Azad Məsiyev: “Qərb dairələri bu dövlətlərdə özlərinin maraqlarına uyğun qüvvələrin hakimiyyətə gəlməsində maraqlıdırlar”
31 oktyabrda Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu” Partiyası qalib gəldi. Nəticələrə əsasən ikinci yeri tutan sabiq prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası və digər müxalif qüvvələrin tərəfdarları rəqəmlərlə razılaşmayaraq, aksiyalara start veriblər.
Qeyd edək ki, keçmiş postsovet məkanının digər ölkəsi Moldovada da seçki prosesi yaşanıb. Noyabrın 1-də keçirilən prezident seçkilərində qalib müəyyənləşməyib. Seçicilərin 35,42%-i keçmiş baş nazir Maya Sanduya, 33,16% isə hazırkı prezident İqor Dodona səs verib. Beləliklə, qalibin kimliyi ikinci tura qalıb. Doğrudur, hələ ki bu ölkədə gərginliklər yaşanmır. Amma ikinci turda bunun olub-olmayacağına zəmanət verilmir.
Gürcüstan və Moldovadan sonra Belarus və Qırğızıstanda seçki həyəcanı başlayır.
Ötən ayın ortalarında Qırğızıstanın prezidenti Sooronbay Jeenbekov istefa verib. Buna səbəb də oktyabrın 4-də keçirilən parlament seçkilərindən sonra etirazların baş qaldırması və nəticələrin ləğvinə baxmayaraq, etirazçıların yollarına davam etməsi olub. Bu ölkənin konstitusiyasına görə, prezident istefa verirsə, üç ay müddətində prezident seçkiləri keçirilməlidir. Burada bir məsələni də unutmayaq.
Qırğızlar oktyabrın 6-da həbsdə olan keçmiş prezident Almazbek Atambayevi azad ediblər. Onun azadlıqda olduğunu nəzərə alsaq, Qırğızıstanda prezident seçkilərinin gərginlik olmadan baş tutacağını söyləmək bir qədər çətindir.
Belarusda isə 9 avqustda keçirilən prezident seçkilərinin üzərindən aylar ötməsinə baxmayaraq, hələ də aksiyalar davam edir. Seçkilərdən dərhal sonra Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ölkəsini tərk etməsinə baxmayaraq, məğlubiyyətini həzm etmir, xaricdən aksiyaları davam etdirməkdə israrlı görünür. Onun son çağırışları bunu deməyə əsas verir.

Azad Məsiyev
Dörd MDB ölkəsində yaşanan proseslərlə bağlı “Yeni Müsavat”a danışan politoloq Azad Məsiyev hesab edir ki, bu ölkələr, seçkilər bir-birindən fərqlənir: “Hər bir dövlətin özünəməxsus seçki sistemi var. Gürcüstandakı seçkilərlə adını qeyd etdiyiniz ölkələrdəki seçkilər arasında fərqli məqamlar çoxdur. Bilirsiniz ki, vaxtilə qonşu ölkəmizdə ”Narıncı inqilab" baş vermişdi. Bu inqilab nəticəsində Mixail Saakaşvili hakimiyyətə gəlmişdi. Sonrakı proseslərdə Saakaşvili hakimiyyətdən gedəndən sonra tamam fərqli qüvvələr iqtidara gəldilər. Situasiya dəyişdi. Hazırda Saakaşvilinin hakimiyyətdə olduğu dönəmlərdəki siyasi qüvvələrlə indiki iqtidar arasında bir siyasi mübarizə gedir. Bu mübarizə müxtəlif formalarda özünü göstərməkdədir. Artıq seçkilərin nəticələri elan olunub. Təbii ki, hər seçkinin nəticəsindən narazı olan qüvvələr olur. Hər