Nəhayət ki, tarixi ədalət bərpa olundu. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Ermənistan dəmir yumruq hesabına sülh sazişinə imza atdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, Paşinyan bu sənədi hansısa bağlı bir yerdə, qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzaladı, özü də dəmir yumruğun hesabına. Məhz bu tarixi sənədə əsasən, Ermənistan hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını məhz dövlət başçımızın şərtlərinə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq qrafik əsasında qaytaracaq. Qısa bir müddətdə - 20 gün ərzində qalan ərazilərimiz də tarixi sahiblərinə qaytarılacaq. Azərbaycan uzun illərdən sonra öz ərazi bütövlüyünü bərpa etdi.
Azərbaycan Prezidentinin siyasi iradəsi və prinsipiallığı, xalq-iqtidar birliyi, ölkəmizin beynəlxalq nüfuzunun artması, illərdir möhkəmlənən ordu quruculuğu bizim tarixi qələbəmizi şərtləndirdi. Hətta fərqli siyasi baxışlara malik olan insanların da milli amal uğrunda vahid mövqedən çıxış etməsi xalq olaraq bizim üstünlüyümüzdən xəbər verir. Bu, bizim milli birliyimizdir.
Bu gün Azərbaycan xalqı üçün ən xoşbəxt gündür. Uzun illərdir, vətən həsrəti ilə yaşayan soydaşlarımız öz doğma yurduna qayıdacaq. Biz illərdir, öz gücümüz hesabına həm Ermənistanın işğal siyasəti ilə, həm də beynəlxalq miqyasda ikili standartlar siyasəti ilə mübarizə aparmışıq. Lakin heç bir güc, heç bir təzyiq bizi haqq işimizdən yayındıra bilmədi. Qələbəyə gedən yolumuz düzgün siyasətdən, qətiyyətdən və möhkəm siyasi iradədən keçdi.
Yeni imzalanan sənəddə də Azərbaycanın maraqları təmin olunur. Xüsusilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin bu sənəddə təsbit edilməsi, bütün kommunikasiyaların, yolların açılması, yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılmasının nəzərdə tutulması olduqca vacibdir. Dövlət başçımızın bəyanatından aydın oldu ki, məhz Ali baş komandan İlham Əliyevin təkidi ilə bu bənd həmin sənədə salınıb. Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirilməsi bizim üçün tarixi əhəmiyyət kəsb edir. Vaxtilə - 1990-cı illərin əvvəllərində məhz ulu öndər Heydər Əliyevin cəsarəti və fəaliyyəti nəticəsində işğal altına düşməkdən xilas olan Naxçıvan üçün bundan sonra artıq heç bir təhlükə qalmır. Biz bütün istiqamətlər üzrə dövlətçilik maraqlarımızın təmin edilməsinə nail olduq. Beləliklə, Azərbaycan Prezidenti növbəti dəfə nəyi necə etmək lazım olduğunun nümunəsini göstərdi. Dünya “Dağlıq Qarabağ Azərbaycandır” milli şüarımızın real nəticələrini görməkdədir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevə bu xoşbəxt günləri bizə yaşatdığı üçün bütün xalqımız adından, dünya azərbaycanlıları adından dərin minnətdarlığımı bildirirəm. Qələbəmiz də müstəqilliyimiz kimi əbədi və dönməz olacaq.
