|
Balaxanıda icra nümayəndəsi həbs edilə bilər

Balaxanıda işdən qovulan icra nümayəndəsi azadlığından da ola bilər.

Tia.az-a daxil olan məlumata görə, paytaxtın Balaxanı qəsəbəsinin icra nümayəndəsi Fərhad Qurbanov vəzifəsindən qovulub və Korrupiyaya Qarşı Mübarizə İdarəsi ondan şikayətləri araşdırır.
Ona cinayət işi açılacağı da istisna deyil. Sabiq icra nümayəndəsi vətəndaşa aid torpaq sahəsini başqasına satmaqda ittiham olunur. Qurbanovun yerinə müavini olmuş Bəybala Əliyev gətirilib. Onun kənd camaatı arasında nüfuzlu biri olduğu bildirilir.
Sabunçu rayon icra başçısı Adil Vəliyev icra nümayəndəliyini B.Əliyevə tapşırıb. Əvvəlki icra nümayəndəsindən Korrupsiyaya qarşı Mübarizə İdarəsinə olunan şikayət əsasında F.Qurbanov işindən uzaqlaşdırılıb.
Qeyd edək ki, bir neçə ay əvvəl Sabunçunun icra başçısı Adil Vəliyev Balaxanı sakinləri ilə görüş zamanı qəsəbənin icra nümayəndəsi Fərhad Qurbanovu vəzifəsindən bir ay müddətinə uzaqlaşdırmışdı.
Buna səbəb başçı ilə görüşdə Fərhad Qurbanovun rüşvət alması ilə bağlı sakinlərin şikayət etməsi olmuşdu. Lakin fakt təsdiqini tapmadığından icra nümayəndəsi yenidən vəzifəsinə bərpa edilmişdi.