|
Fransa məhsullarının Azərbaycanda da boykotu gündəmdə

Ekspert: “Türkiyə tərəfindən Fransaya qarşı atılan addımı biz də dəstəkləməliyik”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa məhsullarını boykot çağırışı müsəlman dünyasında böyük əks-səda doğurub. Ərdoğan bildirib ki, Avropada müsəlmanlara aid iş yerləri, evlər, məktəblər demək olar hər gün faşist təşkilatların hücumuna məruz qalır: “Necə ki, Fransada Türkiyə istehsalı olan məhsulları almayın deyirlərsə, mən də buradan millətimə səslənirəm. Fransız məhsullarını satın almayın”.

Fransanın İslamı təhqir etməsinə qarşı dünyada da etirazlar böyüyür. İslamı təhqir etməsinə görə Fransa məhsulları Mərakeş və Qətərdə boykot edilir. İslam Əməkdaşlıq Təşkilatı və Küveyt Fransada baş verənləri qınayıb. Qeyd edək ki, Fransa prezidenti Makron və bir çox siyasətçi müsəlmanları hədəf alan açıqlamalar verib. Fransa polisi ölkədəki 50-dən çox məscid və dərnəyə basqın edib.

Fransanın ticarət naziri Frank Rister Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın boykot çağırışına cavab olaraq bildirib ki, Türkiyənin Fransa istehsalı olan malları boykot etməsinə qarşılıq verməyəcəyik. Onun sözlərinə görə, Türkiyə hökuməti və Ərdoğanla görüşləri davam etdirəcəklər. Xatırladaq ki, Fransa Avropada Türkiyənin 3-cü böyük ticarət ortağıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 14,677 milyard avro olub. Bu, 10 il əvvəllə müqayisədə 47,4% çoxdur və ticarət dövriyyəsinin 17 milyard avroya qədər artırılması planlaşdırılır.

2014-cü ildən indiyə qədər Türkiyənin Fransaya ixracının dəyəri Fransanın Türkiyəyə ixracının dəyərini üstələyib. Məsələn, 2019-cu ildə sözügedən rəqəmlər müvafiq olaraq 8,7 milyard avro və 5,9 milyard avro olub.

Qeyd edək ki, Azərbaycanda satışda olan Fransa məhsullarına “Total” avtomobil yağları, “Pierre Cardin” geyim və  aksesuarları, “ Lacoste”, “Louis Vuitton”, “Givenchy”, “Daniel Hechter”, “Hermes” markalarına aid geyim və aksessuarlar, “Chanel”, “Christian Dior”,  “Giorgio Armani”, “Guy Laroche”, “Heritage” parfümləri, “Petit Bateau” uşaq geyimləri, “Peugeot”, “Renault”, “Citroen” avtomobilləri, “Danone” yoqurt, “President” süd məhsulları, “Jacob’s” yeyinti məhsulları, “Tefal” mətbəx əşyaları, “Vichy”, “Biotherm”, “Lancome”, “L’Oreal” kosmetika məhsullarıdır.

Bəs görəsən, Azərbaycan əhalisinin də dəstəklədiyi bu boykot Fransaya nə qədər təsir edəcək?

Fikrət Yusifov Ana Vətən Partiyasından istefa verdi

Fikrət Yusifov

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov bildirdi ki, Fransa Qarabağ məsələsində də özünü çox qeyri-səmimi apardı və ATƏT-in Minsk Qrupunun həmsədri olmasına baxmayaraq, ermənipərəst bir ölkə kimi göstərdi: “Bunun üçün çox çabalar göstərdi. Ancaq Fransanın cəhdləri heç bir nəticə vermədi, verə də bilməz. Azərbaycan özünün işğal altında olan torpaqlarını qaytarmaqda israrlıdır və Azərbaycanın bütün  səviyyələrdə beynəlxalq müstəvidə çox ciddi dəstəyi var. İslam dininə qarşı təhqirlər, dini hisslərimizə toxunacaq hərəkətlər etmək də bu ölkənin acizliyinin əlamətidir. Mən bunu ermənilərin hər şeydən əli üzüldükdən sonra, döyüş meydanlarında ordumuza cavab verə bilmədikdə, Dağlıq Qarabağdan çox uzaqda olan yaşayış məkanlarını, dinc sakinlərimizi bombalamasına bənzədirəm.  Fransanın bu hərəkəti də onu xatırladır. Bu, acizliyin ifadəsidir”. 

Azərbaycanın boykotuna gəlincə, F.Yusifov bildirdi ki, iki ölkə arasında xarici ticarət dövriyyəsi 2018-ci ildə 625 milyon dollar olub. 2019-cu ildə isə 787 milyon dollar civarında olub: “Azərbaycanın əsas ixrac məhsulları neft məhsullarıdır. Biz Fransa ilə istər ticari, istərsə də mədəni əlaqələr baxımından çox sıx əlaqələrə malikik. Fransanın bu mövqeyi təəssüf doğurur və son hadisələr artıq bizim dini hissələrimizlə oynamaqdır, təhqir etməkdir. Təbii ki, Türkiyə boykot edirsə, biz avtomatik buna qoşulacağıq. Türkiyə hər zaman bizim yanımızdadır, Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi uğrunda Azərbaycanın apardığı Vətən savaşında Türkiyə qədər bizim yanımızda heç kim dayanmadı. Biz ən böyük dəstəyi Türkiyədən aldıq, alırıq və bundan sonra da alacağıq”.

F.Yusifov vurğuladı ki, Türkiyə tərəfindən Fransaya qarşı atılan addımı biz də dəstəkləməliyik və Türkiyənin yanında olmalıyıq, heç şübhəsiz olacağıq.