Bu gün əksər ölkələrdə postpandemiya dövründə iqtisadiyyatın özünü bərpası üçün səsləndirilən ən vacib şərtlərdən biri də xarici investisiyanın cəlb edilməsidir. Hətta gözləntilər də o yöndədir ki, pandemiya bitəndən və iqtisadi proseslər canlandıqdan sonra dünyada ən böyük rəqabət investisiya uğrunda olacaq. Azərbaycan da bu gün xarici investisiyaya ən çox ehtiyacı olan ölkədir.
Lakin ölkədə investisiya mühitində olan çoxsaylı ciddi problemlər səbəbindən nəinki xarici investorların ölkəyə gəlişi problemə çevrilib, bununla yanaşı yerli investorlar da vəsaitlərini ölkədən çıxartmağa can atırlar. Ölkədə vergilərin və gömrük rüsumlarının yüksək olması, sahibkarların işinə müxtəlif istiqamətlərdə nəzarət edən inzibati orqanların çox olması, monopoliya, məmur biznesi, məhkəmə-hüquq sistemindəki çatışmazlıqlar, azad iqtisad məhkəmələrin olmaması, qanunvericilikdə hər il çox sayda dəyişikliklərin olması və sair xarici investorları da ölkəmizə vəsait yatırmaqdan çəkindirir. Bütün bu problemlərin həlli uzun zaman və islahatlar tələb etdiyindən ölkəyə invesisiya cəlb etmək üçün ən əsas yol azad iqtisadi zonaların yaradılmasından keçir. Belə ki, xüsusi qanunvericiliyi və özəl məhkəmə sistemi olan, tam fərqli iqtisadi qanunvericilikdə idarə olunan, çoxsaylı vergi və gömrük rüsumları ilə bağlı güzəştlərin olduğu azad zonalar ölkəyə investisiya cəlb etmək baxımından gediləcək ən qısa yoldur. Azərbaycanda Ələt azad iqtisadi zonasının yaradılması istiqamətində iş gedir. Buradan gözləntilər böyük olsa da, hələ ki, real fəaliyyəti müşahidə olunmur. Ekspertlər hesab edir ki, bu azad zonalarda beynəlxalq təcrübə tətbiq edilməli və mötəbər məhkəmə-hüquq sistemi qurulmalıdır. Bu məhkəmə sisteminin mükəmməl olması ilə yanaşı, onun mötəbərliyi, xarici investorun etimadını qazanmış olması da əhəmiyyətli şərtdir. Çünki investorun mülkiyyət hüququnun müstəsna şəkildə qorunmasından əmin olmadan tanımadığı ölkəyə investisiya yatırması mümkün deyil.

Fikrət Yusifov: “Azərbaycanda Biləsuvarda, Lənkəran-Astara bölgəsində, şimal zonasında azad iqtisadi zonalar yaratmaq mümkündür”
Məlumat üçün qeyd edək ki, azad zonalarda məhsullara milli gömrük ərazisindən kənarda olan bir obyekt kimi baxılır və buna görə də onlar gömrük nəzarətindən keçirilmir, vergiyə cəlb edilmirlər. Azad iqtisadi zona - xüsusi rejim altında fəaliyyət göstərən bir ərazidir və yerləşən təsərrüfat subyektləri xüsusi qanunvericiliyi özündə əks etdirən rejim altında fəaliyyət göstərirlər, onların bu fəaliyyəti tənzimlənir. Azad zonalar üçün ən vacib amil gömrük tənzimlənməsində, vergiyə cəlbetmədə, lisenziyalaşdırmada, viza rəsmiləşdirilməsində, bank fəaliyyətində, mülkiyyət və girov münasibətlərində, xüsusi imtiyazların verilməsində, azad zonanın idarə edilməsində olan fərqlərdir. Bütün bu sahələrdə idarəetmə və qanunvericilik ölkənin digər ərazilərindən