|
"Şiələrlə heç bir problemim yoxdur"

«İqtidarda belə fikir var ki, müxalifətin zəif olması əladır. Heç kim bizim işimizə qarışa bilməz. Bu çox təhlükəli bir şeydir»

CİA.Az Pia.az-a istinadən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa ilə geniş müsahibənin üçüncü hissəsini oxucularının diqqətinə çatdırır.

- Dindar müxalifətin imkanlarını necə dəyərləndirirsiniz?

- Dindar müxalifətin çox az imkanlarının olduğunu düşünürəm, yəni indiki şərtlərdə Azərbaycan cəmiyyətində müxalifətin dəyişiklik etmək şansı yoxdur. Ən azından fikir baxımından Azərbaycan cəmiyyətini hərəkətə gətirmək, təlatüm yaratmaq qabiliyyəti yoxdur. Fikirimcə, cəmiyyət dəyişəndən sonra yerdə qalanlar xırda məsələlərdir. Liviyada, Misirdə zorakılıqla nələr baş verdi. Biz çalışmalıq ki, Azərbaycanda ümumiyyətlə zorakılıqla hər hansısa hakimiyyət dəyişikliyi tendensiyası ortadan qalxsın. Xarici ölkələrin dəstəyi ilə bu ölkədə siyasət yürütmək anlayışı aradan qalxsın. Daxildə iqtidarın üzərinə çox şey düşür. İqtidarda belə fikir var ki, müxalifətin zəif olması əladır. Heç kim bizim işimizə qarışa bilməz. Bu çox təhlükəli bir şeydir. Əslində güclü iqtidarın güclü müxalifəti olmalıdır. Əgər müxalifət zəifdirsə , bu elə birbaşa iqtidarın zəifliyidir.

- Belə fikir var ki, indiki müxalifətdən daha çox dindar müxalifətin sosial bazası var. Sizcə vəziyyət necədir?

- Əslində Azərbaycanda dindar müxalifət müxalif mövqedə deyil. Dövlət, bəzi məmurlar onları müxalifətə çevirməkdədilər. Necə çevirməkdədirlər? Məsələn, namaz qıldığına görə, hansısa korrupsiya faktına qol çəkmədiyinə görə, hansısa əmələ girişmədiyinə görə dindarı işdən çıxarır. İşdən çıxardığın adam nəyə çevrilir? Düşmənə çevrilir. Suriyaya gedən bəziləri işdən çıxarılmış, saqqalı qırxılmış belə bir adam tipləridir. Düzdür, Qarabağ kimi bir savaşın olduğu yerdə hansısa mənasız bir cihad çağırışı ilə gedib Suriyada, Yəməndə döyüşmək çox biabırçı faktdır. Bundan böyük anormallıq varmı? Bunun heç bir izahı yoxdur. Öz ölkənin problemini birinci həll eləməlisən. Qarabağla bağlı məsələlərin həllinə hazır olmalısan. Deyək ki, bir qismi də süni narazılığın fonunda müxalifə çevrilir.


Fazil Mustafa:«Cəmiyyət dəyişəndən sonra yerdə qalanlar xırda məsələlərdir»

