|
Orfoqrafiya normalarına dəyişiklərə ekspertdən reaksiya

Qulu Məhərrəmli: “Nazirlər Kabinetinin sonuncu düzəlişlərini doğru və haqlı hesab edirəm”

Azərbaycan hökumətinin müvafiq qərarı ilə "Azərbaycan dilinin Orfoqrafiya Normaları"nda dəyişiklik olub. Nazirlər Kabineti “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda dəyişikliklər edib. Dəyişikliklərdən biri mənbə dildə tərkibində qq, ll, mm, pp, tt samitləri olan Avropa mənşəli aşağıdakı alınma sözlərlə bağlıdır. Qeyd olunur ki, apellyasiya, attestasiya və akkreditasiya sözləri istisna olmaqla, digərləri  bir samitlə yazılır: aqlütinativ, paralel, teleqram, aparat, apelyasiya, vat və s kimi.  Söz sonunda qoşa s samitli aşağıdakı alınma sözlər bir s ilə yazılır: ekspres, konqres, kros, bras, stres və s.

Həmçinin, dövlət rəmzlərinin, həmçinin tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır: Azərbaycan Respublikasının Dövlət Himni, Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü. 

Qərarda qeyd olunur ki, orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran və s. adları dırnaqda və birinci sözü böyük hərflə yazılır: “Vətənə xidmətə görə” ordeni, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, “Ata və oğul” povesti, “Yeddi gözəl” baleti, “Uzaq sahillərdə” filmi, “Azərbaycan” qəzeti, “Cücələrim” kafesi, “Bahar” mağazası, “Badamlı” mineral suyu və s.

Akronimlərlə bağlı maddədə isə deyilir ki, tam ixtisarlar və qısaltmalar aid olduqları sözlərə uyğun olaraq böyük hərflə yazılır: Azərbaycan Respublikası - AR, Birləşmiş Millətlər Təşkilatı - BMT, Milli Məclis – MM kimi. İxtisarlara (akronimlərə) əlavə edilən şəkilçilər son səsin tələffüzünə uyğun olaraq yazılır: AMEA-dan, MDB-nin, UNESCO-nun, ISESCO-da, BDU-ya. Yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və ya kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akademik – akad., doktor – dok., dosent - dos., professor – prof., Azərbaycan Dövlət Nəşriyyatı - Azərnəşr və s.

Nazirlər Kabinetinin sözügedən dəyişikliklərini “Yeni Müsavat”a açıqlamasında dəyərləndirən professor Qulu Məhərrəmli bildirdi ki, burada çox önəmli məqamlar var: “Məsələn, vəzifə və onu icra edən şəxsdən söhbət gedirsə,  əvvəl burada bütün sözləri böyük hərflə yazırdıq. Məsələn, Azərbaycan Respublikasının Təhsil Naziri. Ancaq edilən düzəlişə görə vəzifə kiçiklə yazılmalıdır. Əvvəlki orfoqrafiya qaydalarında da belə idi. Sonuncu dəyişiklik isə çox tələsik, başdansovdu aparıldı, elmi cəhətdən əsaslandırılmayan bir çox müddəalar qoyulmuşdu. Yaxşı ki, onların çoxu qəbul olunmadı. Qəbul olunanların içində isə çox ciddi mübahisə doğuran məqamlar yoxdur. Nazirlər Kabinetinin sonuncu düzəlişlərini isə doğru və haqlı hesab edirəm. Baş nazir böyük hərflə yazılırdısa, o zaman “Ermənistanın Baş Naziri” kimi olmalı idi. Halbuki bu yanlışdır və dünyanın heç bir dilində belə hal yoxdur.  Ümumiyyətlə, dil və orfoqrafiya məsələsində çox dərin düşünmək və hər şeyi elmi cəhətdən əsaslandırmaq lazımdır. 

Prezident o şöbəni darmadağın etdi və doğru etdi!” - Qulu Məhərrəmli

Professorun sözlərinə görə, orfoqrafiya ilə bağlı lüğətdə dəyişikliklər edərkən dildən gələn ənənəni əsas götürmək lazımdır: “Elə sözlər var ki, onların sonunda iki “s” olmasına ehtiyac yoxdur. Məsələn, stres, ekspres sözü. Ancaq əvvəlində iki  “s”  “ssuda”, “ssenari” olan sözlər var ki, bunu dəyişmək olmaz, mənası dəyişər. Belə bir təklif var idi ki, bu sözlər bir s ilə yazılsın, ancaq ssuda sözünü suda yazsaq həmin mənanı ala bilmərik. Uzun illərdir bu sözlərin belə yazılması dildə ənənəyə çevrilib və sabit qaydada yazılır. Bunu dəyişdirmək nəyə lazımdır? Orfoqrafiya işi ilə məşğul olan adamların dil qavrayışı məsələsində ən ciddi problem odur ki, onların dil duyumu və ənənəni qavraması zəifdir. O sözlər ki, dildə ənənəvi olaraq uzun müddətdir sabit qaydada yazılır, sona qədər də o cür yazılmalıdır. Ancaq dilə yeni gələn sözlər varsa, onun yazılışı ilə bağlı çoxlu qayda varsa, vahid qayda tətbiq edib onların hamısını bir qəlibə salmaq olar. Ancaq biz uzun illərdir ssuda, ssenari yazırıqsa, onu dəyişməyə ehtiyac yoxdur. Dil heç bir halda eksperiment obyekti olmamalıdır”. 

Q.Məhərrəmli onu da vurğuladı ki, bəzi dəyişikliklər yenilik deyil: “Dilin öz qanunauyğunluğu var. Dilə gələn sözləri özünə uyğunlaşdırır, öz içində əridir. Dilə bir canlı orqanizm kimi yanaşmaq lazımdır. Dilə gətirilən dəyişikliklər də vahid qaydaya əsaslanmalıdır. Yeni qayda müəyyən etmək üçün çox ciddi prosesdən keçməlidir. Dil özü sözləri uyğunlaşdırır, yazıya köçürdür və şifahi material olaraq işlədir. Orfoqrafiya lüğəti üçün də biz materialları seçəndə onun kütləviliyini də nəzərə almalıyıq ki, o dildə nə dərəcədə geniş işlədilir. Kütləvilik varsa, sözün hansı şəkildə işlədildiyini nəzərə alıb elmi süzgəcdən keçirmək olar. Yoxsa, bir nümunə ilə qayda yaratmaq olmaz”.