“Fransa hökuməti hətta fransız vətəndaşlarının qətlində günahkar olan terrorçuları cəza çəkməkdən azad edir və onlar İrəvana qəhrəman kimi gəlirlər”
Bir tərəfdə Rusiyanın atəşkəs və danışıqlarla bağlı çırpınışları davam edərkən, cəbhədə Ermənistanın təxribatı ilə pozulan humanitar atəşkəs fonunda Ordumuzun hərbi əməliyyatları və zəfərləri davam etməkdədir. Qələbə sevincimizə kölgə salan məsələ isə Ermənistanın cəbhədə itirdiyi qürurunu dinc sakinlərimizə raket hücumları etməklə, onları qətlə yetirməklə bərpa etməyə çalışmasıdır. Bu terrorun bütün dünya dövlətləri tərəfindən, eləcə də münaqişəni tənzimləmək öhdəliyi olan vasitəçi dövlətlər tərəfindən səssiz şəkildə izlənilməsi də məsələnin başqa tərəfidir.
Bütün bu prosesləri Musavat.com-a müsahibəsində dəyərləndirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə vurğuladı ki, beynəlxalq hüquq normalarını da, BMT-nin qətnamələrini və bölgədə sülhün təmin olunmasını da Azərbaycan Ordusu həyata keçirir.
- Asim müəllim, son 3 gündə atəşkəs adı altında baş verənləri necə qiymətləndirirsiniz? Rusiyanın təşəbbüsü, daha sonra Ermənistanın bu böyük şansdan yararlanmaması - məqsəd nədir?
- Ermənistan heç vaxt beynəlxalq hüquq normalarına riayət etməyib. Hətta Ermənistan öz müttəfiqi olan Rusiyanın rəhbərinin təklifinə də məhəl qoymadan imzalanan sazişdən bir neçə saat sonra Azərbaycanın şəhərlərini atəşə tutdu. Bu onu göstərir ki, Ermənistanın ümumiyyətlə, hüquq anlayışı olmadığına görə onların əsas məqsədi tarixən törətdikləri cinayətləri davam etdirməkdir. Cinayət olan yerdə hüquq anlayışı yoxdur. Lakin burada maraqlı məqam ondan ibarətdir ki, Ermənistanın öz bosslarının təkliflərinə belə cavab verməsi bu ölkənin nəticədə çox ciddi problemlərlə üzləşməsinə gətirib çıxaracaq. Çünki indiyə qədər bütün savaşlarda Rusiya İranla birlikdə Ermənistana çox ciddi dəstək olub. Bu günə qədərki bütün üstünlükləri məhz bu dəstəklə bağlı olub. Azərbaycan bütün beynəlxalq hüquq normalarına riayət etdiyini göstərdi, Rusiyanın humanitar atəşkəs təklifini də qəbul etdi. Lakin ermənilər istəyir ki, bu humanitar atəşkəsdən istifadə edib hansısa yeni əraziləri və ya mövqeləri işğal etsinlər, yeni təxribatlar həyata keçirsinlər. Mən çox istərdim ki, bu münaqişənin həlli məhz hüquq müstəvisində olsun. Beynəlxalq hüquq normaları mövcuddursa, hamı ona əməl etməlidir. Əgər əməl etmirsə, həmin ölkə cəzalandırılmalıdır ki, gələcəkdə öz cinayətlərini təkrarlaya bilməsin. Cinayətkar cəzasını almayacaqsa, yenə də mülki əhaliyə, uşaqlara, qadınlara qarşı öz faşist əməllərini törədəcəksə və cəzasız qalacaqsa, bu dünyada yenə də təkrar olunacaq. Mən dünən Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçə bunu xatırlatdım. Serebrenitsanın, Xocalının cəzası olmayanda, hərbi cinayətləri törətmiş şəxslər ədalətlə mühakimə olunmayanda, hərbi tribunal qarşısında olmayanda belə cinayətlər təkrar olunacaq. Biz çalışmalıyıq ki, hərbi cinayətkarlar beynəlxalq hərbi tribunal qarşısında mühakimə olunsunlar.
Son günlər biz Gəncədə törədilən faciənin şahidi olduq, uşaqları, qadınları qətlə yetirən raket hücumları məhz Ermənistan üzərindən atılıb, Vardenis rayonundan həyata keçirilib. Bu təxribatın arxasında duran məqsəd odur ki, Ermənistan Azərbaycan onlara cavab olaraq həmin rayonu vursun və müharibəyə üçüncü tərəflərin, əsasən də Rusiyanın cəlb edilməsi üçün şərait yaransın. Bu, çox hiyləgərcəsinə düşünülmüş əməllərdir. Ermənilərin tarixən törətdiyi cinayətlər son günlərdə də təkrar olunur.
