|
Pompeo ilə görüş nə vəd edir

Qabil Hüseynli: “Amerika son anda Dağlıq Qarabağ probleminə baş qoşub, məntiq onu deyir ki...”

Oktyabrın 23-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Vaşinqtonda Amerikanın dövlət katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur. Bu görüş ətrafında Azərbaycan tərəfdə çoxsaylı müzakirələr açılıb.

Müzakirələrin əsasını bu görüşdən imtina edib-etməklə bağlı yaranan suallar təşkil edir. Buna səbəb indiyə qədər Minsk Qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyətlərinin faydasız olmasıdır. Eləcə də üç həmsədr ölkənin-Rusiya, Amerika və Fransanın sentyabrın 27-dən bu yana konkret mövqe sərgiləməməsidir.

Sabiq dövlət müşaviri Qabil Hüseynli görüşün Vətən müharibəsi və diplomatik müstəvidəki addımların fonunda nə vəd etməsindən danışdı. Politoloq bu görüşün hansısa nəticə verəcəyini düşünmür: “Ona görə də ilk baxışda düşüncə yaranır ki, bu görüşdən imtina etmək pis olmazdı. Amma həm də məntiq onu da deyir ki, Azərbaycana yönəlik bəzi təzyiqlər, hətta təhdidlər, sanksiya hədəsi o qədər artıb ki, rəsmi Bakının burada manevr etməsi zərurətə çevrilib. Belə danışıqlar yüz dəfə keçirilib. Hərə öz məqsədini güdür. Amerika son anda Dağlıq Qarabağ probleminə baş qoşub, Trampın seçkilərdə səslərini artırmaq məqsədini güdür. Burada başlıca olan odur ki, bu ölkələrin hər birinin öz məqsədi var. Makron da Fransada seçkilərdə qələbəsinə yönəlik siyasət həyata keçirir. Vaşinqton görüşündən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünün təşkil edilməsinə çalışacaqlar. Ortada bir xristian həmrəyliyi, ikili standartların meydan sulaması, müsəlman ölkələrinə təzyiq xülyası var. Son dövrlərdə müsəlmana, türklərə fobiya Amerika, Avropa ölkələrində, Rusiyanın özündə ciddi xarakter almağa başlayıb. Mətbuatda gedən yazılar bunu açıq göstərir. Bir sözlə, biabırçılıqdır. Özlərini mədəni xalq elan edən bu zatlar əməldə tamamilə əksinə hərəkət edirlər. Çox təhlükəli tendensiya cərəyan etməkdədir.

Hakimiyyət-müxalifət mübarizəsi intellektual müstəviyə keçərsə…” – Qabil  Hüseynli – Yenicag.Az

Bu, sivilizasiyaların qarşıdurmasına gətirib çıxara bilər. Dinlərarası qarşıdurmanın da baş verməsi təhlükəsi var. Bircə misal göstərsinlər ki, Azərbaycana bu işində Türkiyə, Ukrayna, Pakistan və Qətərdən başqa kimsə dəstək verib. Amma Ermənistana xristian dininə sitayiş edən bütün ölkələr gizli və ya açıq formada dəstək verirlər. Bu, formalaşmış dünya düzəninin inkişafında böhran yaratmaq cəhdidir. Onlar qarşılarına BMT-nin dörd qətnaməsini qoysunlar. İndi onun üstündən tapdalayıb keçəcəklər? Beynəlxalq hüquq normalarını bu qədər tapdalamasınlar. Türkiyəyə, Azərbaycana qarşı bunu edə bilməzlər. Xam xəyallara qatılmasınlar. BMT-nin təyin etdiyi bivec həmsədrlərin əvəzinə qətnamələrinin yerinə yetirilməsi, torpaqlarımızın azad edilməsi, bir milyondan artıq torpaqlarını itirmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması ilə məşğul olsunlar. Hazırda biz bu işlə məşğuluq. Bu sırf humanitar bir aksiyadır. Nə olsun ki, biz torpaqlarımızı ordunun köməyi ilə azad edirik. Bəs ordunun köməyi ilə bu torpaqları alanda, hətta üçüncü supergüc buna kömək edəndə, Xocalı faciəsi törədiləndə, Qaradağlı soyqırımı baş verəndə niyə biriniz səsinizi çıxarmırdınız? Onda ölənlər insan deyildi? Bir sözlə, biz artıq ərazi bütövlüyümüzü təmin etmək üzrəyik. Belə danışıqlar bizi yolumuzdan dayandıra bilməz”.

Azərbaycan-Rusiya münasibətləri daha yüksək inkişafa nail ola bilər”

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, ABŞ Minsk Qrupunun həmsədri kimi sentyabrın 27-dən Qarabağ məsələsində ölkəmizi qane edən bir mövqe sərgiləyir: “Söhbət ondan gedir ki, məsələyə qarışmır. Bu bizə lazımdır. Bizim üçün əsas olan Ermənistanın meydanda tək buraxılmasıdır. Yəni Prezident bəyan etdiyi kimi, gəlsinlər təkbətək vuruşaq, görək necə olur bu işin nəticəsi. Bu proses fonunda Vaşinqton, sadəcə, dekorativ bəyanatlarla mövqeyini bildirir. Qeyd edim ki, Vaşinqton görüşü ərəfəsində Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada üç görüş keçirib. Bu görüşlərdə Ermənistan heç bir geri addım atmır və nəticədə Azərbaycan qərarlı şəkildə öz əks-həmlə əməliyyatlarını uğurla davam etdirir. Vaşinqton görüşündən də müsbət nəticələr gözləmirəm. Çünki bu görüş Vaşinqtonda sadəcə atəşkəsə əməl etmək və baza prinsipləri üzrə danışıqlara qayıtmaqdır. Sadəcə, müharibəni aparmaqla biz diplomatik müstəvidə də fəal olmalıyıq və heç bir görüşdən geri çəkilmək lazım deyil. Ümumi Vaşinqton görüşü, hər halda Moskvada keçirilən görüşdən bizim üçün daha da əhəmiyyətlidir. Çünki Vaşinqtonun Azərbaycana qarşı münasibəti müsbət və Helsinki Yekun Aktına əsaslanaraq daima münaqişənin həllinə əsaslanıb. Ona görə də Vaşinqtona getmək, bir daha masada haqq işimizə dəstək almalıyıq. Bu qalib bir səfərdir. Vaşinqton da masada olmalıdır və Rusiyanın mövqeyini neytrallaşdırmalıdır. Düşünürəm ki, bu görüş Azərbaycan üçün əhəmiyyətlidir. ABŞ ərazi bütövlüyü çərçivəsində daim çıxış edir və Qarabağ məsələsinin köklü həlli regionda onun maraqlarına xidmət edir”.