|
Parlament Azərbaycan xalqına və Prezidentə Qələbə müraciəti etdi

“Ermənistan elə bir zərbə aldı ki, onun özünə gəlməsi üçün illər lazım gələcək...”

Noyabrın 13-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Sahibə Qafarova bildirdi ki, iclasın gündəliyində bir məsələ var: Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti.

Gündəlik yekdilliklə qəbul olunduqdan sonra spiker Sahibə Qafarova dedi ki, bu günlərdə Azərbaycan xalqı 30 ildən sonra həsrətlə gözlədiyi qələbənin sevincini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan təslim olub. Spiker bildirdi ki, Ali Baş Komandanın möhkəm iradəsi və ordumuzun qüdrəti nəticəsində xalqımızın qurtuluş savaşı zəfərlə başa çatıb və ölkəmizin ərazi bütövlüyü təmin edilib: “Təəssüf ki, müharibə itkisiz olmur və biz də itkilər verdik. Xahiş edirəm şəhidlərimizin xatirəsini bir dəqiqlik sükutla yad edək. Allah bütün şəhidlərimizə rəhmət etsin”.

Şəhidlərin ayaq üstə anılmasından sonra çıxışına davam edən S.Qafarova bildirdi ki, Azərbaycan üçün mühüm əhəmiyyət kəs edən, Qarabağln incisi Şuşanın müzəffər ordumuz tərəfindən işğaldan azad oluması dillərdə dastan olacaq: “Ermənistan elə bir zərbə aldı ki, onun özünə gəlməsi üçün neçə illər lazım olacaq. Bu gün Ermənistanda xaos, hərc-mərclik hökm sürür. Ermənilər işğal olunmuş ərazilərimizi viran qoyub, mədəni-tarixi abidələrimizi məhv edib, milli sərvətlərimiz talan edib. Azərbaycan Prezidentinə təzyiqlər olsa da, Ali Baş Komandan bütün bu təzyiqlərə sinə gəldi, hər gün Azərbaycandan dayanmağı tələb edirdilər, lakin cənab Prezident bəyan etdi ki, biz öz torpaqlarımızı azad edirik”.

“Noyabrın 8-də Şuşanın azad edilməsi tarixi günə çevrilib. Artıq Şuşada üçrəngli bayrağımız dalğalanır”, S.Qafarova söylədi. Sədr bildirdi ki, bayrağımız digər torpaqlarımızda da dalğalanacaq: “Tezliklə üçrəngli bayrağımız Kəlbəcərdə, Ağdamda, Laçında dalğalanacaq. Əsgər və zabitlərimizin fədakarlığını heç zaman unutmayacağıq”. Sədr qələbə münasibətilə hər kəsi təbrik etdi: “Bildiyiniz kimi, keçən il cənab İlham Əliyev Valday şəhərindəki səsləndirdiyi ”Qarabağ Azərbaycandır!" ifadəsi Azərbaycanın qələbəsinə çevrildi. Artıq Qarabağ Azərbaycandır!"

S.Qafarova dedi ki, Kəlbəcər, Laçın və Ağdam rayonları qan tökülmədən, şəhidlər verilmədən Azərbaycana qaytarılacaq. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında yolun açılması da tarixi hadisədir: “Bu müharibədə Ermənistan elə zərbə aldı ki, onun özünə gəlməsi üçün bir neçə il lazım gələcək. Qarabağ Azərbaycandır! Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan xalqı!”

Deputatlar Sədrin çıxışını ayaq üstə alqışladılar.

Bu ilin 8 mayında - Şuşanın işğal günündə şuşalı gənc qız Əsra Məmmədli spiker Sahibə Qafarovanın dəvətilə növbəti dəfə parlament tribunasından çıxış etdi. Sədr Əsranı təqdim edəndən sonra tribunaya qalxan şuşalı qız “Mən Şuşadanam, artıq azad Şuşadan”, deyərək çıxışa başladı. Bildirdi ki, o, Şuşanın tezliklə azad olacağını gözləmirmiş: “Bir neçə ay bundan əvvəl burada çıxış edərkən vətənimə qovuşmağı təsəvvür belə edə bilməzdim. Lakin bu gün artıq işğala son qoyulub. Azərbaycan xalqı, Azərbaycan əsgəri qanı və canı bahasına öz torpaqlarına sahib çıxdı. Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla müzəffər Azərbaycan ordusu bizi doğma torpaqlarımıza qovuşdurdu. Bizim bayrağımız artıq Şuşada və digər işğaldan azad olunmuş rayonlarmızda dalğalanır. Mən hər birinizi Şuşada, Qarabağda görmək istəyirəm. Qarabağ bizi gözləyir, çünki Qarabağ Azərbaycandır!”.

Deputatlar Əsranın çıxışını alqışlarla qarşıladılar.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov dedi ki, sülhməramlıların bölgəyə gəlişi gözlənilən idi: “Çünki onlarsız sülhü bərpa etmək mümkün deyildi”. Onun sözlərinə görə, sosial şəbəkələrdə bəzi maraqlı qüvvələr sülhməramlıların bölgəyə gəlməsinə don geyindirməyə çalışırlar: “Azərbaycan Ordusu Azərbaycan xalqını tarixin yaddaşına qalib xalq kimi həkk edib. Qarabağ bizimdir!”

