İnsan haqları təşkilatları və keçmiş diplomatlar ABŞ dövlət katibi Con Kerriyə açıq məktub yazaraq insan haqlarını pozan Azərbaycan rəsmilərinə viza qadağası qoymağa, onların səhmlərini dondurmağa çağırıblar. AzadlıqRadiosunun məlumatına görə, müəlliflər Azərbaycanın dövlət qurumlarına ABŞ-ın ticarət sahəsində həvəsləndirici yardımlarını dayandırmağa səsləyiblər.
Məktub müəllifləri dövlət katibindən fundamental insan haqlarına sayğı göstərməsi üçün Azərbaycan hökumətinə təpki göstərməsini də istəyirlər: “İllər uzunu Azərbaycanın enerji təminatçısı və terrorçuluğa qarşı mübarizədə, təhlükəsizlik sahəsində tərəfdaş olmasına görə onun insan haqları sahəsindəki məyusedici durumuna nisbətən az diqqət yetirilib.
Son bir ildə artan repressiyalar belə yanaşmanı artıq tamamilə faydasız edib. Əgər Qərb həlledici qərarlar qəbul etməsə, biz yaxınlaşan parlament seçkilərində vəziyyətin daha da pisləşəcəyindən qorxuruq".
Məktubda AzadlıqRadiosunun Bakı bürosunun qapadıldığı, dövlət rəsmilərinin Qərbə qarşı eybəcər kampaniyada iştirak etdiyi də qeyd edilir. Məktuba “Freedom House” təşkilatı da qoşulub. Təşkilatın saytında məktubla bağlı yerləşdirilmiş xəbərdə deyilir ki, Azərbaycan hakimiyyəti 2014-cü ildə 34 insan haqları müdafiəçisini, siyasi, ictimai fəalı, jurnalisti məhkum və ya həbs edib.
“İnsan haqları qrupları hesab edirlər ki, hökuməti tənqid edənlərin həbsləri Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində ”küçələri təmizləmək" siyasəti ilə bağlıdır" deyə, məktubda bildirilir. Aprelin 9-da isə dövlət ittihamçısı Azərbaycanda insan haqları pozuntularını aşkar edən fəal təşkilatlardan birinin rəhbəri - Rəsul Cəfərovun 9 illiyə həbs olunmasını tələb edib. Rəsul Cəfərov Bakıda düzənlənən “Eurovision” müsabiqəsi zamanı hökuməti insan haqlarının vəziyyətinə görə sərt tənqid edirdi.
Con Kerriyə açıq məktuba imza atanlar ABŞ dövlət katibinin demokratiya və insan hüquqları üzrə keçmiş köməkçiləri Elliot Abrams, Devid Kramer, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, AzadlıqRadiosunun keçmiş direktoru Cefri Qedmin, “Freedom House” təşkilatının direktoru Mark Laqon, Demokratiya və Şərqi Avropa İnstitutunun direktoru İrena Lasota, AZAD təşkilatından Elmar Şahtaxtinski, Qorxmaz Əsgərov, Ramiz Yunus və digərləri olub.
Qeyd edək ki, ABŞ hökumətinin bu cür sanksiya siyahısı bir neçə il əvvəl Rusiya məmurları barəsində hazırlanıb. Vaşinqton insan haqlarını pozmaqda, korrupsiya və sair ittihamlarda adı gedən rusiyalı məmurlar barədə məhdudlaşdırıcı siyahı hazırlayıb. Azərbaycandan olan bəzi məmurlara qarşı bu cür “qara siyahı”ların hazırlanması çağırışları daha əvvəl də olub. Ancaq Vaşinqton müəyyən səbəblərdən bu addımı atmayıb. İndi isə Bakının Avropa Oyunlarına hazırlaşdığı bir zamanda nüfuzlu təşkilat və şəxslərin sanksiya çağırışı edilib. Doğrudur, son zamanlar Azərbaycan hakimiyyətinin Qərb ölkələri ilə dil tapmağa çalışdığı bildirilsə də, ölkə daxilində insan haqları və söz azadlığı mövzusunda ciddi problemlər hələ də qalır. Ancaq hazırda Qərbin Rusiya ilə qarşıdurma vəziyyətində olduğu bir zamanda Azərbaycan kimi ölkə ilə münasibətləri gərginləşdirəcəyi şübhəlidir.
Politoloq Natiq Miri deyir ki, bu müraciətlər Azərbaycana təzyiq mexanizmi kimi nəzərdə tutulur. Ancaq politoloqun fikrincə, indiki mürəkkəb geosiyasi vəziyyətdə ABŞ hakimiyyəti Azərbaycanla növbəti gərginlik yaratmaq istəməyəcək. Bu mənada ekspert sanksiya çağırışının reallaşacağını zənn etmir: “Hələlik sanksiya mərhələsi yetişməyib. Rusiya, İran, Suriyaya tətbiq olunan sanksiyalar gözlənilən hədəflərinə çatmamış ABŞ Cənubi Qafqazda prosesləri öz əleyhinə çevirmək istəməz.
Çünki ən cüzi sanksiyaların tətbiq olunması belə bu mərhələnin başlandığı anlamına gəlir ki, sonrakı mərhələlərdə hədəfə çatmaq üçün artan xətlə davam edir. ABŞ isə hələlik buna hazır deyil. Çünki regionda İranla məsələ hələlik tam aydınlaşmayıb. Rusiya ilə qarşıdurma isə davam edir. Məhz hadisələrin fonunda Yaxın Şərqdə böyük bir savaş başladılır və sanksiya tətbiq olunan tərəflər bu savaşa sürüklənir. Bunlar hamısı böyük bir planın tərkib hissələri kimi baş verir. Ona görə də Azərbaycanı indiki mərhələdə bu siyahıya salmaq Cənubi Qafqazda Rusiyanın birmənalı güclənməsinə gətirərdi. ABŞ məhz bu səbəblərdən hələlik daha təmkinli davranmağa davam edəcək”.
N.Mirinin fikrincə, ABŞ-ın yeni təyin olunmuş səfiri iki ölkə münasibətlərində mövcud olan anlaşılmazlıqları aradan qaldırmaq üçün çalışır və belə bir məqamda Vaşinqton münasibətləri yenidən gərginlşdirməyə çalışmayacaq: “Nəzərə almaq lazımdır ki, ABŞ səfiri hakimiyyətlə işləmək üçün xüsusi tapşırıqlar alaraq ölkəmizə gəlib və bu yöndə informasiyalar toplanır, analiz edilir və hakimiyyətlə müəyyən islahatların aparılması yönündə işlər aparılır. Gələcək proseslərin də məhz bu kontekstdə davam edəcəyini düşünürəm. Yəni hakimiyyəti dəyişdirmək deyil, daha çox hakimiyyətin mahiyyətcə dəyişməsinə rəvac vermək yönündə işləyir. Olunan müraciətlərsə sadəcə hər şeyin yalnız kökədən ibarət olmadığını göstərmək istəyidir”.//Musavat.com
