Dövlət başçısı ilk dəfə dedi ki, Ermənistan dəymiş ziyana görə məhkəmələrə veriləcək, kompensasiya ödəyəcək
Ermənistan son sarsıdıcı məğlubiyyəti ilə canını qurtara bilməyəcək. Düşmən ölkə beynəlxalq məhkəmələrdə sürünəcək. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin noyabrın 11-də Vətən müharibəsində yaralanan hərbiçilərimizlə görüşündə dedikləri bunu deməyə əsas verir. Dövlət başçısı ilk dəfə dedi ki, Ermənistan dəymiş ziyana görə məhkəmələrə veriləcək, kompensasiya ödədiləcək.
Qeyd edək ki, bununla bağlı artıq işlər başlayıb. Belə ki, hələ müharibənin davam etdiyi günlərdə vəkillərin tutulduğu haqda tez-tez məlumatlara rast gəlirdik. 45 günlük savaşın demək olar ki, hər günündə baş verən erməni cinayətlərinin Azərbaycanın Baş Prokurorluğu tərəfindən rəsmləşdirilməsi, bu barədə xalqımızın və beynəlxalq aləmin məlumatlandırılması bunun olacağını göstərirdi.
Bu istiqamətdə bir sıra suallar yaranıb. Əsas suallardan biri budur ki, bu işlərə hansı beynəlxalq məhkəmələr baxacaq. Eyni zamanda hələ müharibəyə qədər bütün sahələr üzrə böhran keçirən və üstəlik müharibə zamanı milyardlarla zərər görən Ermənistanın bu təzminatı necə ödəcəyi, ödəyə bilməzsə, nələrlə üzləşəcəyi də suallar sırasındadır. Məsələnin iqtisadi tərəfi ilə yanaşı, siyasi tərəfi də burada önəm daşıyır. Bu cür proseslərin adətən illərlə çəkdiyi də məlumdur. Beynəlxalq praktikada buna az şahidlik olunmayıb.
Aydınlar Partiyasının sədri, sabiq deputat, hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”da məsələlərə bu cür aydınlıq gətirdi: “Bəli, hesab edirəm ki, ərazilərin işğal olunması, həmin işğal edilmiş ərazilərdə törədilən faktlar, qanunsuz məksunlaşmalar, təbii sərvətlərin qanunsuz çıxarılması və digər faktlar nəzərə alınmaqla bu prosedur həyata keçirilməlidir. Bunlar Ermənistanın vurduğu ziyanlardır. Hələ müharibənin gedişində vurulan ziyanları demirəm. Ərazilərimizə müharibə dövründə atılan raketlərin vurduğu zərər, mülki insanlarımızın həyatını itirmələri, yaralanmaları ortadadır. Bunlar da nəzərə alınmalıdır. Azərbaycan insan hüquqlarının pozulması və digər hallara görə beynəlxalq məhkəmələrə tam müraciət etmək hüququna malikdir. Respublika Prokurorluğu hər bir fakt haqqında cinayət işi qaldırıb, araşdırmalar aparılır. İndi beynəlxalq məhkəmələrə müraciət etmək proseduru sadəcə nazirlik tərəfindən həll olunacaq. Bu, mütləq həyata keçirilməlidir. Doğrudur, beynəlxalq məhkəmələrdə süründürməçilik halları çox olur. Bəzən illərlə işlərə baxılır. İstənilən halda cinayətlərinə görə Ermənistan cavab verməlidir. Düşmənin Azərbaycan qarşısında törətdiyi vəhşiliklərə, müharibə cinayətlərinə və digər hərbi cinayətlərinə görə cavab verməsi yönündə bütün əlimizdə olan imkanlar həyata keçirilməlidir”.
Hüquqşünas Azərbaycanın edəcəyi müraciətlərə hansı beynəlxalq məhkəmələrin baxacağı yönündə sualımıza belə cavab verdi: “Cinayət xarakterli əməllərə Beynəlxalq Haaqa Məhkəməsi deyilən məhkəmə baxır. Düzdür, üzv olmadığı üçün Azərbaycan birbaşa ora müraciət edə bilmir. Amma Birləşmiş Millətlər Təşkilatı vasitəsilə müraciət etmək imkanlarına malikdir. Çünki Azərbaycan bu qurumun üzvüdür. Mülki məsələlər, dağıntılar, eləcə də bu tipli digər məsələlərlə bağlı Avropa Məhkəməsinə müraciət edə bilərik”.
Partiya sədri müraciət əsasında Azərbaycanın xeyrinə qərar çıxarılandan sonra Ermənistan təyin olunacaq təzminatı ödəyə bilməyəcəyi, yaxud bundan boyun qaçıracağı təqdirdə təcavüzkar ölkəni nələrin gözlədiyinə də toxundu: “Beynəlxalq məhkəmələrin qərarları məcburi xarakter daşıyır. Təbii ki, ödənilməsə, onu hərbi yollarla məcbur etmək mümkün olmayacaq. Amma diplomatik yollarla buna nail olmaq mümkündür”.
Q.Əlibəyli beynəlxalq məhkəmələrdə Azərbaycanın hüquqlarını kimlərin qoruya biləcəyinə də toxundu: “Ölkə daxilindən vəkillərin iştirak etməsi mümkündür. Adətən bu cür müraciətlər araşdırılır. Azərbaycan tərəfini burada təmsil edən vəkillər olur. Digər tərəfdən, ölkəmizi Avropa Məhkəməsində təmsil edən rəsmi vəzifəli şəxslər burada iştirak edir. Xarici vəkilləri də proseslərə cəlb etmək olar. Ölkə daxilindəki vəkillərdən də istifadə etmək pis olmazdı”.
Sabiq deputat bundan əvvəlki erməni cinayətlərini, eləcə də indi baş verənləri birləşdirib beynəlxalq məhkəmələrə müraciət olunmasının tərəfdarıdır: “Hesab edirəm ki, bunların hamısı ümumiləşdirilməlidir. Cinayət xarakterli əməllər sayılmalıdır. 80-cı illərin sonları və 90-cı illərin əvvəllərindən başlayan cinayətlər rəsmləşdiriləşdirilib, bir müraciət etmək mümkündür”.
