|
Ermənidən qorxaraq Orduya dəstəkdən geri çəkilən şirkətlərin Bakıda nə işi var?

Bakıda fəaliyyət göstərən məşhur şirkətlərin kütləvi şəkildə boykot edilməsi ilə bağlı başladılan kampaniya geniş vüsət alıb.
Artıq ermənilərin təzyiqi ilə Azərbaycan ordusuna dəstək paylaşımlarını silən şirkətlər son 24 saat ərzində 10 minlərə etiraz mesajı alıblar.
Musavat.com bir daha mövzunun aktuallığını və önəmini nəzərə alaraq məsələni ictimailəşdirməyi vacib hesab edir.

Çünki Azərbaycanda fəaliyyət göstərən, Azərbaycan vətəndaşının pulu ilə qazanc əldə edən bu şirkətlər erməni lobbisindən, ermənidən qorxaraq Azərbaycan əsgərinə dəstək üçün paylaşdığı bir dəstək fotosunu silirsə, burada nə işi var?

Azərbaycanda oturub, bizdən xeyir qazanan, erməninin istəyini yerinə yetirən "Mc Donald's", "Papa Johns", "BurgerKing" kimi qida istehsal edən şirkətlər bizim nəyimizə lazımdır?

Adı çəkilən bu şirkətlər Azərbaycan Ordusunun düşmənə qarşı əks-hücumlara başlamasından sonra sosial media hesablarında Ordumuza dəstək məqsədi ilə yaydığı paylaşımları siliblər.

Sosial şəbəkələrdə bu şirkətlərin boykot edilməsi ilə bağlı paylaşımlar böyük sürətlə yayılır.

Qeyd edək ki, adı çəkilən şirkətlər həmin paylaşımları ermənilərin kütləvi narazılığından sonra siliblər.

Digər şirkətlər paylaşımı sildikdən sonra susub. Amma "McDonald's"ın bu məsələ ilə bağlı verdiyi açıqlama isə daha böyük qəzəbə səbəb olub.

Şirkət paylaşımları silməsini "əsas amalımız insanları qida ilə təmin etməkdir" kimi absurd fikirlərlə izah etməyə çalışıb. Şirkətlərin boykot edilməsi üçün çağırışlar edilir.

Həmin şirkətlərdə çalışan azərbaycanlıları vətəndaş mövqeyi ortaya qoyaraq işdən çıxacağı təqdirdə, onların işlə təmin etməyi öz üzərinə götürən vətəndaşlarımız da var.

Azərbaycan vətəndaşlarının bu mövqeyi başadüşülən və qəbulediləndir. Hər birimiz bu çağırışa qoşulmalı və dəstəyimizi ortaya qoymalıyıq.