Mövlud Çavuşoğlu: “Prezidentimizin bizə bir tapşırığı var, bu prosesdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya - Bakıya gedin və birlikdə hərəkət edin”; Türkiyə XİN rəhbərinin ardınca sabiq baş nazir Binəli Yıldırım Bakıda, müdafiə naziri də səfərə hazırlaşır...
Azərbaycan Ordusu işğal altındakı Qarabağ torpaqlarının azad olunması istiqamətində uğurlu döyüş əməliyyatlarını davam etdirir. Ordumuzun tarix yazmasını qardaş Türkiyə dövləti də böyük sevgi ilə izləyir və bir an belə bizi yalnız buraxmır.
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan paytaxtına ötən həftə etdiyi növbəti səfərində bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın xüsusi tapşırığının olduğunu şəxsən Azərbaycan Prezidentinə söyləyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC-ın məlumatına görə, dövlət başçımız qardaş ölkə təmsilçilərini səmimi salamlayaraq deyib ki, sizin səfəriniz bir daha Türkiyə-Azərbaycan həmrəyliyini göstərir. “Müharibənin ilk günlərindən, ilk saatlarından başlayaraq Türkiyə bizim yanımızdadır. Əziz qardaşım, cənab Prezident dediyi kimi, Türkiyə hər zaman Azərbaycanın yanındadır, Azərbaycan tək deyil. Bu siyasi və mənəvi dəstək bu gün də davam edir. Həm hörmətli Prezident, eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin Sədri, siz - Xarici İşlər naziri, Müdafiə naziri və digər yüksəkvəzifəli şəxslər dəfələrlə Azərbaycana dəstək göstərmisiniz. Bu, bizi, Azərbaycan xalqını çox məmnun edir. Bu, bir daha göstərir biz bütün dövrlərdə - yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq. Bu siyasi və mənəvi dəstək əlbəttə ki, bizi ruhlandırır və biz haqq işimizi davam etdiririk”, Prezident bildirib. Uğurlu döyüş əməliyyatlarının davam etdirildiyini təqribən 200-ə yaxın yaşayış məntəqəsinin düşməndən azad edildiyini bildirən İ.Əliyev qeyd edib ki, biz istəyirik bu məsələ artıq danışıqlar masasında öz həllini tapsın. “Ancaq Ermənistan buna imkan vermir, 3 dəfə elan edilmiş atəşkəsi kobudcasına pozmuşdur, o cümlədən Gəncəni ballistik raketlərlə bombalamışdır, ondan sonra Bərdə şəhərini bombalamışdır və çoxsaylı itkilərimiz olubdur. Bu, bir daha Ermənistanın qeyri-insani davranışını göstərir və onu göstərir ki, onlar sülh istəmirlər. Onlar istəyirlər ki, bu işğal əbədi olsun. Onlar bizim ordumuz tərəfindən azad olunmuş yaşayış məntəqələrini yenidən işğal etmək istəyirlər. Müharibənin davam etməsinin əsas səbəbi də məhz budur. Əgər Ermənistan artıq öz çirkin əməllərindən əl çəkərsə, o zaman atəşkəs təmin ediləcək və məsələnin həlli danışıqlar masasında olacaqdır”, dövlətimizin başçısı əlavə edib. Ölkə başçısı bu günlər ərzində bizə Türkiyə vətəndaşları, bizim qardaşlarımız tərəfindən göstərilən dəstəyə görə bütün qardaş Türkiyə xalqına təşəkkürünü bildirib.

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu “cənab Prezidentim”, deyə xitab edərək bildirib ki, Türkiyə Prezidentinin təlimatı, tapşırığı ilə Bakıya gəlib. “Hər gün özü ilə danışırsınız, ən azı gündə iki dəfə, amma yenə də Sizə salamlarını göndərdi. Prezidentimizin bizə bir tapşırığı var, bu prosesdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya - Bakıya gedin və birlikdə hərəkət edin. Müdafiə nazirimiz, digər yoldaşlarımız, Binəli bəy də gələcək, Məclis sədrimiz buradadır”, M.Çavuşoğlu əlavə edib. XİN rəhbəri deyib ki, “Biz Sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik. Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq. İnşallah, öz əzəli torpaqlarımızı bu uğurlu əməliyyatlarla geri qaytaracağıq”. M.Çavuşoğlu qeyd edib ki, bütün bu üstünlüyə - həm döyüş meydanındakı üstünlüyə, həm hüquqi üstünlüyə, həm də haqlı olmağımıza baxmayaraq, atəşkəs məsələsində və danışıqlarda da özünə güvənən bir dövlət və millət kimi Sizin liderliyinizlə Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya göstərdi. “Bunu anlayan var, anlamayan var, anlamaq istəməyən var. Ermənistanın da nə etdiyini və atəşkəsi hər dəfə pozduğunu hər kəs görür. Amma bunu söyləmək istəməyən çoxdur, biz bunu bilirik. Bu səbəbdən də biz öz aramızdakı həmrəyliyi daha da gücləndirərək haqqımızı müdafiə etməkdə davam edəcəyik”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, nazir Ceyhun Bayramov da Türkiyə Xarici İşlər nazirini qəbul edib. Görüş zamanı nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bölgədəki son vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov Ermənistanın humanitar atəşkəslə bağlı razılıqlara rəğmən azərbaycanlı dinc əhalini atəşə tutması, Cenevrə görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çağırışına məhəl qoymayaraq yenidən Azərbaycanın yaşayış məntəqələrini hədəf alması, beynəlxalq humanitar hüququ kobud şəkildə pozması barədə həmkarına məlumat verib. Nazirlər bölgədə dayanıqlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoyulmasının vacibliyini vurğulayıblar.
