“Azərbaycan ordusu və Ali Baş Komandanı elə bir örnək, elə bir vəziyyət yaradıb ki...”
Sentyabrın 27-də Qarabağda hərbi əməliyyatlar başlayandan sonra keçən müddətdə Azərbaycan Prezident İlham Əliyev dünya mediasının diqqətində olan bir nömrəli liderə çevrilib. Rusiyanın, Türkiyənin, Fransanın və digər ölkələrin dünyaca nüfuzlu telekanalları, CNN, Evronyus kimi dünya miqyaslı telekanallar Azərbaycan Prezidenti İlham Əliyevdən müsahibələr alıb. İlham Əliyev hər gün bir neçə bu cür telekanallara müsahibə verir. Bu müsahibələrdə Azərbaycan rəhbəri ortaya böyük fərq, ciddi istedad, diplomatik bacarıq qoyur. Prezidentin müsahibələri dünya və Azərbaycan ictimaiyyətində həssaslıqla izlənir.
Bu barədə “Yeni Müsavat”a şərhində Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, İlham Əliyev bu müsahibələrində müharibəyə cəlb olunmuş, torpaqlarını işğaldan azad etmək üçün mübarizəyə qalxan dövlətin, xalqın Ali Baş Komandanının necə olmasını bütün dünyaya nümayiş etdirir: “Bu müsahibələrlə İlham Əliyev diplomatik cəbhədə və informasiya cəbhəsində Azərbaycanı önə çıxarır. Azərbaycanın haqlı olduğunu bizi haqsız hesab edənlərə izah eləyir və onların mövqeyinin dəyişməsinə nail olur. Prezident İlham Əliyev dünya miqyaslı siyasətçi olduğunu bir daha nümayiş etdirir. Onun dünya liderləri tərəfindən nüfuzlu siyasi lider olaraq qəbul olunması faktdır. Bu amil də onun müsahibələrinə diqqəti artırır. Azərbaycan Prezidenti müsahibələrində çox açıq və geniş şəkildə elə mesajlar verir ki, o mesajlara dünya birliyinin laqeyd qalması mümkün deyil. Vətən müharibəsində haqlı tərəf olduğumuzu Prezident çox böyük ustalıqla dünya ictimaiyyətinə çatdırır. Bu cür müsahibələrin Azərbaycan ictimaiyyəti, ordusu üçün də çox böyük əhəmiyyəti var. Prezidentin verdiyi bu müsahibələr həm Azərbaycanın imicini dünyada qaldırır, həm də haqq səsimizi dünyaya çatdırır”.
Vahid Əhmədov qeyd etdi ki, prezidentin müsahibələri gələcəkdə diplomatiya kitablarında istifadə oluna bilər: “Müharibə aparan dövlətin liderinin necə olmasını gələcəkdə diplomatlar, siyasətçilər İlham Əliyevin müsahibələrini izləməklə, oxumaqla öyrənəcəklər.

Vahid Əhmədov
Deputat onu da bildirdi ki, Azərbaycan ordusu bir tərəfdən, Azərbaycan Prezidentinin müsahibələri digər tərəfdən Ermənistan baş naziri Nikol Paşinyanı çıxlmaz vəziyyətə salıb. İlham Əliyev çox savadlı, təcrübəli diplomatdır. Onun qarşısında Nikol Paşinyan hədsiz dərəcədə zəif, aciz görünür. Paşinyan öz savadsız müsahibələri səviyyəsizliyini, ölkəsinin haqsız tərəf olduğunu nümayiş etdirir. Azərbaycan ordusu və Ali Baş Komandanı elə bir vəziyyət yaradıb ki, Paşinyan nə danışdığını, nə etdiyini bilmir, demək olar ki, çaşqın durumdadır. Paşinyan Ermənistan dövlətini məhvə aparır".