Siyasət doğru qurulmayanda bu dindar müxalifət anlayışı ortaya çıxır. Ümumiyyətlə dinin siyasətə qarışdırılması dindarlar tərəfindən çox yanlış bir addımdır. Dinin etik sistemini darmadağın edir. Məsələn, mən Obamayla söhbət elədim. Xalq soruşanda deyəcəm, Obamayla danışdıq ki, ABŞ-la əməkdaşlığımız güclənməlidir, amma Obama mənə deyir ki, filan ölkəyə 200 nəfər qüvvə ver və yaxud da filan məsələyə kömək elə. Bunu xalqa açıq demək imkanım yoxdur. Çünki ABŞ-la münasibətim pozulacaq. Amma bunu islamçı kimliyi ilə deyəndə yalan danışıram. Demək ona görə də siyasətə İslamı qatanda siyasətin yalanını İslama qatırsan. Ona görə də İslam dini hörmətdən düşməyə başlayır. Necə ki, İŞİD-lər, talibanlar, əl-Qaidələr səviyyəsiz bir formada xüsusi kəşfiyyat orqanlarının əliylə İslamı gözdən salırlar. Hansı İslam peyğəmbəri adam öldürüb və elə vəhşilik edib? Adamı diri-diri yandırarlar? İslamda adam yandırmaq var? Demək bu erməni dinidir də. Xocalıda ermənilər bizimkiləri necə yandırıbsa, İŞİD də həmən şeyi İraqda edir. Lap düşmən olsun, məhkəmədir ölüm hökmü verib cəzasını ver. Adamı yandırarlar? Ölüm hökmünün qaydaları var. Əgər Allahın yaratdığı insana cəza verirsənsə, bununda qaydası var. Bu cəzanın qaydasından çıxmaq olmaz. Vəhşilikdir. Ona görə də bu şeyləri dərindən düşünəndə görürsən ki, bu problemlərin böyük əksəriyyətini insanlar özləri yaradırlar. Bunu da çözmək düşünən insanların borcudur.

- Azərbaycanda məzhəblər arasında münasibətlər əvvəlki illərə nisbətən daha gərgindir. Sizcə bu gərginlik açıq müstəviyə qədər inkişaf edə bilərmi?

- Azərbaycanda əslində məzhəblər arasında gərginlik yoxdur. Azərbaycanda dövlətlərarası gərginlik var. Məsələn, deyək ki, bir qrupu İranı dəstəkləyir, İranın marağını təmin edir, oradan nə təlimat alırsa, burada qızışdırıcı fəaliyyəti edirlər. Bir qrup da Səudiyyə Ərəbistanı yaxud da başqa ölkələrin marağın təmsil edirlər. Yəni normal dindar birinci növbədə öz vətənini sevməlidir. İkinci növbədə isə əxlaqı və davranışı ilə nümunəvi olmağa çalışmalıdır. İnsanlara göstərməlidir ki, din insana yüksək əxlaq, yüksək mədəniyyət, insanlıq duyğusu verir. Bundan kənara çıxandan sonra artıq məzhəbin də mənası qalmır.

Fazil Mustafa: «İŞİD-lər, talibanlar, əl-Qaidələr səviyyəsiz bir formada xüsusi kəşfiyyat orqanlarının əliylə İslamı gözdən salırlar»

Azərbaycanda məzhəbçiliyin xüsusi məktəbi yoxdur. Hamısı köçürülmədi. Normal Azərbaycan cəmiyyətində öz məzhəbini də, təriqətini də yaşa, amma ümumi xoşgörü qaydalarına qarşı çıxma. Məsələn, küçədə başını yaracaqsansa, bu digər insana mənfi təsir göstərir. Yaxud çirkli formada saqqalını uzadacaqsansa, filan ölkənin təmsilçisiyəm, onun simvolikasını yayıram, yaxud hansısa ölkənin simvolikasını göstərmək üçün hicab geyinəcəksənsə, bu tamam saxtakarlıqdır. Hicab taxırsansa, normal formada geyin. Qara çadrayla hicab olur? Normal geyin hicabını, başını bağla vəssalam. Kimdir sənin hüququnu tapdalayan? Amma digər tərəfdən də bir tədbir olur, hicablıya deyirlər ki, yox sən burda iştirak edə bilmərsən, başını açmalısan. Yəni elə şeylər var ki, buna görə hər iki tərəfdən elə addımlar atılmalıdır ki, bir problemə çevrilməsin.

- Bəziləri sizi nurçularla əlaqələndirir. Hansısa məzhəbə, ya da təriqətə aidsinizmi?

