Evləri dağıdılmış ailələrin kirayə xərcləri, zəruri geyim və ev əşyalarının alınması ilə bağlı vəsait dövlət tərəfindən ödənilir
Cəbhədə müzəffər ordumuzun qarşısında duruş gətirə bilməyən, mövqelərini, texnikasını ataraq qaçan Ermənistanın terrorçu ordusu ölkəmizin müxtəlif rayonlarında dinc yaşayış məskənlərini hədəfə alaraq sivil vətəndaşları vurmaqla hərbi cinayətlərə imza atmaqdadır. Nəticədə yüzlərlə ev dağıdılıb, vətəndaşlarımız arasında ölənlər və yaralananlar olub. Baş Prokurorluğun mətbuat xidməti tərəfindən erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.
“Yeni Müsavat”a Baş Prokurorluqdan verilən məlumata görə, 04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Bildirilib ki, hazırkı vaxtadək erməni terroru nəticəsində ümumilikdə 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaq olub.
297 nəfər yaralanıb, onlardan 69-u qadın, 32-si uşaq olub.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 402, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 2 243-dür.
Qeyd edək ki, təmas xəttinə yaxın rayonlarla yanaşı, bu müharibədə ən çox ziyan görən bölgə Gəncə şəhəri oldu. Məlum olduğu kimi, erməni cinayətkarları iki dəfə raket zərbəsi ilə gecə saatlarında Gəncədə yaşayış binasını dağıdıb onlarla insanın, qadınların və uşaqların ölümünə səbəb oldular.

Musa Quliyev
Gəncədən seçilən millət vəkili Musa Quliyev “Yeni Müsavat”a açıqlamasında son rəqəmləri açıqlayıb. Onun sözlərinə görə, Ermənistanın Gəncəyə hava hücumu nəticəsində 700 evə ziyan dəyib ki, onlardan 200-ü tamamilə yararsız vəziyyətdədir və ya tamamilə dağılıb. 200 ailə tamamilə evsiz qalıb, onlar ya qohum evlərində, ya yataqxanalarda, ya da kirayə evlərdə yerləşdiriliblər. Gəncə hadisələrində 133 nəfər yaralanıb, 26 nəfər dünyasını dəyişib.
Millət vəkili onu da vurğuladı ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Gəncədə hadisə baş verən ərazilərdə araşdırma aparır. Fövqəladə hallar naziri özü də hər iki hadisədən sonra Gəncədə olub: "Hazırda bütün lazımi tədbirlər görülür, hesablamalar aparılır. Harada nə tikiləcək, nə qədər müddətə tikiləcək, bunlar hamısı hökumət tərəfindən hesablanır. Tamamilə dağılan evlərin sakinlərinin bir hissəsi yataqxanada, bir hissəsi kirayə evlərdə, qohum evlərində yerləşdirilib. Dağıdılmış evlər tikilənə qədər bu ailələrin kirayə xərcləri dövlət tərəfindən ödəniləcək. Zəruri geyim və ev əşyalarının alınması ilə bağlı vəsait dövlət tərəfindən ödənilir. Cənab Prezident bununla bağlı tapşırıq verib, şəhər icra başçısı bu işlə bilavasitə məşğul olur. Bu məsələlərlə bağlı heç bir problem yoxdur və hər şey dövlətin nəzarəti , qayğısı altındadır".

Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Həsən Məmmədov da “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, sözügedən hadisələrdə evləri dağılan və yararsız hala düşən sakinlərin məskunlaşması ilə bağlı işlər davam edir: “Hazırda Fövqəladə Hallar Nazirliyi araşdırma aparır və rəy verir ki, hansı ev qəzalıdır, hansı ev qəzalı vəziyyətdə deyil. Artıq proses bu gün yekunlaşır. Buraya həm yaşayış binaları, fərdi yaşayış evləri, sahibkarlıq subyektləri daxildir. Yüngül zərər dəymiş evlər ilk növbədə araşdırılır, onların bərpası həyata keçiriləcək. Tamamilə dağılan evlər də var ki, onların bərpası mümkün olmayacaq və yerində yeniləri tikilməlidir. FHN-in rəyi əsasında qəzalı olmadığına rəy verilən və cari təmirə ehtiyacı olan evlərlə bağlı sabahdan təmir-bərpa işlərinə başlanacaq”.
İcra nümayəndəsinin sözlərinə görə, hazırda zərərçəkənlərin cari ehtiyacları ödənilir: “Rəfibəyli küçəsində xəsarət alan, evi dağılan insanlarımızı kirayə pulu ilə təmin edildi, ancaq Aida İmanquliyeva, Muxtar Hacıyev küçələrində olanları isə universitetin yataqxanasında yerləşdirdik. Hər gün həkim müayinəsi, psixoloq müayinəsi və gündə 3 dəfə yeməklə təmin edilirlər. Mənzillərlə yanaşı ev əşyaları da nəzərə alınacaq. Hazırda isə insanların ilkin istifadəsi üçün lazım olan əşyalar, geyimlər üçün də vəsait verilir”.