- Münaqişədə vasitəçi rolunu oynadığı deyilən Minsk Qrupu həmsədr ölkələrinin davranışlarını necə dəyərləndirirsiniz? Bu ölkələrdən ikisi faktiki olaraq Ermənistana hərbi dəstək verir...
- Minsk Qrupu ölkələri hər zamankı davranışlarına davam edirlər. Bu gün artıq Minsk Qrupunun funksiyasını, sülh yaratma missiyasını Azərbaycan Silahlı Qüvvələri öz üzərinə götürüb. Doğrudur, biz əslində BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını tələb etməli idik. Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarını çıxartmalı idilər və həmin ərazilərin təhlükəsizliyi təmin olunmalı idi. Ancaq 30 ilə yaxın müddətdə bu baş vermədi, Ermənistan yenidən öz təxribatını və təcavüzünü təkrarladı. Ona görə də bu gün Azərbaycan Silahlı Qüvvələri bu gün regionda sülhü təmin etməklə Minsk Qrupunun işini görür.
“Bizim marağımız işğala son qoyulması və Azərbaycan ərazilərinin azad edilməsidir: Ermənistan bunu diplomatik yolla həyata keçirməyə hazırdırsa, biz də öz məqsədimizə çatmış oluruq”
- Bu prosesdə qonşu və tərəfdaş olduğumuz dövlətlərdən hansı özünü necə göstərdi?
- İlk növbədə mən çəkinmədən, açıq şəkildə qardaş Türkiyənin bizimlə bir olduğunu, həm dövlət , həm də millət olaraq bizim uğurlarımızı bölüşdüyünü bildirmək istərdim. Bununla yanaşı Pakistan ən yüksək səviyyədə Azərbaycanı dəstəkləyir. Qonşu dövlətlərdən Gürcüstan öz ərazisindən Ermənistana silah aparılmasına icazə verməməyə çalışır. Bunun da səbəbi Paşinyanın Cavaxetiyanın işğalı ilə bağlı siqnallar verməsidir. Ermənistanın ərazi iddiaları təkcə Azərbaycan və Türkiyə ilə bağlı deyil, qonşu Gürcüstana da onların çox böyük ərazi iddiaları var. Mən gözləyirəm ki, bütün beynəlxalq təşkilatlar dünyada hüququn aliliyinin elan edilməsi ilə bağlı səsini ucaltsın. Bizim tələblərimiz ancaq beynəlxalq hüquq normalarının bərqərar edilməsi ilə bağlıdır. Çox təəssüf ki, dəfələrlə kadrlarda Ermənistana daşınan yanacağı və tankları, hərbi texnikaları görmüşük. Qonşu İran Ermənistanı dəstəkləyir. Cinayətkar Bəşər Əsəd Ermənistanı dəstəkləyən bəyanatlar verir. Bu özlüyündə Ermənistanın beynəlxalq terror şəbəkəsində çox böyük rolu olduğunu nümayiş etdirir.
- Terrorizmdən söz düşmüşkən, Ermənistan Cənubi Qafqazı terror yuvasına çevirməyə çalışır. Müxtəlif ölkələrdən, əsasən də Suriya, Livan və İraqdan terror qruplarının üzvlərini muzdlu döyüşçü kimi Dağlıq Qarabağ ərazisinə gətirir və onlardan peşəkar ordu yaratmaq niyyətindədir. Böyük dövlətlər bu terrora qarşı çıxacaqmı?