- Yox. Mənə maraqlı burasıdır ki, siyasətdə də, dini görüşlərimdə də müəyyən edə bilmirlər ki, necə olur ki, bu qədər açıq tekstlə bütün neqativ məsələlərə münasibət bildiririk. Məsələn, Ərəbistan müftisinin fikirlərinin absurd olduğu söyləmişəm, məni Ərəbistana bağladılar. Nurçunun Ərəbistana nə dəxli? Mənə niyə nurçu deyirlər? Çünki bağlanan məktəblərin məsələsini qoyuram. Dedim ki, məktəbi bağlamaq yanlışdır. Məni kiminsə iddiası maraqlandırmır. Biz Şotlandiyada bir Azərbaycan uşağı oxuyursa, ona dərs deyən müəllimin təriqəti ilə maraqlanmışıq? Yox. Amerikada dərs deyən müəllimin təriqəti ilə maraqlanırıq? Yox. Keyfiyyətli dərs deməyi ilə maraqlanırıq. Mən deyirəm türklərin açdığı məktəb bu gün Azərbaycan üçün normal məktəbdir. Bu gedəcək bunun yerini İranla, Rusiya dolduracaq. Mən bunu istəmirəm. Mənim yanaşmam budur. Yoxsa adam nurçudursa, nurçu kimi həbs elə. Adam yaxşı müəllimdirsə, qoy dərsini desin. İndi bunu necə edək ki, bir yarlıq qoyaq. Və çox maraqlıdır ki, Azərbaycanda təriqətçilik , məzhəbçilik əleyhinə ilk dissertasiyanı mən müdafiə eləmişəm. Ümumiyyətlə mən təriqət, məzhəb, hətta haqq-məzhəb anlayışını qəbul eləmirəm. Məsələn, deyirlər 4 sünni haqq məzhəb var. Haqq İslamdır. Dindir, Qurandır. Bunlar hüquqi məktəblərdir. Fərqli yorumlar, fərqli şərhlərdir. Mənim şiələrlə heç bir problemim yoxdur. İnsanlara 2 cür yanaşıram: ağıllı və ağılsız dindarlar. Mühakiməsi doğru olanlar və doğru olmayanlar. Bu şiənin də, sünninin də içində var. Mən bu cinahda olanları da tənqid edirəm ki, bu axmaqlıqdır. İŞİD sünnidir. Deməli o xəttin bir qoludur. Məndən sərt İŞİD-in, Talibanın əleyhinə söz deyən varmı? Bunlar da şiə deyil ki. Bunlar qəsdən buraxılan yarlıqlardır ki, sən geri çəkiləsən, müdafiə etməyəsən.

 

Fazil Mustafa: «Biz Şotlandiyada bir Azərbaycan uşağı oxuyursa, ona dərs deyən müəllimin təriqəti ilə maraqlanmışıq?»

