Paşinyan hökuməti Ermənistan silahlı qüvvələrində döyüşmüş və Azərbaycan Ordusu tərəfindən məhv edilmiş 1500 hərbçinin cəsədinə sahib çıxmır. Məlumata görə, həmin cəsədləri Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları əldə edilmiş müvəqqəti atəşkəs dövründə döyüş meydanlarından çıxarıb. Meyitlər təhvil verilmək üçün Qazax istiqamətinə gətirilsə də, ermənilər onları qəbul etməkdən imtina ediblər.
Növbəti dəfə Tovuz rayonu cənazələri təqdim etmək üçün istiqamət kimi seçilib. Azərbaycan tərəfi sərhəd bölgəsindən cəsədlərin götürülməsini şərt qoysa da, ermənilər yenə də götürmək istəməyiblər.
Beynəlxalq Qızıl Xaç Komitəsi də bu məsələdə çıxılmaz vəziyyətdə qalıb.
Bəs Ermənistan cəbhə xəttindən meyitləri niyə yığmır? Bu, humanitar cinayətdirmi? Azərbaycan bununla bağlı beynəlxaq təşkilatlara müraciət edəcəkmi?
Məsələ ilə bağlı Musavat.com-a danışan deputat Elman Nəsirov bildirib ki, Ermənistanın atəşkəsi pozmasına səbəb elə meyitləri təhvil almaq istəməməsidir:
Elman Nəsirov: “Meyitlər Ermənistana aparılsa, hansı siyasi tufanın qopacağını proqnozlaşdırmaq çətin deyil”.
“Öncə ATƏT-in Minsk Qrupu həmsədrləri, Rusiya, indi də ABŞ vasitəsilə humanitar atəşkəslə bağlı razılaşma əldə olunub. Əsas məqsəd meyitlərin, əsirlərin dəyişdirilməsidir. Hər dəfə Ermənistan razılaşdırılan vaxtdan bir neçə dəqiqə sonra atəşkəsi pozub. Bu dəfə də elə oldu, yaşayış məskənlərimizi hədəfə aldılar. Humanitar atəşkəsin məqsədi bəlli olsa da, Ermənistan cəsədlərini aparmaq istəmir. Çünki meyitlər Ermənistana aparılsa, hansı siyasi tufanın qopacağını proqnozlaşdırmaq çətin deyil. Ermənistan tərəfi indiyə qədər 1000-ə yaxın əsgərinin öldüyünü desə də, bu rəqəm əslində dəfələrlə çoxdur.
Bir müddət əvvəl Naxçıvan Dövlət Təhlükəsizlik Xidməti Ermənistanda bir şöbə müdirinin Ermənistanın müdafiə nazirinə göndərdiyi məktubun elektron variantını əldə etmişdi. Məktubda qeyd edilmişdi ki, gün ərzində İrəvana 100-dən artıq meyit göndərilməsin. Meyitlər göndərilərkən hərbçilərə, həlak olanların valideynlərinə bu haqda məlumat verilməsin. Bu faktın özü göstərir ki, düşmən tərəfinin itkisi həddindən artıq çoxdur. Onlar cəsədləri götürməməyi məqbul sayır. Əks halda, Paşinyan hakimiyyətinin sonu olacaq".
Emin Həsənli: “Ona görə meyitləri götürmürlər ki, əsgərlərin bir qismi xaricdən gələn muzdlular, terroristlərdir. Onları hara təhvil verəcəklər?”
Hərbi ekspert Emin Həsənli bildirib ki, Ermənistanın müharibədə və müharibədən əvvəlki fəaliyyəti beynəlxalq hüquqa ziddir:
“İndiyə kimi ermənilər ən ağır cinayətləri törədiblər, soyqırım, terror, separatizm, işğal, mülki əhaliyə hücum, qanunsuz miqrasiya, indi də meyitlərinin götürülməməsi... Onlar hüquqa hörmət etsəydilər, qanunsuz ərazilərdə o cür cinayət törətməzdilər və öz vətəndaşları qırılmazdı. Ona görə meyitləri götürmürlər ki, əsgərlərin bir qismi xaricdən gələn muzdlular, terroristlərdir. Onları hara təhvil verəcəklər? Bir qismini isə aparmaq istəmirlər ki, əhali ölənlərin çoxluğunu görüb, ayağa qalxar. İtkilərini müxtəlif ad altında gizlədirlər. Əvvəllər də belə edirdilər, deyirdilər qəza olub, yanğın olub. Təbii ki, onlar meyitlərini götürməlidirlər. Azərbaycan Qızıl Xaç vasitəsilə meyitləri təhvil verəcək. Ermənilərin humanitar atəşkəsdən imtina etməsinin bir səbəbi də meyitləri götürmək istəməməsidir”.