- Biz bu məsələləri qaldırmalıyıq və çox ciddi suallar qoymalıyıq. Ermənistanda çoxdan terror mərkəzi yaranıb. Orada terroru əhali arasında müsbət bir amil kimi təbliğ edirlər. Bəzi dövlətlərin də bu məsələdəki mövqeyi anlaşılan deyil. Hətta Fransa hökuməti fransız vətəndaşlarının qətlində günahkar olan terrorçuları cəza çəkmədən azad edir və onlar İrəvana qəhrəman kimi gəlirlər. Ermənistanda tanınmış terrorçular yeni planlar qururlar. Bu yaxınlarda yenə də Fransadan həbsdən azad edilən Azərbaycanın işğal olunmuş ərazilərinə gələn bir məşhur terrorçunu misal çəkə bilərik. Bu onu göstərir ki, hər zaman terrora köklənmiş Ermənistan onu özü üçün çox mühüm bir yol hesab edir. Bu ölkənin paytaxtında terrorçulara heykəl qoyulur. Beynəlxalq terror şəbəkəsində fəal olan Ermənistan bu istiqamətdə öz fəaliyyətini davam etdirir. Onlar PKK terrorçularını müharibəyə cəlb etmək istəyirlər. Hər yerdə Ermənistanın arqumenti ondan ibarətdir ki, guya onlar burada Türkiyə ilə vuruşurlar. Bununla da öz məğlubiyyətlərinə bəraət qazandırmaq niyyətindədirlər. Ancaq onlar Türkiyə ilə vuruşmurlar, Azərbaycan türkləri ilə vuruşurlar. Azərbaycan türkləri bu gün hüququn aliliyini, sülhü bərqərar etmək üçün vuruşur və terrora qarşı fəaliyyət göstərir. Azərbaycan Antiterror Koalisiyasının üzvü kimi bu koalisiyaya üzv olan bütün dövlətlərin diqqətinə Ermənistanın beynəlxalq terror şəbəkəsindən bizə qarşı istifadəsini çatdırmalıdır. Bu istiqamətdə də müəyyən işlər görülür.
- Hər zaman terror hadisəsi baş verən kimi onu pisləyən bəyanatlarla çıxış edən dövlətlər Gəncə terrorunu niyə pisləmədi? Halbuki hər birinin nümayəndələri baş verənlərlə yerindəcə tanış oldu...
- Qərbin bu məsələlərə diqqətsizliyinin səbəbi son vaxtlar Avropa ölkələrində, dünyada Səlib yürüşü təfəkkürünün artmasıdır. Anti-İslam, anti-türk, rasizm, təfəkkürü, islamafobiya bu gün bir sıra Avropa ölkələrini məhz ölən uşaqlara göz yummağa vadar edir.
- Hazırda həm danışıqlarla bağlı Rusiyanın fəallığı müşahidə olunur, həm də cəbhədə savaş davam edir, uğurlarımız var. Proses hansı istiqamətdə gedəcək?
- Bu məsələ ilə bağlı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev açıq şəkildə öz fikrini ifadə elədi. Azərbaycanın məqsədi ərazilərimizin işğaldan azad edilməsidir. Ermənistan buna əməl edərsə, beynəlxalq təşkilatlar buna şərait yaradarsa, o zaman bizim öz Minsk Qrupumuz - yəni Azərbaycan silahlı qüvvələri dayana bilər. Biz müharibədə maraqlı deyilik. Bizim marağımız işğala son qoyulması və Azərbaycan ərazilərinin azad edilməsidir. Ermənistan bunu diplomatik yolla həyata keçirməyə hazırdırsa, biz də öz məqsədimizə çatmış oluruq.
- Dövlət başçısı status-kvonun və təmas xəttinin artıq gündəmdə olmadığını bildirdi. Müharibədən sonra orada Azərbaycanın sərhədləri olacaq. Bu zaman Dağlıq Qarabağın statusu necə ola bilər?
- Azərbaycan sərhədləri dünya tərəfindən tanınmış sərhədlərlə məhdudlaşır. Azərbaycanın daxilində istənilən azlığın yaşamaq şəraiti var. Azərbaycan multikultural bir ölkədir. Dövlət başçısı da Qarabağda yaşayan ermənilərə müraciət edərək bu məsələni xüsusi vurğulayıb ki, onların yaşam şəraitləri bugünkü vəziyyətlərindən qat-qat yaxşı olacaq. Söhbət həm sosial məsələlərdən, həm də onların təhlükəsizliyindən gedir.
- Sizcə, ermənilər bu şərtlərlə yaşamağa razı olacaqmı?
- Belə bir məlumat var ki, bu gün Azərbaycanda 30 mindən çox erməni yaşayır. Mən istisna etmirəm ki, Qarabağ erməniləri də bundan bəhrələnə bilərlər. Beynəlxalq təşkilatların nümayəndələrinə Bakının mərkəzində olan erməni kilsəsinin təmir olunub orada erməni kitablarının saxlanılmasını göstərə bilərik. Hətta erməni nümayəndələrini də biz oraya aparmışdıq və onlar özlərini itirmişdilər ki, bu necə ola bilər. Çünki ondan öncə Şuşada dağıdılmış məscidlərdə olmuşduq. Mən elə gəlir ki, bu bizim fərqimizdir və təsiredici amildir. Azərbaycan xalqının hər bir xalqın hüquqlarına və onların dininə hörməti onun tarixi ənənəsidir.