Ekspertlər deyir ki, Ermənistan bu şəkildə davam edəcəksə, Azərbaycanın səbri tükənəcək
Oktyabrın 11-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri Gəncənin təcavüzkar Ermənistan tərəfindən raket hücumuna məruz qalması yenidən bir sualı aktuallaşdırıb. “Xain hücumun həyat keçirildiyi Vardenis rayonundakı hərbi obyektlərə Azərbaycan tərəfi zərbələr endirsə, nələr yaşana bilər?”
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli Azərbaycan tərəfin səbr etdiyini söylədi: “Ermənistan var gücü ilə çalışır ki, bu müharibə Ermənistan-Azərbaycan sərhədinə keçsin. Tovuz hadisələrində də buna cəhd etdilər. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı haqlı olaraq qeyd edirdi ki, biz istəsək o əraziyə keçə bilərdik, amma keçmədik. Bizim birinci öndə duran vəzifəmiz Qarabağı bütövlükdə mənfur düşməndən təmizləməkdir. Bu məsələ bitənə qədər miqyasına baxaraq, Azərbaycan dövləti səbr edəcək.

Emin Həsənli
Əks təqdirdə, bu məsələ bitdikdən sonra Ermənistan yenə də regionda təhdidedici siyasətini davam etdirəcəksə, gələcəkdə bu ölkədə rəhbərlikdə olanlar ağıllarını başlarına yığmayacaqlarsa, təcavüzkar dövlətin arxasında kimin durmasından asılı olmayaraq Azərbaycan məcbur olub cəza siyasətini davam etdirəcək. Heç bir cinayət cəzasız qalmır. Ermənistan bu şəkildə yoluna davam edəcəksə, Azərbaycan tərəfi onu vuracaq. Davam etməyəcəksə, buna uyğun addımlar atılacaq. İndiki vəziyyətdə maksimum həddə Azərbaycan dövləti səbr etməkdədir. Amma hesab edirəm ki, bu məsələ gec-tez öz həllini tapmalıdır”.

Ramil Məmmədli
Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli: “Əvvəlcə onu qeyd edək ki, bu məsələdə Azərbaycanın hüquqları və haqları var. Bunlardan biri özünün konstitusion hüquqlarıdır. Ona müdaxilə olan istiqamətdən hərbi mövqeləri məhv etmək hüququna sahibdir. Həmçinin beynəlxalq hüquq Azərbaycana öz ərazisini müdafiə etməyə imkan verir. Əslində Ermənistan tərəfindən atılan raketlər olan atəş nöqtələrinin vurulması ilə bağlı ölkəmizə heç bir məhdudiyyət yoxdur. Bu, birmənalı şəkildə belədir. Azərbaycan həmin raketlərin atıldığı nöqtələri açıq şəkildə göstərib, bunu beynəlxalq aləmə təqdim edib. Sadəcə olaraq, bu məsələdə hələ ki Azərbaycanın hərbi, siyasi mövqeyi fərqlidir. Biz bilmirik, bəlkə də Azərbaycan tərəfi həmin atəş nöqtələrini məhv edib”.
Ekspert KTMT-nin nizamnaməsindən də söz açdı: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının əsasnaməsinə, yaxud nizamnaməsinə görə üzv ölkə əgər heç bir səbəb olmadan işğala və ya hücuma məruz qalarsa, belə olan təqdirdə onun müdafiəsini digər ölkələrin təmin etməsi öhdəliyi var. Amma Ermənistan kimi bir işğalçı, Azərbaycan ərazilərinə raket zərbələri endirən ölkənin müdafiəsinin təmin edilməsi KTMT-nin öhdəliyində deyil. Burada bir vacib məqam var. Bu qurum əvvəlcə onu araşdırmalıdır. Ondan sonra Ermənistanı hansı formada müdafiə edəcəyini konkretləşdirməlidir. Azərbaycana həm öz konstitusiyası, həm də beynəlxalq qanunlar imkan verir ki, öz ərazisini müdafiə etsin. Hələ ki hərbi, siyasi gedişlər başqa şeyləri diktə edir. Yəqin ki, məsələlərə sonradan bir reaksiya olacaq”.