“30 il ərzində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi cəhətdən güclənməsi, beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəstəkləyən sənədlərin qəbul edilməsi bu gün qələbəmizi şərtləndirib”.

Bunu isə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov söylədi. Z.Əgərov bildirdi ki, noyabrın 10-da ölkəmizin tarixində yeni səhifə açılıb: “Azərbaycan son 200 ildə müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyümüzü bərpa edərək çıxdı. Azərbaycan bütün dünyaya sübut etdi ki, beynəlxalq hüququn prinsiplərinə əməl etməklə müharibə aparır. Ermənistana əvvəllər təklif edilən və qəbul edilməyən ən yüksək status anlayışı tarixə qovuşdu. Keçən əsrin əvvəllərində dövlət müstəqilliyimizi ilk tanıyan dövlət olan qardaş Türkiyə bizə bu haqlı savaşımızda dəstək oldu. ”Bir millət, iki dövlət" artıq sadəcə şüar deyil".

Deputat Məlahət İbrahimqızı göz yaşları içərisində təsirli bir çıxış etdi, təbriklərini çatdırdı.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin Müraciətini hazırlamaq üçün komissiya yaradıldı. Sədr dedi ki, komissiyanın sədri Əli Hüseynli, üzvləri  Nizami Cəfərov, Tural Gəncəliyev, Nigar Arpadarai və Erkin Qədirlidir. Bundan sonra komissiya heyəti müraciət mətnini hazırlamaq üçün iclas zalını tərk edib.

Deputat Fəzail Ağamalı bundan sonra görülməli olan işlərdən bəhs etdi: “Biz Qarabağ müharibəsində qalib gəldik. Amma dünya erməniliyi, erməni diasporu ilə müharibə davam edir. Bu müharibədə, bu mübarizədə möhtərəm prezidentimiz cənab İlham Əliyevin ətrafında daim birləşməliyik”.

Deputat Razi Nurullayev bildirdi ki, ordumuzun Qarabağda Ermənistanın işğalçılıq siyasətinə qarşı apardığı əks-hücum bizə Azərbaycanı yenidən tanıtdı: “Biz igid əsgər və zabitlərimizi, şanlı ordumuzu tanıdıq və qələbəyə görə onlara borcluyuq”. R.Nurullayev əlavə etdi ki, biz iki əsrdir, ancaq torpaq itirmişik: “Prezident İlham Əliyev ilk Prezident oldu ki, torpaq aldı. Alqış olsun bu birliyə, bu şücaətə!”

Deputat Vahid Əhmədov böyük qələbə münasibətilə Ali Baş Komandanı, Ordumuzu, Milli Məclis üzlərini, Azərbaycan xalqını təbrik etdi. “Azərbaycan 44 gün Vətən Müharibəsini apardı, 300-ə yaxın şəhər, qəsəbə, kəndi düşməndən təmizlədi. Artıq dünya Azərbaycan ordusu barədə yüksək fikirlər söyləyirlər”, millət vəkili qeyd etdi ki, imzalanan bəyanat faktiki olaraq Ermənistanın hərbi kapitulyasiyası idi: “Bəyanatda bir sıra məsələlər var ki, bizimçün çox əhəmiyyətlidir. Xüsusilə də muxtariyyət, status məsələsinin olmaması qeyd edilməlidir. Çox təəssüflər olsun ki, bəzi insanlar yenə də muxtariyyət məsələsini gündəmə gətirirlər. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu elə bil ki, Rusiya xarici işlər naziri Sergey Lavrovu əvəz edir. Belə insanlar artıq Azərbaycan siyasətində qala bilməzlər! Onlar özləri istefa verib getməlidirlər! Cənab prezidentin dediyi kimi, ”nə qədər mən prezidentdəm, heç bir statusdan söhbət gedə bilməz!"

V.Əhmədov 44 günlük Vətən Müharibəsi günlərində Azərbaycanın yanında olan Türkiyə dövlətinə və xalqına, prezident Rəcəb Tayyib Ərdoğan və onun komandasına, həmçinin Pakistan dövlətinə, baş nazirinə, xalqına təşəkkür etdi.

Deputat Azay Quliyev bildirdi ki, bəlkə bu torpaqlar danışıqlar yolu ilə də azad oluna bilərdi: “Amma bu torpaqlar Azərbaycanın qəhrəman ordusu qəhrəmanlığı, müzəffər Ali Baş Komandanının iradəsi ilə azad olundu. 7 rayon və Dağlıq Qarabağ öz sahibinə qaytarıldı. Azərbaycanın bayrağı bütün işğal altındakı ərazilərdə dalğalanır”.

