|
Oliqarxlar Bakını yandıracaq-
Paytaxtın Xətai rayonunda, Nobel prospektində 9 mərtəbəli binanın 13 saniyə ərzində yanıb kül olması təsadüfi hadisə deyil və aiddiyyatı orqanlara siqnal olmalıdır. Əslində, sintetik üzlüklə binaların üzlənməsinin çox ağır nəticələr doğura biləcəyi ilə bağlı mediada xəbərdarlıqlar bu yanğından da əvvəl səslənirdi. Ancaq hadisə baş verməyənə qədər heç kəs onun bu qədər qorxunc ola biləcəyini düşünmürdü. Hətta belə bir yanğının baş verə biləcəyi ilə bağlı gözləntiləri olanlar da sintetik üzlüklərin belə sürətlə yana bilməsini təsəvvür etmirdi. 13 saniyə ərzində bütöv bir 9 mərtəbəli bina alovlara qərq oldu. Yanğını əks etdirən video paytaxtın hansı təhlükə qarşısında olduğunu çox açıq göstərdi. Paytaxtin qorxunc təhlükə qarşısında olduğunu millət vəkili Fazil Mustafa obrazlı olaraq Qabriel Qarsiya Markesin “Gözlənilən bir qətlin tarixçəsi” əsərinin süjeti ilə müqayisə edib. Qeyd edək ki, dünya şöhrətli yazıçının əsərində hadisələr əyalət şəhərində baş verir. Bu əyalət şəhərində hamı bu qətli gözləyirdi, bilirdilər ki, Santyaqo Nasarı öldürəcəklər, ancaq önləmək üçün tədbir görməyi düşünmək o əyalət qəsəbəsinin sakinləri üçün yad idi. Çünki hamının başı pul qazanmağa qarışmışdı. Dünya şöhrətli yazıçının əsərində qeyd olunan əyalət şəhərində bəlkə də hamının başı pul qazanmağa qarışıbmış. Azərbaycanda isə vəziyyət fərqlidir. Nobel prospektində yanan 9 mərtəbəli binaya görə Azərbaycan vətəndaşları günahkar deyil. Azərbaycan vətəndaşlarının başı pul qazanmağa qarşımayıb. Bu hadisə məmurların başlarının rüşvətə qarışmasının nəticəsidir. Əks halda yanma riski çox yüksək olan bir materialdan binanın üzlənməsi mümkün olmazdı. Bu layihə bir neçə dövlət orqanı tərəfindən təsdiq edilib. İndi media əsasən yanan binanın sakinlərinin üzləşdiyi problemlərdən bəhs edir. Son məlumatlara görə, yanan binanın sakinləri dəymiş ziyanın ödənilməsini tələb edirlər. Xətai Rayon İcra Hakimiyyəti başçısının I müavini Rafiq Quliyev sakinlərlə görüşərək onların kirayə evlərdə yerləşməsi üçün lazım olan vəsaitin ödəniləcəyini və yanan mənzillərin ən qısa zamanda təmir olunaraq təhvil veriləcəyini bildirib. İcra nümayəndəsi qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət komissiya binaya baxış keçirir, dəymiş ziyanı qiymətləndirir. Daha sonra sakinlərə veriləcək kompensasiyanın həcmi müəyyənləşdiriləcək. 
Ancaq reallıq isə ondan ibarətdir ki, yanğın gecəsi təxliyyə olunan sakinlərin yerləşdirilməsi üçün icra hakimiyyəti tərəfindən heç bir yer ayrılmayıb. Yaxınlıqda qohumu olmayan sakinlər küçədə gecələməli olublar. Sakinlərdən bəziləri yanmış evlərdə qaldıqlarını bildiriblər. İcra nümayəndəsi bu fikirlərin əsassız olduğunu deyərək sakinlərin bir-bir qeydiyyata alındığını və hər birinə 400-500 manat məbləğində kirayə haqqının ödəniləcəyini vurğulayıb. Sakinlərə müvəqqəti qalmaq üçün kirayə ev tapmalarını tapşırıb.
Əlbətdə, indi bu binanın sakinlərinin problemləri hansısa bir yolla həllini tapacaq. Əsas məsələ isə ondan ibarətdir ki, yanğın baş vermiş binanın cəmi 13 saniyə içərisində tamam alova qərq olmasının səbəbi olan penoplast materialı ilə bağlıdır. Daha doğrusu Bakıda bir çox yaşayış binalarının və məktəblərin üzərinə məhz bu materialdan üzlük çəkilib. Görünüş cəhətdən daş örtüyünü xatırladan bu tez sınan və tez alışan material, əsl daş örtüyündən çox ucuzdur. Ucuz olmaqla yanaşı, həm də quraşdırılması asan başa gəlir və vaxt itkisi az olur. Bu da Bakıda təmir aparan qurumlara, xüsusən də Şəhər İcra Hakimiyyətinə sərf edir. Digər tərəfdən bu materialı istehsal edən müəssisələr çox böyük pullar qazanır. 
İndi paytaxtın əksər rayonlarında binaların üzləri bu örtüklə qapayan oliqarxların pul qazanmaq ehtirası bütün şəhəri böyük yanğınla üz-üzə qoyub. Kiçik bir təxribat bütün paytaxtı böyük alova bürüyə bilər. Bakıda erməni kəşfiyyatının bir neçə dəfə terror törətdiyini də nəzərə alanda vəziyyət daha da təhlükəli görünür. Redaksiyamıza daxil olan məlumata görə paytaxın Nərimanov rayonunda yerləşən Bağça-Məktəb-Lisey Kompleksinin ötən il istifadəyə verilmiş yeni binasının üzlüyü də penoplastdandır. Nobel prospektindəki yanğından sonra Nərimanov rayonunda yerləşən Bağça-Məktəb-Lisey Kompleksinin müəllimləri və şagirdləri, onların valideynləri qorxu içindədir. Onlar mümkün yanğın zamanı böyük faciənin yaşana biləcəyindən ehtiyat edirlər. Son məlumata görə, müəllimlər bu məsələni təhsil naziri Mikayıl Cabbarovun qarşısında qaldırmağa hazırlaşırlar. Onlar binanın üzlüyünün dəyişdirilməsini tələb etmək istəyirlər. Mövzunun aktuallığını nəzərə alaraq diqqətdə saxlamağa çalışacağıq.
(Yeni Sözçü)