|
Emin Həsənli: “Bütün ölkə boyu hava hücumundan müdafiə sistemi yüksək səviyyədədir”

“Əgər belə olmasaydı,  indikindən 20 dəfə böyük zərbələr alardıq”

Sentyabrın 27-dən başlayan böyük vətən müharibəsində Azərbaycan ordusunun qazandığı qələbələr düşmən tərəfi daha da azğınlaşdırdı və onlar hər zaman olduğu kimi savaş meydanında məğlub olub, mülki əhalini hədəfə aldılar. Öncə Ağdam, Tərtər, Bərdə, Goranboy rayonları düşmənin atəş nöqtəsinə çevrilsə də, sonra düşmən hədəfi daha da böyüdərək namərd planlarını Gəncəyə yönəltdi. Gəncədə oktyabrın 4-də və 17-də baş verən terror hadisələrində uşaqlar, qadınlar da daxil olmaqla dinc sakinlər həlak oldu. Bundan başqa, Ermənistan strateji obyektləri, beynəlxalq enerji layihələrini, Mingəçevir SES-i, Xızını, Abşeronu hədəfə alsa da, Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən bu hücumların qarşısı alındı. Hazırda əhalini narahat edən əsas sual budur ki, Azərbaycanın hansı şəhər və rayonlarında hava hücumundan müdafiə sistemi var? Gəncədə də bu sistem varmı, baş verəcək hadisələrin qarşısını almaq mümkün olacaqmı?

Bu sualları “Yeni Müsavat”a açıqlamasında cavablandıran hərbi ekspert Emin Həsənli bildirdi ki, Azərbaycanın hər yerində çox güclü hava hücumundan müdafiə sistemi var: “Ölkə ərazisində hava hücumundan müdafiə sistemi həddindən artıq yüksəkdir. Əgər belə olmasaydı, vaxtında şəhərlərimiz yüksək səviyyədə müdafiə olunmasaydı, vaxtında bu istiqamətdə işlər görülməsəydi, biz indikindən 20 dəfə böyük zərbələr alardıq. Düşmən həm Gəncədə, həm Mingəçevirdə, həm Bakıətrafı yaşayış məntəqələrində, həm də digər yerlərdə, Bərdə, Ağdam və Tərtərdə atılan zərbələrin törətdiyi faciələrin miqyası daha böyük olardı. Əslində indiki miqyas çox azdır. Doğrudur, bu da olmamalı idi. Mülki əhaliyə o cür raketlər atılmamalı idi. Mülki əhaliyə heç bir silahdan atəş açmaq olmaz, o ki qaldı raket olsun. Bizim çox güclü peşəkar ordumuz var. Neçə  ki, əks-hücumda çox böyük nailiyyətlər əldə edirlər, eyni zamanda hava hücumundan müdafiədə də çox böyük peşəkarlıq göstərirlər. Qarabağda ermənilərə məxsus zenit raket komplekslərinin hamısını sıradan çıxartmışıq. Onlar artıq Ermənistan ərazisindən atırlar, bununla həm diqqətimizi yayındırmağa çalışırlar, həm də istəyirlər ki, digər ölkələri bu proseslərə cəlb etsinlər”. 

Ekspertin sözlərinə görə, Qarabağ məsələsi bütünlüklə işğaldan azad ediləndən sonra əgər Ermənistan bu təxribatları davam etdirsə, cəzası daha böyük olacaq: “Necə ki, daha öncə ermənilər təxribat törədərkən , Prezident İlham Əliyev xəbərdarlıq edirdi ki, bunu dayandırın, cəzası ağır olacaq. Ancaq onlar dayandırmadılar və bunun nəticəsini hər kəs gördü. Əgər Qarabağın azad olunmasından sonra da, Ermənistan öz ərazisindən şəhərlərimizi vurmağa davam edəcəksə, bunun cəzasını alacaq. Azərbaycanın hər bir vətəndaşı dövlətimiz üçün qiymətlidir, hər bir vətəndaşın təhlükəsizliyi üçün dövlətimiz gərəkli addımları atır, bundan sonra da atacaq. Dünyanın hər yerində belədir, müharibə itkisiz olmur, şəhidsiz, qazisiz olmur. Bundan heç bir dövlət sığortalanmayıb. Dünyanın ən müasir, inkişaf etmiş dövləti olsa belə, itkisiz müharibə aparmaq mümkünsüzdür”.