![]()
M.Çavuşoğlunun dediyi kimi, çox keçməyib ki, Türkiyənin sabiq baş naziri Binəli Yıldırım Azərbaycana səfər edib. 2 noyabrda Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Türkiyə Cümhuriyyətinin sabiq baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, AK Parti ilə ittifaqda olan Milliyətçi Hərəkat Partiyasının TBMM-də fraksiyasının sədri Celal Adan, Binəli Yıldırımın oğlu Erkam Yıldırım və Bozok Universitetinin rektoru, professor Kürşad Zorlu iştirak ediblər.
Qonaqları salamlayan Əli Əhmədov bu səfərdən məmnunluğunu bildirərək onu iki ölkə arasında yüksək əlaqələrin nümunəsi kimi dəyərləndirib. Ümummilli Liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan Əli Əhmədov qeyd edib ki, bu gün bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının, tarixi dostluğunun bir daha şahidi olur. Xüsusilə indiki dövrdə Türkiyənin Azərbaycanın yanında olması, haqq savaşımızı dəstəkləməsi tarixdən gələn qardaşlığımızın və dostluğumuzun ən bariz ifadəsidir.
YAP Sədrinin müavini söyləyib ki, bütün dünya bu gün haqq mübarizəsi aparan Azərbaycanın yanında Türkiyə kimi böyük dövlətin olduğunu görür və bu fakt həmçinin dünyaya bir mesajdır: “Türkiyə Prezidentinin, dövlət rəsmilərinin, bütün türk cəmiyyətinin bizə verdiyi mənəvi və siyasi dəstək Azərbaycanın gücünü və qüdrətini daha da artırır. Hesab edirəm ki, sizin bu səfəriniz də Azərbaycan-Türkiyə qardaşlığının bariz ifadəsidirsə, digər tərəfdən Türkiyənin 27 sentyabrdan indiyə kimi ölkəmizə ifadə etdiyi dəstəyin əyani göstəricisidir. Buna görə Azərbaycan xalqı bu dəstəyi çox yüksək qiymətləndirir”.

Əli Əhmədov həmçinin İzmirdə baş verən zəlzələ nəticəsində çoxsaylı insan itkisi ilə bağlı xalqımızın kədərləndiyini bildirib, vəfat edənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib.
Qardaş Azərbaycana səfər etməsindən məmnunluğunu bildirən Türkiyənin sabiq baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırım torpaqlarının işğaldan azad edilməsi yolunda böyük mücadilə aparan Azərbaycan xalqına uğurlar arzulayıb. Binəli Yıldırım bu yolda şəhid olan hərbçilərə və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.
Problemin 30 ildir həll olunmadığını deyən B.Yıldırım qeyd edib ki, bu illər ərzində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı davam edib. Türkiyə olaraq biz hər zaman Qarabağ torpaqlarının erməni işğalından azad olunmasının və azərbaycanlı qaçqın-köçkünlərin öz doğma torpaqlarına qayıtmasının tərəfdarı olmuşuq. Bu məqsədlə indiyə kimi aparılan diplomatik danışıqlar heç bir nəticə verməyib. Təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri işğalçı Ermənisana qarşı heç bir addım atmayıb, işi zamana buraxaraq problemi unutdurmağa çalışıblar. Ona görə də iş bu həddə çatdı ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün haqq savaşına başlayıb və bu savaşda can Azərbaycan bir dastan yazır.
Türk xalqının hər zaman Azərbaycana dəstək verdiyini deyən B.Yıldırım 102 il öncə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun göstərdiyi dəstəyi də xatırladıb. O, Türkiyənin bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağını deyərək, səfərin məhz Azərbaycana dəstək xarakteri daşıdığını vurğulayıb.
