“İnanmazdım ki, müharibə məni bu qədər sevindirəcək“. Musavat.com bildirir ki, bu sözləri əslən Xankəndi şəhərindən olan Xalq artisti Fəxrəddin Manafov “Nərgiz” jurnalına açıqlamasında bildirirb. Xalq artisti Xankəndi ilə bağlı uşaqlıq xatirələrini bu cür bölüşüb:
“Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa tezliklə bu barədə danışacam. Neçə illərdir ki, hər gecə yuxu görürəm. Bir qayanın panoramasını, arasında yolun açıldığını görürəm, bu yol isə sadəcə bir nəfər üçündür. Yəni, iki nəfər görüşərsə, onlardan biri mütləq yol verməlidir, ya geri qayıtmalıdır, ya da... Yuxum bu “ya da”ya yer saxlamırdı. Mən çox düşünürdüm ki, bu fikirlər hardan beynimə girir, şüuraltımda haradan qalıb? Bu mənim uşaqlığımdır. Xatırlayıram ki, uşaq ikən Cıdır düzünün kənarında oturub bu mənzərəni izləyirdim. Bu yaxınlarda Azərbaycan televiziyasında çoxdan unudulmuş bir fimi izlədim.
Filmin adı “Şuşa” idi. Filmdə artıq bizim olacaq, bu torpaqlara retrospektiv baxış keçirilirdi və mən həmin panoramanı gördükdə anladım ki, bu, mənim şüuraltımdır, uşaqlıq şüuraltım və o məni itələyir.
Demək istəyirəm ki, bunu unutmaq olmur. Bəli, bizi fiziki olaraq buna məcbur edə bilərlər, amma genetik, şüuraltı olaraq bunu unutmaq mümkün deyil. Bu bizim yaddaşımızdır, qanımızdır, torpaqlarımızdır.
O torpaqlar üçüncü, bəlkə də dördüncü ölkələrin köməkliyi ilə işğal ediləndə mənim 35 yaşım var idi, amma indi 65 yaşım var. Təsəvvür edə bilməzsiniz ki, müharibə məni bu qədər sevindirəcək. Çox sevindirici haldır ki, biz tarixi torpaqlarımıza geri qayıdırıq. Mən xalqımızla, ordumuzla, Baş Komandanımla fəxr edirəm.
Cənab prezident, siz çox gözəl iş görürsünüz! Siz faktiki olaraq bizim xəyal etdiyimiz torpaqları geri qaytarırsınız. Siz tarix yazırsınız. Azərbaycan Ordusunun əsgərləri, siz çox böyük bir tarix yazırsınız. Sizinlə fəxr edirəm. Qələbə bizimdir! Çünki biz haqq yolundayıq".
Daha sonra Fəxrəddin Manafov böyük şair Arseni Tarkovskovun şeirini səsləndirib və fikirlərini "Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu!" ifadələri ilə tamamlayıb.