Qeyd edək ki, ardıcıl olaraq iki yaşayış binasının Ermənistanın raket atması nəticəsində dağılması Gəncədə hava hücumundan müdafiə sisteminin olmaması ilə bağlı rəy yaradıb. Hərbi ekspert isə bu fikrin doğru olmadığını qeyd etdi: “Bütün ölkə ərazisində, hər tərəfdə Azərbaycanın hava sərhədləri qorunur. Gəncədə də, Qazaxda da var. Qazaxdan Naxçıvana qədər, oradan da Qusara qədər hər yerdə hava məkanı qorunur. Gəncənin müdafiəsiz olması doğru fikir deyil, Gəncə bizim ikinci ən böyük şəhərimizdir, Qərb paytaxtımızdır. Əhalinin ən sıx yaşadığı ikinci şəhərdir. Ona görə də, bu şəhərdə hava hücumundan müdafiənin olmaması doğru fikir deyil. Orada da çox sayda hava hücumlarının qarşısı alınıb. Bəzən həmin ərazilərdən qadın və uşaqların çıxarılması ilə bağlı fikirlər səslənir. Ancaq düşmənin məqsədi də elə budur ki, böyük şəhər və rayonlardan qadınlar, uşaqlar çıxarıla, yeni qaçqın köçü yarana, xaos yarana. Cəbhəboyu böyük şəhərlərə, Gəncə kimi şəhərlərə atmaqda düşmənin əsas məqsədi odur. İnsanlar oradan çıxdıqca xaos yarana bilər, ancaq xalqımız özü də çox mərd və cəsarətlidir, heç kim evindən çıxmır. Dövlət də baş verə biləcək təhlükələrin qarşısını alır. Heç kim istəməz ki, mülki əhali, şəhid ola, dünyasını dəyişə. Bu qəbuledilməz haldır, dünyadakı bütün hüquqlara, bütün konvensiyalara ziddir. Təəssüflər olsun ki, biz dünyanın ən riyakar, ən namərd, ən mənəviyyatsız bir dövləti ilə vuruşuruq. Onlar üçün heç bir əxlaqi dəyər yoxdur”.

Ekspertin sözlərinə görə, bundan sonrakı bütün hücumların da qarşısı alınacaq: “Ölkənin strateji əhəmiyyətli obyektləri, Mingəçevir SES, Azərbaycandan başlanğıcını götürən beynəlxalq enerji layihələri də yüksək səviyyədə qorunur. Tovuz hadisələri zamanı da, ondan sonra da ermənilər beynəlxalq layihələri vurmaq istədilər, bütün bu hücumların qarşısı alındı. Bundan sonra da alınacaq.

Düşmən cəbhədə çox böyük zərbə alır, canlı qüvvəsini, milyonlarla dəyəri olan hərbi texnikasını, əlindəki mövqeləri, yüksəklikləri itirir. Ona görə də azğınlaşırlar, mülki əhalini vururlar. Onların həmişə gücü mülki əhaliyə gücü çatıb. Qarabağın  cənub cəbhəsi yaxın vaxtlarda işğaldan azad ediləcək, şimal cəbhəsində də uğurlar davam edir. Bütövlükdə Qarabağ problemi yaxın vaxtlarda həllini tapacaq. Məhz bundan sonra, Ermənistanla sərhədlər müəyyən edildikdən sonra bu məsələyə baxılacaq. Ermənistan yenə davam edəcəksə, cəzası daha ağır , daha sərt olacaq. Düşmən ölkə kimlərəsə arxayın olub, belə əməllər törədir. Azərbaycan bu məsələni birdəfəlik bitirəcək. Soyqırımı, bu faciələri törədənlərin bir qismi artıq cəbhədə cəzasını alıb, o yaşlı insanlar ki, Ermənistan tərəfindən səfərbərlik adı ilə müharibəyə göndərilib, onların öldürülməsi Xocalının, I Qarabağ Müharibəsinin qisası deməkdir. Əksəriyyəti həmin hadisələrdə iştirak ediblər. Yaxşı onlar öz əcəlləri ilə yox, Azərbaycan əsgərinin atəşi ilə öldülər. onlar terrorçulardır, ağır hərbi cinayətlər törədiblər. İndi də cəzalarını alırlar. İndiki savaşın iştirakçıları da ordumuzun əlindən qurtarsa, məhkəmə qarşısında etdiyi cinayətə  görə cavab verəcəklər".