B.Yıldırım həmçinin İzmirdə baş verən zəlzələ ilə əlaqədar Azərbaycan xalqının dəstəyini yüksək dəyərləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyə Respublikasının keçmiş baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. “Yeni Müsavat” xəbər verir ki, görüşdə Milliyətçi Hərəkət Partiyasının parlament fraksiyasının rəhbəri Cəlal Adan MHP-nin sədri Dövlət Baxçalının adından Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.
Anons edildiyi kimi, Türkiyənin müdafiə naziri Hulusi Akarın da ölkəmizə səfəri gözlənilir. Bundna əvvəl Türkiyə parlamentinin sədri, həmçinin qardaş ölkənin Ombudsmanı da ölkəmizə səfər etmiş, həmçinin Ermənistanın alçaq terroruna məruz qalmış Gəncə şəhərində olmuşdular. Qardaş ölkə mənəvi, siyasi, diplmatik və digər bütün mənalarda Azərbaycanın yanındadır. Hətta İzmirdə dəhşətli zəlzələnin baş verdiyi bu günlərdə də Türkiyə Azərbaycanı bir an belə unutmadı, qardaş ölkənin mediası Qarabağ mövzusundan diqqətini yayındırmadı.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında Türkiyənin Azərbaycana böyük diqqətini yüksək dəyərləndirdi. Həmçinin Türkiyə Prezidenti cənab R.T.Ərdoğanın dövlət rəsmilərinə “Azərbaycanı bir an belə yalnız qoymayın” təlimatı verməsini mühüm amil olaraq vurğuladı: “İlk növbədə telefon zənglərini və digər əlaqə sistemlərini nəzərə alsaq, başa düşməliyik ki, bu, ilk növbədə çox vacib siyasi jestdir. Yəni müharibənin ilk günlərindən indiyədək Türkiyə rəhbərliyinin əsas simaları Bakıda oldular, bu, çox yaxşı haldır. Hesab edirəm, ümumiyyətlə, bir konsepsiya formalaşır ki, Türkiyə indi və gələcəkdə bizim bölgəmizdə cərəyan edəcək siyasi proseslərdə çox aktiv iştirak etməlidir. İnşallah, elə də olacaq”.
T.Zülfüqarov hesab edir ki, Türkiyənin davamlı şəkildə Azərbaycanın yanında olması ciddi mesajdır: “Bu, çox aydın və gələcəyi bəlli olan bir siyasi gedişdir. Hesab edirəm ki, bu siyasət davam etdiriləcək, mən burada bir yenilik görmürəm. Yəni heç də şübhəm yoxdur ki, məsələn, Naxçıvana hansısa həmlə olsa, biz bu və ya digər şəkildə Türkiyənin dəstəyini görəcəyik, əgər ehtiyac olsa... Əslinə qalsa, bizim Naxçıvandakı Əlahiddə Qoşun Birləşmələrimizin imkanları çox genişdir. Bu baxımdan indiki mərhələdə Türkiyənin Azərbaycana siyasi dəstəyi tam bəs edir”.
Sabiq nazir əmindir ki, Qarabağın azadlığının yekununda Ermənistanla saziş imzalanacaqsa, orada Türkiyənin də imzası əksini tapmalıdır: “Bu, şübhəsizdir. Çünki 1921-ci il Moskva Müqaviləsinə baxsaq, orda Türkiyə var idi. İndi də ən azı Naxçıvana aid məsələdə Türkiyənin sazişdə olması məntiqli görsənəcək. Yəni Türkiyə o öhdəlikdən imtina etməyib. Azərbaycan da bu öhdəliklərin qüvvədə qaldığını bəyan edir. Həmçinin Rusiya da buna qarşı heç bir fikir səsləndirməyib. Bu, birmənalı şəkildə Ermənistan-Azərbaycan müharibəsidir. İşğal altında qalmış Kərki kəndi, yaxud Qazağın işğal altındakı 7 kəndini də heç kəs yaddan çıxartmamalıdır”.
Bu yerdə qeyd edək ki, Qarabağda gərgin döyüşlər başlayandan bəri artıq ikinci dəfə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna Ermənistan tərəfdən mərmilər atılıb. Bu isə Naxçıvanın təhlükəsizliyinin təminatçısı olan qardaş Türkiyənin də proseslərə qarışmasına tam hüquqi əsas yaradır. Ağılsız düşmən anlamır ki, o halda Ermənistanın yer üzündən silinməsi gündəmə gələ bilər...
Yazı çapa hazırlanarkən cəbhədə ağır döyüşlər davam edirdi. Türkiyədə isə “Azərbaycan Qafqazlarda tarix yazır”, deyə, həsrətlə bu haqq davasının böyük zəfərlə başa çatmasını gözləyirlər.
