"Mən bu səsi o torpaqda almışam, onun bir zərrəsiyəm. Ona görə də o torpaq mənim üçün çox müqəddəsdir”.
Bu sözləri Xalq artisti, ustad xanəndə Mənsum İbrahimov “Nargis magazine”nin “Qarabağımız” rubrikasına verdiyi müsahibəsində bildirib.
Xalq artisti Şuşa ilə bağlı xatirələrini bu cür bölüşüb:
“Mən özüm Ağdamda doğulmuşam. Təxminən 11-12 yaşım var idi. Biz hər yay Şuşaya “pioner düşərgəsi”nə gedirdik. Hamı bilir ki, orada böyük bir rəqs meydançası və səhnə var idi. Hər axşam həmin məkanda turistlər üçün böyük konsert verirdilər.
Bir gün müəllimim dedi ki, bəlkə sən də orada nəsə oxuyasan. Təbii ki, orada çoxlu tanınmış xanəndələr oxuyurdu. Yaxınlaşıb təşkilatçılara dedilər ki, burada bir uşaq var, o da oxumaq istəyir. Mən çox həyəcanlı idim, həyəcandan əsirdim. Məni səhnəyə çıxartdılar və soruşdular ki, ağdamlı oğlan, nə ifa etmək istəyirsən? Dedim ki, "Qarabağ Şikəstəsi”ni. Beləliklə, Xan Şuşinskinin “Qarabağ Şikəstəsi”ni oxudum. Məni xeyli alqışladılar. Çünki həm səsim xoşlarına gəlmişdi, həm də mən uşaq idim. O gündən qərar verdim ki, oxuyacam, xanəndə olacam.
Mən bu səsi o torpaqda almışam, onun bir zərrəsiyəm. Ona görə də o torpaq mənim üçün çox müqəddəsdir”.
