Avstriyanın paytaxtı Vyananın mərkəzində, sinaqoq yaxınlığında silahlı insident baş verib, nəticədə bir polis əməkdaşı yaralanıb.
APA xəbər verir ki, bu barədə "Kronen Zeitung" nəşri məlumat yayıb. İlkin məlumata görə, polis atışmada şübhəli bilinən bir nəfəri saxlayıb. Vyana hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda hadisənin səbəblərini müəyyənləşdirir.
***
Vyanada naməlum şəxs sinaqoqda olanlara 50 dəfə atəş açıb.
“Report” “OE24” telekanalına istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində baş verib. Belə ki, şəxsiyyəti məlum olmayan şəxs sinaqoqda olan insanlara pulemyotla atəş açıb. Nəticədə yeddi nəfər güllə yarasından dünyasını dəyişib.
Daha sonra cinayətkar özünü partladıb. Faktla bağlı araşdırma aparılır.
***
Avstriyanın paytaxtı Vyanada baş vermiş atışma nəticəsində azı 15 nəfər yaralanıb, onlardan yeddisinin xəsarətləri ağırdır.
APA xəbər verir ki, bu barədə yerli “ORF” telekanalı tibb işçilərinə istinadən məlumat yayıb.
“Ümumilikdə 15 nəfər yaralanıb, onlardan yeddisinin ciddi xəsarətləri var”, - deyə telekanalın əməkdaşı canlı yayımda bildirib.
Qeyd edək ki, bundan əvvəl yerli “OE24” telekanalı insident zamanı 7 nəfərin ölməsi barədə xəbər vermişdi.

