“Ön cəbhədə erməni, arxa cəbhədə isə koronavirusla mübarizə aparmalıyıq ki, insanımızı qoruyaq, qələbəni tam sevinclə qeyd edək”
Dünyada və Azərbaycanda koronavirusa sutkalıq yoluxma xeyli artıb. Əslində payız aylarında yoluxmanın artacağı gözlənilən idi. Lakin mütəxəssislər bildirirlər ki, dünyanın bəzi ölkələrində proqnozlaşdırılandan da artıq yoluxma müşahidə edilir.
Biz bu materialı hazırlayan zaman dünyada 40 milyon 325 min 508 nəfər koronavirusa yoluxan, 1 milyon 118 min 848 nəfər koronavirusdan ölən, 30 milyon 136 min 426 nəfər isə bu virusdan sağalan var.
Günlük yoluxma sayı xeyli yüksələrək 400 mini keçib. Koronavirusdan günlük ölüm sayı isə azalaraq, 3-4 min nəfər arasındadır.
Azərbaycanda durum nə vəd edir?
Vətən müharibəsi aparan ölkəmiz üçün arxa cəbhə də çox önəmlidir. Ordumuz ön cəbhədə dayanmadan irəliləyir. Arxa cəbhədə də görünməz “düşmən”lə mübarizə yüksək səviyyədə davam etdirilir.
Belə ki, Azərbaycanda yoluxmanın qarşısını almaq üçün sentyabrın 19-dan saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldı.
Bundan başqa, oktyabrın 19-dan noyabrın 2-si tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olundu. Nazirlər Kabineti bildirib ki, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılır, digər əməkdaşlar məsafədən iş rejiminə keçirilir.
Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur.
Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilir.
Son günlər ərzində Azərbaycancda koronavirusa yoluxanların gündəlik sayı bir neçə dəfə artıb.
Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb.
Hesab edilir ki, noyabrın 2-nə qədər qaydalara əməl edilərsə, Azərbaycanda yoluxma sayı yenə də aşağı düşəcək. Lakin mütəxəssislər bildirirlər ki, havalar soyuduğu üçün hazırda vəziyyət bir qədər çətinləşib.
Hər kəsin tövsiyəsi odur ki, vətəndaşlar sosial məsafə gözləyib, tibbi maskadan istifadə etsinlər.
Bəs Bakıda bu məsələ ilə bağlı durum necədir?
Müşahidələrimiz nəticəsində deyə bilərik ki, iri supermarketlərdə tibbi maskadan istifadə etməyəni mağazaya buraxmırlar. Eyni zamanda girişdə dezinfeksiyaedici məhlul qoyulub və insanlar içəri keçən zaman əllərini dezinfeksiya edirlər.
Avtobuslarda da tibbi maskasız sərnişinə sürücü irad bildirir. Eyni zamanda polislər də avtobuslarda reydlər keçirirlər. Maskasız vətəndaşa xəbərdarlıq olunur və avtobusdan düşürülür.
Rəsmi məlumatlara görə, avtobuslar, parklar, qapalı məkanlar dezinfeksiya edilir.

“Yeni Müsavat”a danışan həkim Zülfüqar Yusifov bildirib ki, iki həftə ərzində qaydalara əməl edilərsə, yoluxma sayı azalacaq:
“Lakin bu, koronavirusun tamamilə yox olacağı anlamına da gəlmir. Havaların soyuması yoluxma riskini artırıb. Çünki insanların ünsiyyət intensivliyi bir qədər də çoxalıb. Bu baxımdan qoyulan qaydalar əslində riski azaldar və sayın az olmasına kömək edər. COVİD-19-un digərlərindən fərqi elə yoluxucu qabiliyyəti ilə bağlıdır. Bundan öncəkilərin öldürücü əmsalı yüksək idi. COVİD-19-da bəzi ölkələrdə ölüm hətta 1-2 faiz təşkil edir. Yoluxma intensivliyi isə yüksəkdir. Təbii ki, yoluxma zamanı da biz əgər lazım olan tədbirləri zamanında görməsək, virus bir orqanizmdən digərinə keçməklə, yeni mühit tapır və daha da çoxalır. Bunun qarşısını almağın da ən doğru yolu yenə də karantin qaydalarına əməl etməkdir”.
Həkim bildirib ki, son zamanlar koronavirusa yoluxanların sayının artmasında havanın rolu böyükdür:
“Hazırda hava-damcı yolu ilə keçən digər xəstəliklərə də yoluxanların sayı artır və bu, hər il də belə olub. Böyük ehtimal ki, son zamanlar yaşadığımız qələbə xəbərləri də bir-birimizlə olan ünsiyyəti artırıb. Bütün bu nüanslar da yoluxmanın artmasına səbəb olan amildir. İnsanlar bunu da nəzərə alıb, özlərini qorumalıdırlar. Ön cəbhədə erməni ilə, arxa cəbhədə isə koronavirusla mübarizə aparmalıyıq ki, insanımızı qoruyaq, qələbəni tam sevinclə qeyd edək”.
