Bakıda eşidilən güclü partlayış səsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Musavat.com xəbər verir ki, Bakının bir çox rayonlarından eşidilən güclü partlayış Abşeron rayonun Xırdalan qəsəbəsi ərazisində baş verib.
İlkin məlumata görə, əraziyə Ermənistan Silahlı Qüvvələri tərəfindən açılan raket zərbəsi havada zərərsizləşdirilib.
İki ardıcıl partlayış səsinin eşidilməsi ermənilər tərəfindən iki raket zərbəsinin endirilməsi ehtimalını gücləndirir.
Hazırda ərazidə ANAMA əməkdaşları tərəfindən araşdırma aparılır.
Ərazi polis əməkdaşları tərəfindən nəzarətdədir. Partlayışın baş verdiyi əraziyə giriş-çıxış məhdudlaşdırılıb.
Əldə etdiyimiz məlumata görə, raket zərbələrindən biri su anbarının ərazisində zərərsizləşdirilib.
Qeyd edək ki partlatış səsləri saat 02:00 radələrində eşidildi.
Partlayışdan sonra hadisənin baş verdiyi əraziyə xeyli sayda insan toplaşıb. Həmin zaman (saat 03:00 radələrində) da Azərbaycan respublikasının prezidenti İlham Əliyevin Azərbaycan xalqına müraciəti yayımlanırdı. Əraziyə toplaşan insanlar prezidentin çıxışını dinlədikdən sonra "Qələbə", "Qarabağ", "Qarabağ Azərbaycandır" şüarları səsləndirərək ərazini tərək ediblər.
Partlayışın baş verdiyi ərazidə müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır.