kəs özünü bu və ya digər formada haqlı saya bilir. İndiki vəziyyət belədir ki, seçkinin nəticələri beynəlxalq təşkilatlar tərəfindən qəbul olunub. Seçki prosesinin demokratik şəkildə keçməsi beynəlxalq təsisatlar tərəfindən tanınırsa, təbii ki, burada uduzan tərəf məğlubiyyətini etiraf etməlidir. Cəmiyyətin həmin seçkiləri qəbul edib-etməməsindən çox şey asılı olacaq. Qəbul olunsa, təbii ki, xırda narazılıqlar qapanacaq. Əksi olacaqsa, narazılıqlar kütləvi hal alacaq. Belə proseslərdə məsələnin kökünü də araşdırmaq lazımdır. Bilirsiniz ki, dünya siyasətində Rusiya və Amerikanın maraqları toqquşur. ABŞ cəhd edir ki, Rusiyanın siyasi sferasına daxil olsun. Rəsmi Vaşinqton şimal qonşumuzun əhatə dairəsində olan dövlətlərdə siyasi gücünü artırmaq istəyir. Bu baxımdan qeyd etdiyimiz bu və ya digər dövlətlərdə özlərinin maraq dairəsində olan insanların hakimiyyətə gəlmələrinə çalışırlar. Yəni burada xarici müdaxilədən daha çox söhbət gedir. Təbii ki, xarici müdaxilə istənilən halda yolverilməzdir. Amma təəssüflər olsun ki, biz belə müdaxilələrin baş verməsini Ukrayna, Belarus və digər ölkələrdə görmüşük. Hətta o vaxt Amerika prezidenti olan Barak Obama demişdi ki, Ukraynada hakimiyyəti biz dəyişdik. Bu hansı prinsiplərə, beynəlxalq hüquqa uyğun gəlir? Bu, xalqın iradəsinin zorlanması deməkdir. Terrora bərabər ağır bir cinayətdir".
Politoloq Belarusda son üç ayda yaşanan proseslərə də toxundu: “Belarusdakı seçkilərdə cəmiyyət daxilində hələ seçkilər keçirilməmiş bir gərginlik yaranmışdı. Bu da özünü 9 avqustda göstərdi. Heç kəsə sirr deyil ki, bu ölkədəki proseslərdə də kənar qüvvələrin müdaxiləsi var idi. Daxildə siyasi narazılıqların olması təbiidir. Amma seçkidən sonra inqilab əhval-ruhiyyəsinin yaradılmasına cəhdlər qəbul oluna bilməz. Hətta Belarus vətəndaş müharibəsi astanasına gətirilmişdi. Bu da Qərbdən gələn bir tendensiya idi. Çox xoşa gələn hal oldu ki, bu münaqişə vətəndaş müharibəsinə çevrilmədi. Qərbin, Amerikanın əsas istəyi burada anti-Rusiya əhval-ruhiyyəsi yaratmaq, şimal qonşumuza qarşı düşmənçilik toxumu səpmək idi. Demək olar ki, Birləşmiş Ştatlar bunu əldə edə bildi. Belarusda Rusiya əleyhinə bir fikir formalaşdıracaq siyasi qüvvələr yaradılıb. Gələcəkdəki seçkilərdə bunun təsiri böyük olacaq”.
Müsahibimiz dedi ki, qeyd olunan dövlətlərdə proseslərdə kənar müdaxilələrdən çox şey asılıdır: “Müdaxilələr varsa, gərginlik mütləq artacaq. Bunlar olmayacaqsa, həyat əvvəlki axarına qayıdacaq. Gürcüstanda Saakaşvilini himayə edən xarici qüvvələr bu və ya digər formada qonşu ölkəmizdəki proseslərə təsir etməyə çalışacaqlar. Bu fikirlərimi Moldovaya da aid edə bilərəm, həmçinin Qırğızıstana da. Qərbdəki qüvvələr bu ölkələrdə özlərinin maraqlarına uyğun qüvvələrin hakimiyyətə gəlməsində maraqlıdırlar”.
