Bu ilin 8 mayında – Şuşanın işğal günündə Milli Məclisdə çıxış edərək hər kəsi kövrəldən şuşalı gənc qız Əsra Məmmədli bu gün spiker Sahibə Qafarovanın dəvətilə növbəti dəfə parlament tribunasından çıxış etdi.
Sədr Əsranı təqdim edəndən sonra tribunaya qalxan şuşalı qız “Mən Şuşadanam, artıq azad Şuşadan”, deyərək çıxışa başladı. Ə.Məmmədli bildirdi ki, o, Şuşanın tezliklə azad olacağını gözləmirmiş: “Bir neçə ay bundan əvvəl burada çıxış edərkən vətənimə qovuşmağı təsəvvür belə edə bilməzdim. Lakin bu gün artıq işğala son qoyulub. Azərbaycan xalqı, Azərbaycan əsgəri qanı və canı bahasına öz torpaqlarına sahib çıxdı. Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla müzəffər Azərbaycan ordusu bizi doğma torpaqlarımıza qovuşdurdu. Bizim bayrağımız artıq Şuşada və digər işğaldan azad olunmuş rayonlarmızda dalğalanır. Mən hər birinizi Şuşada, Qarabağda görmək istəyirəm. Qarabağ bizi gözləyir, çünki Qarabağ Azərbaycandır!”.
Deputatlar Əsranın çıxışını alqışlarla qarşıladılar.
