|
ATƏŞ XƏTTİ: Tərtərin 40 yaşayış məntəqəsinə 16 min 133 mərmi və 21 raket atlıb

Ermənistan silahlı qüvvələri Tərtər istiqamətində atəşi davam etdirir. Ağdam və Ağdərə istiqamətindəki olan-qalan mövqelərindən Tərtər şəhəri, Şıxarx qəsəbəsi, Hüsənli, Qaynaq, Qazyan, Yuxarı Qapanlı, Qapanlı, Yuxarı Qaradağlı, Qaraağacı, Əskipara, Səhləbad, Həsənqaya, Seydimli, Borsunlu, Azad Qaraqoyunlu, İlxıçılar, Dəmirçilər, Aşağı Qapanlı, Evoğlu, İsmayılbəyli, Cəmilli, Bala Kəngərli, Düyərli, Yuxarı Sarıcalı, Ağkənd, Yenikənd, Bayandurlu, Soyulan, İrəvanlı, Kəngərli, Hacıqərvənd, Xoruzlu, Buruc, Bayandur, Qaradağlı, Köçərli, Ələsgərli, Kəbirli, Təzəkənd və Kovdadıq kəndlərinə hər gün mərmi və raket atırlar.

Vətən müharibəsi başlayan gündən – sentyabrın 27-dən noyabrın 8-nə qədər rayonun qeyd olunan yaşayış məntəqələrinə təxminən 16 min 133 mərmi və 21 raket düşüb. Rayona atılan, lakin partlamayan 10-a yaxın raket aşkar olunaraq zərərsizləşdirilib. Hazırda partlamayan mərmi və raketlərin axtarışları davam edir.

Düşmənin qeyd olunan istiqamətdəki mövqelərindən noyabrın 9-da Tərtərə 86 mərmi atılıb. Nəticədə gün ərzində 4 fərdi yaşayış evi, 1 yardımçı tikili tamamilə dağılıb, 32 fərdi yaşayış evinə, 1 istehsal obyektinə, 1 ticarət obyektinə və 1 ictimai-iaşə obyektinə ziyan dəyib.  

Rayon ərazisinə ən çox mərmi oktyabrın 2-də düşüb. Həmin gün Ermənistan silahlı qüvvələri rayona 2 min mərmi atıb. Düşmənin raket və mərmilərindən 70-dən artıq rayon sakini xəsarət alıb, 20 nəfər həlak olub.

Bu günə qədər Tərtərə yağdırılan mərmilər və raketlərlə 1434 fərdi yaşavıs evi, 1 çoxmənzilli yaşayış binası, 33 yardımçı tikili, 2 sosial obyekt, 3 istehsal obyekti, 11 ticarət obyekti, 2 ictimai-iaşə obyekti, 2 inzibati bina, 2 digər təyinatlı obyekt tamamilə dağıdılıb.  

1042 fərdi yaşayış evi, 66 çoxmənzilli yasayış binası, 67 yardımçı tikili, 25 sosial obyekt, 11 istehsal obyekti, 31 ticarət obyekti, 16 ictimai-iaşə obyekti, 17 inzibati bina, 10 qəbristanlıq, 1 abidə, 1 istilik təchizatı obyekti, 3 su təchizatı obyekti, 5 xidmət sahəsi və digər təyinatlı obyektə ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin döyüş meydanında darmadağın edilməsi danılmaz faktdır. Canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olublar. Acınacaqlı məğlubiyyətlərinin əvəzini münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki əhalini, infrastruktur obyektlərini hədəf seçməklə insanlıq əleyhinə cinayətlər törətmələi göz önündədir.

Prezident İlham Əliyevin sərəncamına əsasən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə komissiya yaradılıb. Komissiya 2 ay ərzində düşmənin əməllərini qiymətləndirməlidir. Bundan sonra, Ermənistan dövlətinə qarşı məhkəmə iddiaları qaldırılacaq, vurduqları ziyan tələb ediləcək.