|
“Sülhə məcburetmə əməliyyatı bu cür də nəticələnməliydi” - Deputat

“Bəyanat Azərbaycanın iradəsi ilə yazıldı, Ermənistan isə ona imza atmağa məcbur edildi”

“Noybarın 10-da Qarabağ münaqişəsi ilə bağlı imzalanan  bəyanatın müddəalarına diqqət etdikdə Azərbaycanın qələbəsinin miqyasının necə böyük olduğunu görürük.

İlk növbədə diqqəti cəlb edən məqam bu bəyanata imza atmaqla Nikol Paşinyanın faktiki olaraq Ermənistanın məğlubiyyətini rəsmən qəbul etməsidir".

Bu barədə hakim Yeni Azərbaycan Partiyasının təşkilat şöbəsinin müdiri, deputat Aydın Hüseynov “Yeni Müsavat”a şərhində bildirib. Deputat qeyd edib ki, Ermənistan bu bəyanatı imzalamaqla 27 ildir işğalda saxladığı Kəlbəcər, Ağdam və Laçın rayonlarından hərbi qüvvələrini və qanunsuz məskunlaşdırdığı erməniləri çıxarmaq məcburiyyətində qalır: “Siz təsəvvür edirsinizmi bu üç böyük rayonumuzun döyüşlər olmadan, əsgər itkiləri vermədən azad edilməsinin necə böyük əhəmiyyət daşıdığını? İki ay öncə Kəlbəcərin və Laçının bir qarışını belə Azərbaycana qaytarmaq fikrində, istəyində olmayan, bunu hər addımda açıq bəyan edən Ermənistan indi bu rayonların bütövlükdə Azərbaycana geri qaytarılmasına imza atır və Kəlbəcərin boşaldılmasına başlanıb. Azərbaycan Ordusunun 44 gün apardığı savaşın, Azərbaycan Ali Baş Komandanının 44 gün apardığı mübarizənin nəticəsində bütün bunlar baş verir”.

A.Hüseynovun sözlərinə görə, bu bəyanatın Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan məqamlarından biri qardaş Türkiyənin hərbi qüvvələrinin Qarabağda müşahidəçi qismində təmsilçiliyinə yol açmasıdır: “Azərbaycan cəmiyyətində uzun müddət idi belə çağırışlar var idi ki, Türkiyə hərbi qüvvələri Azərbaycanda hansısa formada təmsil olunsunlar. Cəmiyyətin bu istəyi yerinə yetmiş sayıla bilər.

Bu bəyanatda ən mühüm və Azərbaycanın suverenliyini təsdiqləyən daha bir məqam Dağlıq Qarabağda 30 ilə yaxın mövcud olan qanunsuz rejimə heç bir status verilməməsidir. Bəyanatda statusdan söhbət belə getmir. Ermənistan çox istərdi ki, orada statusla bağlı bənd olsun. Olmadı, ola da bilməzdi. Çünki o bəyanat Ermənistanın iradəsi ilə, arzusu ilə hazırlanmamışdı. Ermənistan Nikol Paşinyanın etiraf etdiyi kimi, məğlubiyyətin qaçılmaz olduğunu dərk edib o sənədə sadəcə imza atdı. Bəyanat Azərbaycanın istəyi və iradəsi ilə yazıldı. Ermənistan isə ona imza atmağa məcbur edildi. Sülhə məcburetmə əməliyyatı bu cür də yekunlaşmalıydı. 

Laçın dəhlizində təhlükəsiziliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Laçının tam azad edilməsindən sonra Dövlət Sərhəd Xidməti müstəqilliyimiz dövründə ilk dəfədir ümumi sərhədlərimizin hamısında-3360 kim təşkil edən su və quru sərhəddində Vətənin keşiyini çəkə biləcək.

Bəyanatın 3 və 4-cü bəndlərindən isə aydın şəkildə görürük ki, Dağlıq Qarabağdan erməni silahlı qüvvələri tamamilə çıxarılır. Bu o deməkdir ki, Ermənistan hər hansı ad altında Azərbaycan ərazisində bir nəfər də əsgərinin qalmayacağına dair öhdəlik götürüb".

Deputat qeyd etdi ki, 10 noyabr anlaşmasında Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək yolun Ermənistan ərazisindən açılmasını nəzərdə tutan maddənin isə xüsusi əhəmiyyəti var. Bu, Naxçıvanın müəyyən mənada blokada vəziyyəti sayılan durumdan xilas olmasına gətirəcək. Həmçinin Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında nəqliyyat əlaqələrində yeni mərhələ demək olacaq".