“Ölənlərin sayı ən azı iki dəfə artacaq”
İngiltərədə ikinci karantin dövrü dekabrın 2-nə qədər davam edəcək və böyük ehtimalla karantin dövrü yenidən uzadılacaq. Karantin qaydasına görə, evdən “əsaslı səbəb olmadan” çıxan vətəndaşlar 200 funt-sterlinq cərimə olunacaqlar. Eyni vətəndaş karantin qaydalarını təkrar pozarsa, cərimənin miqdarı hər dəfə kəskin şəkildə artacaq. Cərimənin son həddi isə 6.400 funt sterlinq ola bilər. Cəriməni ödəməkdən imtina edənlərə isə cinayət işi açılacaq. Bu barədə Böyük Britaniyanın “metro.co.uk” saytı xəbər yayıb.
Yerli hökumət bildirir ki, cərimələrin həddi artırıla bilər. Belə ki, böyük insan kütləsinin bir yerə yığışmasını təşkil edən hər hansı şirkət 10 min funt sterlinq cərimə oluna bilər.
Ancaq vətəndaşların 200 funt sterlinq cərimə olunmasında belə bir məqam var: Əgər vətəndaş cəriməni ilk 14 gün ərzində ödəsə, onda 100 funt sterlinq az cərimə verməlidir.
Hökumətin əsas hədəfi odur ki, vətəndaşlar cərimə təhlükəsinə görə yox, şüurlu şəkildə karantin qaydalarına əməl etsinlər. Hökumət karantin dövründə keçirilə biləcək bütün kütləvi tədbirlərə də qadağa qoyub. Belə ki, anti-maska tərəfdarları Londonda “Milyon nəfərin maska yürüşü” adlı nümayiş keçirmək istəyirdilər. Bu tədbirə icazə verilməyib.
Son məlumata görə, Böyük Britaniyada koronavirusdan bir gündə 378 nəfər ölüb, 24.141 nəfər isə bu virusa yoluxub. İndiyə qədər isə koronavirusdan dolayı 48.120 nəfər dünyasın dəyişib. 1.123.197 nəfər isə bu virusun daşıyıcısına çevrilib.
Hökumət bildirir ki, vəziyyət pisdir, getdikcə də pisləşəcək. Belə ki, bəzi hesablamalara görə yoluxanların və ölənlərin sayı yeni il ərəfəsində ən azı indikindən iki dəfə çox olacaq.
MUSAVAT