Deputat Musa Qasımlı böyük qələbə münasibətilə Ali Baş Komandanı və Azərbaycan xalqını, həmçinin Milli Məclis üzvlərini təbrik etdi, ordumuzun qəhrəmanlığından danışdı. M.Qasımlı Azərbaycanın Rusiyadakı səfirinin son açıqlamasına da diqqət çəkdi və sərt şəkildə etirazını bildirdi: “Ağzının danışığını bilməyən səfir, məmur yerində oturdulmalıdır!” Deputat əlavə etdi ki, bu gün hər kəs Azərbaycan Prezidentinin siyasətinə sadiq qalmalıdır.

“Hörmətli Sahibə xanım, siz qalib dövlətin parlamentinin sədrisiniz. Burdakı millət vəkilləri qalib dövlətin parlamentinin üzvləridir və bu, çox şərəflidir”.

Bu fikirləri isə deputat Elman Nəsirov söylədi.  Deputat çıxışında təbriklərini çatdırmaqla yanaşı, təkliflərini də səsləndirdi: “Çox istərdim ki, Şuşa şəhərinin ən yüksək nöqtəsində bizim qalib əsgərimizə heykəl qoyulsun. Çox istərdim, arzu edərdim ki, biz parlamentin iclaslarını həm də Şuşa şəhərində keçirək və orada işğaldan azad edilmiş ərazilərimizlə əlaqədar qanunlar qəbul edək”.

Deputat Etibar Əliyev Prezident İlham Əliyevin çıxışlarının çap olunub yayılması ilə bağlı təklif səsləndirdi.

Spiker Sahibə Qafarova isə bu istiqamətdə işlərə başlanıldığını söylədi: “Prezident İlham Əliyevin müharibə müddətində etdiyi çıxışlar Milli Məclisin kitabxanasının təşəbbüsü ilə hazırlanacaq və çap olunacaq”.

Deputat Qüdrət Həsənquliyev çıxışında öncə təbriklərini çatdırdı: “1918-ci ildən sonra Azərbaycan xalqı ikinci tarixi qələbəyə imza atır. Birinci qələbədə biz türk qardaşlarımızın köməyi, Allah ruhunu şad eləsin, Nuru paşanın dəstəyi ilə Bakını işğaldan azad elədik. Yenə türk qardaşlarmızın mənəvi və siyasi dəstəyi ilə Qarabağı azad elədik”.  Q.Həsənquliyev bu fikirləri parlamentin plenar iclasında söylədi. Millət vəkili əlavə etdi ki, bu qələbənin əldə olunmasında önəmli rolu Azərbaycan ordusu oynadı: “Azərbaycan ordusu dünyaya göstərdi ki, biz, bəzilərinin düşündüyü kimi, geridə qalmış müsəlman ölkəsi deyilik. Azərbaycan müasir bir ordu qurub”.

Q.Həsənquliyev parlament tribunasından həm də qonşu ölkələrə minnətdarlığını bildirdi: “Döyüşlərin getdiyi qızğın vaxtlarda onlar bəyan elədilər ki, müharibə Azərbaycanın ərazisində gedir. Onlar Azərbaycanın ərazi bütövlüyünün vacibliyini söylədilər. Əlbəttə, bəzi insanların gözləntiləri daha çox idi. Amma hesab edirəm ki, bunlar da yetərlidir. Buna görə biz onlara minnətdar olmalıyıq və minnətdarlığımızı bu tribunadan ifadə eləməliyik. Azərbaycan xalqı, Ali Baş Komandanın liderliyi, uzaqgörənliyi, strateji düşüncəsi ilə bu müharibəyə uzun müddət idi ki, hazırlaşırdı. Bu müharibənin nəticəsi olaraq ermənilər məğlub olduqlarını etiraf etdilər. Azərbaycan böyük bir tarixi qələbəyə imza atdı.  Xalqımızı bir daha bu qələbə münasibəti ilə təbrik edirəm”.

Milli Məclis Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Müraciət qəbul edib. Parlament komissiyasının hazırladığı müraciəti deputat Nigar Arpadarai təqdim etdi.

“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq normaları və prinsipləri əsasında başa çatdırmaqda, tarixi düşmənə qarşı əsrlik mübarizədə məğlubiyyət sindromunu aradan qaldırmaqda öz inamı, hörməti, məhəbbəti və dəstəyi ilə əziz Xalqımız sizi böyük qələbə münasibətilə ürəkdən təbrik edirik. Biz inanırıq ki, uzun illər ərzində ölkəmizin müstəqilliyi və təhlükəsizliyi üçün böyük təhdid mənbəyi olmuş Dağlıq Qarabağ probleminin həlli ilə Azərbaycan daha yüksək sürətlə inkişaf edərək regional güc mərkəzlərinə və qüdrətli dünya dövlətlərinin birinə çevriləcək. Biz bu yolda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev başda olmaqla xalqımıza yeni-yeni uğurlar arzulayırıq. Eşq olsun, Ali Baş Komandan İlham Əliyevə! Eşq olsun, Müzəffər Ordusuna! Yaşasın, Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!” - müraciətdə deyilir.

Müraciət deputatların sürəkli alqışları və yekdilliklə səs verməsi ilə qəbul olundu.