Deputat Aydın Hüseynov isə bildirdi ki, bu müsahibələr Prezident İlham Əliyevin dünya miqyaslı dərin diplomatik keyfiyyətlər və biliyə malik lider olduğunu bir daha nümayiş etdirir: “Prezident İlham Əliyev Rusiya və Avropa auditoriyasında, mediasında Dağlıq Qarabağın və münaqişənin tarixi haqqında yanlış fikirlərin və fərqli yanaşmaların olduğunu nəzərə alaraq, faktlar əsasında tarixi gerçəkilik barədə qısa, lakin müfəssəl məlumatlar verir. Dövlət başçısı Azərbaycanın milli maraqlarını müdafiə etməyin, münaqişə və ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının nümunəsini ortaya qoyur. Prezident İlham Əliyevin bu yanaşması vətənpərvərliyin, ali vəzifə kimi Azərbaycanın milli maraqlarının müdafiəsi və təbliğinin hər bir vətəndaş üçün prioritet vəzifə olduğunu aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyevin sentyabrın 27-dən indiyə qədər dünyanın nüfuzlu telkanallarına müsahibələri Ermənistanla diplomatik müharibədə Azərbaycanın necə böyük üstünlüyə malik olduğunu göstərir. Cənab Prezident bu müsahibələrlə dünya güclərinin, dünya ictimaiyyətinin Qarabağ məsələsində mövqeyinə çox ciddi təsir edib. Azərbaycanın haqlı tərəf olduğunu İlham Əliyev faktlarla, tarixi sənədlərlə, beynəlxalq hüquqa əsaslanmaqla o dərəcədə peşəkarcasına dünya ictimaiyyətinə çatdırır ki, artıq iki həftə öncə mövqelərini Ermənistandan yana olan bir sıra ölkələr, siyasətçilər mövqelərində dəyişiklik ediblər. Cənab Prezident diplomatik savaşda Ermənistanın mövqelərini bu müsahibələrlə darmadağın edir. Prezidentimizin bu müsahibələri Azərbaycanın daxilində də çox böyük effekt verir. Azərbaycan xalqında, ordumuzda özünəinamı, ruh yüksəkliyini bu müsahibələr daha da artırır. Xüsusilə işğalçı ilə döyüşən əsgərlərimiz, zabitlərimiz necə qətiyyətli, özünə, xalqına, ordusuna inamlı Ali Baş Komandanının olduğunu bir daha görür. Bu isə ordumuzun döyüş əzmini daha da yüksəldir”.
Deputat qeyd etdi ki, Nikol Paşinyan da müəyyən müsahibələr verir və bu müsahibələr onun özünü və ölkəsini bir daha rəzil duruma yuvarlayır: “Bütün dünyanın gözləri önündə bir tərəfdə müasir və güclü Azərbaycanı quran qalib lider, hər bir sözünün, cümləsinin yerini zərgər dəqiqliyi ilə seçən yüksək səviyyəli diplomat, o biri tərəfdə öz ölkəsini fəlakətə sürükləyən yalançı, avantürist, danışığının məsuliyyətini bilməyən, isterika içərisində olan ”siyasətçi" var. Prezident İlham Əliyev müsahibələrində böyük siyasətçi, mahir diplomat kimi suallara bütün dünyada rəğbət yaradan səviyyəli cavab verir. Dövlət başçılarının bu suala cavabları da İlham Əliyevlə Nikol Paşinyan səviyyələri arasında dərin uçurum olduğunu aydın şəkildə nümayiş etdirir. Bütün dünya bunu görür, Paşinyan lağa qoyulur. Müsahibələr onu deməyə əsas verir ki, həmin telekanalların auditoriyası, dünya ictimaiyyəti İlham Əliyevin simasında bir tərəfdən təcrübəli, gözəl nitq qabiliyyətinə malik, fikirlərini yüksək səviyyədə, məntiqi ardıcıllıqla çatdıran və izah edən, özünə güvənli və hərəkətlərinin düzgünlüyünə əmin olan dünya səviyyəli lider görür. Digər tərəfdə isə özünü itirmiş, fikirlərini normal izah edə bilməyən, zəif mövqe və məhdud potensial səbəbindən həqiqəti adekvat qiymətləndirmək əvəzinə avantürist fərziyyələr və uydurmalar səsləndirən, hələ də yarımçıq jurnalistikadan siyasətə keçə bilməyən, cılız və miskin Paşinyan".
A.Hüseynov vurğuladı ki, Prezident İlham Əliyevin 27 sentyabrdan sonra verdiyi müsahibələrdəki cavabları, fikirləri gələcəkdə həm Azərbaycan, həm də dünya diplomatiya tarixində, diplomatlar yetişdiriliməsində dərs vəsaitlərinə daxil ediləcək.