Mənim fikrim kiminsə məzhəbi, təriqəti deyil. Mənim fikrim Azərbaycan insanının aldanmamasıdır. Bilirəm ki, 10-15 ildən sonra yeni bir Şeyx Nəsrullah gələcək, yığacaq azərbaycanlıları deyəcək ölü diriltməyə gəlmişəm. Yenə həmən Məşədi Həsən, Kərbəlayi İbrahim, Hacı Əhməd yığışacaqlar ki, hə gəl dirilt. Yəni 100 ildən bu tərəfə heç dəyişməyən cəmiyyətə gedirik. Bzim borcumuz budur ki, əslində bunu alimlər etməlidir, siyasətçi etməməlidir. Siyasətçi bunu edəndə özünə qarşı əks tərəf də yığır. Sən xoş görünsün deyə hamıya deməlisən ki, siz gözəl millətsiz, hər şey əladı, hər şey qaydasındadır. Qarabağı da qaytaracağıq, İsa bulağında kabab da yeyəcəyik. Hamı bu nağılı istəyir, amma bir vicdan məsələsi var. Sən siyasətdəsən, həm də elmi fəaliyyətlə məşğulsan. Siyasi dvidentini də itirməyə gedirsən, amma deyirsən bu xalqa doğruları söyləyək. İslam bu deyil axı. İslam barış dinidir. Mən hərdən deyirəm ki, Azərbaycan cəmiyyətində Əbülfəz bəy kimi təmiz adam yox idi. Bu camaatın dedi-qodusu nə idi? Əbülfəz bəy içir. Yaxşı biz içmirik. Dedi-qodu yenə varmı? Demək siz xəstəsiz də. Yaxşı biz içmirik, başqa sözünüz yoxdur ki? Namazımızı qılırıq, böhtan atmırıq. Yaxşı bizə deyəcək sözünüz nədir? Hə onda nurçusunuz. Onda vəhhabisən, şiəsən. Belə axmaqlıq başqa cəmiyyətlərdə çox az olur. Ona görə biz bunu aşmalıyıq. Yəni üzərimizə gələn heç bir şey bizi yıldırmamalıdır. Təkcə bu məsələ deyil, həm də tarixlə bağlı Azərbaycan-Türkiyə saxta tarix kitabı, bütün tarix doktorinası yanlış oldu. Norveçdə qəhrəman var? Qəhrəman yoxdur amma adam kimi yaşayırlar. Bizdə hamı yüz il qabaqkı qəhrəmandan danışır. Qəhrəmanın dəyəri nədir axı? Hamı kitabın başlığını oxuyur, içini oxumur. Quranı hamı bilir ki, Qurandır amma büküb şkafın üstündə saxlayıb. Hamı Qurana and içir amma Quranın içinə and içən yoxdur. Biz bu cəmiyyətə nələri deyiriksə, əlbəttə əks neqativ şeylərdə olacaq amma yaxşı düşünənlər də çoxdur.

- Bir ara Qafqaz Müsəlmanları İdarəsi ilə çəkişməniz oldu. Sizcə Qafqaz Müsəlmanları İdarəsi öz üzərinə düşən sosial missiyanı tam olaraq yerinə yetirə bilirmi?

- Qafqaz Müsəlmanları İdarəsindən də çox şey gözləmək düzgün deyil. Bu bir dövlət qurumu deyil. Amma faktiki olaraq üzərinə dövlət qurumu funksiyası yüklənir. Bu yanlışdır. İctimai qurum kimi fəaliyyətini müəyyən dərəcədə qurmaq lazımdır və konkret olaraq təqdir etdiyim hallar da çoxdur. Məsələn, şeyxin Nobel sülh mükafatına təqdim olunma məsələsinə dəstək verdim. Bir azərbaycanlıdır, nə olar ki, dəstək verək. Sülh üzrə ala bilirsə, bu bizim xeyrimizədir. Onun nə ziyanı var? Bəzi addımlar var ki, səhvdir. Məsələn, Ramazan ayını İran təqvimi ilə müəyyən edir. Mən deyirəm ki, niyə İran? İki gün elə. Qoy müsəlmanların hansı hissəsi istəyir bu gün eləsin, hansı istəyir, sabah eləsin. Amma bir tərəfi tutmaq bu o deməkdir ki, digər tərəfi mən heçə sayıram. Bunu deyəndə qəbul etmirlər. Qətiyyən belə deyil, yaxşı bir şeyi ortaya qoysunlar ortaya təqdir edim.

Fazil Mustafa: «Qarabağı da qaytaracağıq, İsa bulağında kabab da yeyəcəyik. Hamı bu nağılı istəyir»

- Azərbaycanın əsas problemlərindən biri korrupsiyadır. Məhz korrupsiyanın hər yerdə tüğyan eləməsi ölkədə sosial ədalətsizliyin əsasını təşkil edir. Sizcə bu bəladan qurtuluş mümkündürmü və mümkündürsə necə?

