|
Kamran Əsədov: “Azad edilmiş bölgələrdə öncə modul tipli məktəblər yaradılmalıdır”

90-cı illərdə Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edildikdən sonra həmin ərazilərdə yerləşən orta ixtisas, peşə məktəbləri, eləcə də məktəbdənkənar müəssisələr paytaxt Bakıya və digər bölgələrə köçürüldü. Məlumata görə, hazırda məcburi köçkün məktəblərinin sayı 500-dən çoxdur və həmin məktəblərdə 22000-dən artıq şagird oxuyur, 3000-dən artıq müəllim dərs deyir.

Bəs bu məktəblər nə vaxt geri köçürüləcək? Təbii ki, burada dərs deyən müəllimlərin əksəriyyəti məcburi köçkün olmayan vətəndaşlardır. Gələcəkdə onların iş yeri məsələsi necə tənzimlənəcək? Təhsil Nazirliyinin bununla bağlı hər hansı planı, təklifləri varmı?

Məsələ ilə bağlı Təhsil Nazirliyindən “Yeni Müsavat”a bildirildi ki, bu məsələ ilə müvafiq sərəncamlar imzalanmalıdır, daha sonra aidiyyəti üzrə işlər aparılacaq.

Təhsil eksperti Kamran Əsədov isə qeyd etdi ki, məcburi köçkün məktəbləri, orada təhsil alan və işləyənlər üçün təcili təkliflər planı hazırlanmalıdır: “Çox təəssüf ki, istər pandemiya, istərsə də müharibə şəraiti dövründə bəzi dövlət qurumları, xüsusilə də Təhsil Nazirliyinin məsələlərə reaksiya və münasibətini, plan və təkliflərini gördük. Dünya təcrübəsinə əsaslanaraq, işğaldan azad olunan və azad olunacaq ərazilərdə keçmişdə mövcud olmuş təhsil müəssislərinin geri qaytarılması və qayıtması, eyni zamandan təlim-tərbiyə prosesinin təşkili bununla bağlı proqramlar, planlar hazırlanmaldır. Burada birmənalı şəkildə dünya təcrübəsinə əsaslanmaq olar. Məsələn, istər İkinci Dünya müharibəsi, istərsə də 90-cı illərdə Yuqoslaviyada baş verən hadisələr zamanı bu cür təcrübələr yaşanmışdı. Belə ki, hər hansı əraziyə öz həqiqi sahibləri geri qayıdanda orada təhsil müəssisələri xüsusi qayda ilə bərpa edilirdi.

Hazırda Bakıdakı Şuşa 1 saylı orta məktəb paytaxtda ən böyük məktəblərdən biridir. Həmin məktəbdə xeyli sayda təhsil alan və işləyənlər var. Bununla bağlı planda birinci mərhələdə Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət İdarə müəssisənin geri qaytarılmanın planı hazırlanmalıdır. Baxmaq lazımdır ki, hansı ərazilərə nə qədər sayda vətəndaş köçürüləcək. Bunun üçün ilk olaraq modul tipli məktəblər yaradılmalıdır. Orada mütləq modul tipli məktəblər və tələbələr üçün universitetlər açılmalıdır ki, gedən şəxslər olacaq, onlar orada təhsillərinin davam etsinlər. Orada işləyən müəllimlərə gəldikdə isə, qanunvericiliyə əsasən hər kəs öz istəyinə uyğun olaraq işləyir. Lakin burada istisna hal  var. Əgər ölkə ərazisində hərbi vəziyyət davam edərsə, çalışan şəxslər birmənalı şəkildə həmin ərazilərə gedib işləməlidirlər, necə ki, bu hüquq-mühafizə orqanlarına aiddir. Hər bir şəxs ora işə qəbul edilərkən bilirdi ki, bu torpaqlar nə vaxtsa azad ediləcək. Beləliklə, müəllimlərin müqavilələrinə ya qarşılıqlı anlaşma ilə xitam verilməli, ya da həmin şəxslər gedib həmin ərazidə çalışmalıdırlar.

Dünyada məktəblərin nə vaxt açılacağı müzakirə olunur

Biz bilirik ki, bölgələrimizdə müəllim çatışmazlığı var, ixtisaslı kadrlar bir çox hallarda bölgələrə getmirlər. Ona görə də düşünürəm ki, burada müəyyən həvəsləndirici addımlar atılmalıdır. Yəni həmin ərazilərə işləməyə gedən müəllimlərin əmək haqları 2 və ya 3 dəfə artırıla bilər. Doğrudur, həvəsləndirmənin 2 (H1, H2) istiqaməti var. H1 (60 manat) rayon mərkəzindən 3 km-dən 20 km-ə qədər məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulub. H2 (100 manat) isə 20 km-dən artıq məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulub. Burada bir məsələ də var. İşğaldan azad edilmiş ərazilərdə işləmək üçün müəllimlər üçün ən azı cəbhəyanı ərazilərdə xidmət göstərən hərbiçilər kimi 2 dəfə artıq əmək haqqı təklif etmək olar. Amma bütün hallarda Təhsil Nazirliyi indidən ictimaiyyətə açıq olan, müzakirə ediləcək qayıdış planı təqdim etməlidir. Mən bununla bağlı planı müharibənin ilk günlərində üzərində işlədim və noyabrın əvvəlində tamamladım. Lazım gələrsə, dövlət və dövlətçilik üçün həmin planı təqdim edə bilərəm.

Onu da qeyd edim ki, hazırda ölkədə 500-dən çox məcburi köçkün məktəbi var. Təbii ki, orada çalışan müəllimlərin hamısı həmin ərazilərə getməyəcək. Ona görə də indidən vakansiyalar elan edilməlidir. Xatırladım ki, 92-93-cü illərdə ərazilər işğal olunduqdan sonra orada yerləşən məktəblərin bölgələrə köçürülməsi başladı və bu bir neçə ay davam etdi. Nəticədə həmin məktəblərdə təhsil alan şagirdlər təhsildən uzaqda qaldı. İndi həmin vəziyyətin yaranmaması üçün indidən plan hazırlanmalı və ictimaiyyətə təqdim olunmalıdır".