və hələ də öldü-qaldısından xəbər olmayan əsgərlərin valideyinləri də küçələrdə polis zorakılığına və həbslərə məruz qoyulur. İki il öncə iş başına gələn rejim artıq öz əsl mahiyyətini daha açıq şəkildə ortaya qoyub. Ölkədə əsl diktatura rejimi hökm sürür. Ermənistanda media sərt senzura şəraitində fəaliyyət göstərir, QHT-lərin fəaliyyəti isə tam məhdudlaşdırılıb.
![]()
Yayılan xəbərlərə görə, artıq etirazçıların qətlə yetirilməsi halları da müşahidə olunur. Noyabrın 13-də İrəvanda Razdan körpüsünün altında Ermənistan Milli Məclisinin binasına daxil olan şəxslərdən birinin meyiti tapılıb.
Siyasi partiyalara qarşı da repressiya dalğası start götürüb. Dövlət Təhlükəsizlik Xidməti parlamentin vitse-spikeri Eduard Şarmazanovu, “Vətən” Partiyasının sədri, DTX-nın keçmiş rəhbəri Artur Vanetsyanı, “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Sarukyanı, parlamentin sabiq vitse-spikeri Ara Saakyanı həbs edib. Daha əvvəl Daşnaktsutyun Partiyasının rəhbərliyində olan İşxan Saqatelyan saxlanılıb.
Eyni zamanda parlamentdə “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Naira Zoqrabyan ona güclü təzyiqlər olduğunu və əgər başına bir iş gələrsə, bunda N.Paşinyanın günahı olacağını bəyan edib.
Milli Məclisdəki “Mənim addımım” fraksiyasının üzvü deputat Vardan Atabekyan Nikol Paşinyanın imzaladığı kapitulyasiya bəyanatından narazılığını ifadə etdiyinə görə onun evinə hücum təşkil edilib;
Beləliklə, təqib və təzyiqin adi hal aldığı Ermənistanda təkcə siyasi fəallar deyil, onların yaxınları da basqılara məruz qalır. Dəqiq məlumatlarda deyilir ki, hüquq mühafizə orqanlarının əməkdaşları “Ayrenik” partiyasının sədri Artur Vanesyanın valideynlərinin mənzilinə daxil olaraq orada axtarış həyata keçiriblər.
Hökumət o dərəcədə aqressivləşib ki, əhaliyə etiraz aksiyalarına çıxmaq qadağan olunur, fəallar, onların ailə üzvləri qorxudulur.
Faktiki olaraq, xarici ölkələrin əlində oyuncağa çevrilmiş Paşinyan rejimi erməni xalqına müharibə elan edib.
Maraqlıdır ki, insan haqları haqqında gen-bol danışan Qərb dairələri Ermənistanda baş verən bu biabırçılığa, diktaturaya göz yumurlar. Belə görünür ki, Ermənistan rəhbərliyi həmin dairələrin gözündə xüsusi imtiyaza malikdir, bu ölkədə hakimiyyət tərəfindən insanları öldürmək, həbs etmək, işgəncə vermək olar.
Məhz həmin dairələrin bu siyasəti Ermənistanı daha da ağır fəlakətə sürükləyir.
