İsveçrənin Sürix şəhərində yaşayan tanınmış yazıçı, AzLogos.eu saytının baş redaktoru Ələkbər Əliyev “Facebook” səhifəsində olduqca maraqlı fikirlər paylaşıb.
Ə.Əliyev xaricdə yaşayan bəzi azərbaycanlı fəalların son günlərdəki davranışlarını, çıxışlarını tənqid edib, onları Vətən müharibəsi günlərində Azərbaycanın siyasi rəhbərliyinə qarşı qərəzli olmaqda, qrant nökərçiliyində ittiham edib.
Yazar qeyd edib ki, karyerasını, həyat tərzini Prezident İlham Əliyevin üzərində quranlar var. Ə.Əliyev xüsusilə Arzu Qeybullayevanı qeyd edərək bildirib ki, bu tip adamlar status-kvo tərəfdarıdırlar.
Onun sözlərinə görə, belələri korrupsiya olan, problemlər içində boğulan, vətəndaşları nifrət dolu Azərbaycan görmək istəyirlər:
"Onlar üçün yalnız bu variant məqbuldur. Korrupsiyasız, Qarabağ problemi həll olunmuş, vətəndaşları qürurlu, başçısı da İlham Əliyev olan bir Azərbaycan onların kabusudur. Fərqi yoxdur - istər hakimiyyətin dəyişməsi, istərsə də hakimiyyət-xalq birliyinin, dialoqunun yaranması, ya da bunun müzakirəsinin getməsi, birbaşa karyeraya, gəlirə, komforta təhlükədir deyə, kritik məqamlarda onları barrikadaların o biri tərəfində görürsünüz", - deyə baş redaktor vurğulayıb.
Ə.Əliyevin fikrincə, A. Qeybullayeva və Co heç nəyin dəyişməsini istəmirlər: "İstənilən dəyişiklik Cesikalardan, Robertlərdən gələn zənglərin, e-maillərin kəsilməsi; London, Brüssel, Vyana səfərlərinin olmaması, konfrans, kofe-breyk, qonorar, dollar, euro kimi ifadələrin leksikondan birdəfəlik silinməsi deməkdir".