- Korrupsiyanın qarşısını almaq üçün iqtisadi liberalizmə getmək lazımdır. Siyasətlə iqtisadiyyatın məsafəsini doğru qoymaq lazımdır. Bizdə siyasət iqtisadiyyatdan üstün mövqe tutmaq üçün bir mövqeyə çevrilib. Yəni siyasi post bir imtiyazdır. Bu imtiyaz vasitəsilə də iqtisadiyyatda inhisarçılığı, monopoliyanı əlində saxlayırsan. Monopoliyadan imtina edilməlidir. Doğru rəqabət sistemi qurulmalıdır. Onda Azərbaycanda çox şeylər dəyişəcək. İstedadlı adamlar ortaya çıxacaqlar. İmtiyazlı yox, istedadlı adamlar önə çəkiləcəklər. Bu siyasətində keyfiyyətinə öz təsirini göstərəcək. Amma dediyim kimi birinci problemimiz təhsilsizlik problemidir. Bu gün Azərbaycan təhsili normal bilikli və əxlaqlı insan yetişdirməyə kafi olan təhsil deyil. Ona görə də bunu düşünməliyik. Orta məktəbdə uşağın siqaret çəkməyinə səbəb odur ki, məktəbin futbol meydançası yoxdur, duşu yoxdur. Məktəbdə müəllim-şagird münasibətləri düzgün qurulmayıb. Məktəbin hədəfi doğru deyil. Təhsil qanununda ancaq yetişdirmək yazılıb. Elə bil ağac, gül yetişdirirsən. Amma insanı yetişdirmirlər. İnsana doğru yolu göstərirlər, insan özü addım-addım yürüməyə başlayır. Bu məsələlər köklü fundamental həll olunmalıdır. Təkcə korrupsiya məsələsi deyil, dünyagörüşü, düşüncə dəyişməlidir. Azərbaycan cəmiyyətinin ən ağrılı cəhəti axirət duyğusunun olmamasıdır. Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti ölənə qədər notariusda evi kimə verəcəyini təsdiq eləmirlər. Bəlkə özümlə apardım mülkü düşüncəsi hələ də hamıda qalır. Sona qədər dirənirlər. Amma 45-50 yaşındakı alman artıq notariusda gətirib bunu yazdırır, arxayın çıxıb gedir. Dava da olmur. Bir azərbaycanlı öləndən sonra ailəsində hamı mülk üstündə dava edir. Mən yüzlərlə şikayət alıram, bir yerdə böyümüş bacı-qardaş bir-birinin qanını içməyə hazırdılar. Azərbaycanın reallığı budur. Ona görə də dəyişməliyik, düşüncə dəyişməlidir.


Fazil Mustafa: «Azərbaycan cəmiyyətinin ən ağrılı cəhəti axirət duyğusunun olmamasıdır»

- Azərbaycanın gələcəyinə inamınız necədir? Nə zamansa Azərbaycanda demokratik dəyərlərə söykənən vətəndaş cəmiyyətinin yaranacağına inanırsınız?

- İnanmasam hər halda siyasi fəaliyyət göstərmərəm. Fikirlərimi cəmiyyətə çatdırmağa maraqlı olmaram. Əlbəttə ki, inanıram. Amma inanmağın yolu konkret işdən keçir. Azərbaycanda böyük bir təhsil inqilabına ehtiyac var. Təhsil sisteminin yenidən qurulması həyati əhəmiyyət daşıyır. Çox təəssüf ki, Azərbaycanda 20 il itirildi. Ümidim xaricə gedib təhsil alan insanlaradır. Amma onlar da çox vaxt gözümçıxdıya salınır, işlə təmin olunmurlar. Gəlib bizim qaydalara uyğunlaşırlar, düşüncə dəyişikliyi yarada bilmirlər. Amma bütövlükdə buna gəlməliyik. Buna gəlməsək belə bizi döyə-döyə buna gətirəcəklər. Çünki fikir verirsizsə, bir məhəllədə qaydaya uymayan bir ailə varsa, 15 qaydaya uyan ailə yığışaraq başa salırlar ki, ümumi qaydalara əməl etməlidir. Bunun kimi bir gün bunların hamısı bizə deyiləcək. Elə etməliyik ki, bunları bizə deməsinlər, özümüz həll edək.