Əməkdar artist, müğənni Lalə Məmmədova da məşhur türk yazıçısı Əlif Şəfəqin ermənilərə dəstək olmasını tənqid edib.
Musavat.com bildirir ki, əməkdar artist bununla bağlı "İnstagram" səhifəsində status paylaşıb. O, Əlif Şəfəqin Azərbaycan xalqından üzr istəməsini tələb edib:
“Təəssüflə qeyd etməliyəm ki, bizi tarix boyu qarşımızda mərdliklə döyüşdüyümüz düşməndən çox, sapı özümüzdən olan baltalar incidib. Bu paylaşımınızdan sonra sizin bilik və informasiyanıza şübhələrimlə yanaşı, türkçülük və humanizm hisləriniz də darmadağın oldu. Deməli, içinizdən sülh göyərçini olmaq keçdi? Biz də sülh istəyirik, ancaq öz torpaqlarımızda!
30 ildir sülh deyə-deyə gözlədik. O şəklini paylaşdığınız erməninin ayağını qoyduğu yerdə mənim xalqımın şəhidinin qanı və ahı var! Deyirsiz, biz kilsələri partladırıq? Gözlərinizi açın, şəkillərə yaxşı-yaxşı baxın! Görün, erməni mənim işğal altında olan torpaqlarımdakı məscidləri nə günə qoyub!
Qadın, get tarix oxu! Əgər vicdan və ləyaqətin varsa, üzr istə Bir millət, iki dövlətdən!”.
Qeyd edək ki, Əlif Şəfəq bu günlərdə öz “Tvitter” hesabında Ermənistana dəstək mesajı paylaşıb. Yazıçı erməni müğənni Simon Mağakyanın Şuşa kilsəsindəki ifasını paylaşıb və HDP-nin erməni əsilli deputatına təşəkkür edib. Əlif Şəfəqin bu addımı Türkiyənin məşhur sənətçiləri tərəfindən də qəzəblə qarşılanıb, sərt tənqid olunub.
lale_2.jpg (66 KB)