fərqlənir. Azad zonalarda investorlara xarici ticarətdə güzəştlər tətbiq edilir, ixrac-idxal rüsumları azaldılır və ya ləğv edilir, xarici ticarət əməliyyatları sadələşdirilir. Fiskal güzəştlər çərçivəsində müəyyən fəaliyyət növlərinin vergilər baxımından stimullaşdırılması nəzərdə tutulur. Maliyyə güzəştləri olaraq, subsidiyaların müxtəlif formaları tətbiq edilir. Subsidiyalar büdcə vəsaitləri və güzəştli dövlət kreditləri hesabına verilir, birbaşa və kommunal xidmətlərə aşağı qiymət qoymaqla, torpaq sahələrindən istifadə etmək üçün icarə haqqının azaldılması yolu ilə dolayı formalarda da verilə bilər. Həmçinin azad zonalarda administrativ güzəştlər də tətbiq edilir ki, bu da müəssisələrin qeydiyyatdan keçirilməsi, xarici vətəndaşların ölkəyə girişi və çıxışı prosedurlarının sadələşdirilməsini nəzərdə tutur. Bu güzəştlərin tətbiqi nəticəsində azad iqtisadi zonalarda mənfəət norması 30-35 faiz, bəzən isə daha çox olur.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov bildirdi ki, Azərbaycanın müxtəlif bölgələrində azad zonalar yaratmaq mümkündür və coğrafi baxımdan da buna şərait var: “Biz bu gün Ələtdə bir iqtisadi zona yaratmaq istəyirik. Azərbaycanın müxtəlif bölgələrində də bunu yaratmaq mümkündür. Azad iqtisadi zonalar adətən ölkənin sərhədyanı bölgələrində təşkil olunur. Azad iqtisadi zona üçün bizim ən uyğun bölgəmiz Naxçıvandır. Bütövlükdə Naxçıvanı azad zona edib, oranı iqtisadi baxımdan güclü bir bölgəyə çevirmək olar. İkincisi, İranla sərhədlərimizdə azad zonalar yaratmaq olar. Biləsuvarla İranın sərhədində belə bir zonanın yaradılması mümkündür. Ələtdə indi azad iqtisadi zona yaradılır, çox böyük planlar olsa da, gözləntilər o qədər də yüksək deyil. Ancaq azad zonaların əsas mənası onun paytaxtda yox, ölkənin sərhəd bölgələrində olmasıdır. Bu çox vacib məsələdir, dünyanın keçdiyi yoldur. Azad iqtisadi zonalara ən bariz nümunə BƏƏ-də Dubay şəhəridir ki, dünyanın ticarət mərkəzinə çevrilib. Təkcə azad zonaların yaradılması ilə bağlı yox, ümumilikdə investisiyaların cəlb edilməsi, iqtisadiyyat-maliyyə sahəsində daha yaxşı nəticələr əldə etmək istəyiriksə, dünyanın bəlli təcrübəsini eynilə ölkəmizdə yerli şəraitə uyğunlaşdırmaqla tətbiq etməliyik”.
İqtisadçı alimin sözlərinə görə, azad iqtisadi zonaların əsas xüsusiyyəti odur ki, vergilərdən azad olur, bununla da daha böyük maraq sahəsinə çevrilir: “Bu zonalarda ticarət dövriyyələri böyük olur. Bu dövriyyələrin hesabına o bölgələr daha sürətlə inkişaf edir və daha böyük investisiyalar cəlb olunur. Daha çox kapital dövriyyəsi həmin bölgələrdən keçir. Bütün bunlar həmin bölgələrin iqtisadi inkişafına təkan verir. Azərbaycanda Biləsuvarda, Lənkəran-Astara bölgəsində, şimal zonasında azad zonalar yaratmaq mümkündür. Hazırda Binə və Sədərək kimi iri ticarət mərkəzləri var ki, onlar azad iqtisadi zona olmadan Rusiyanın cənubundan, Orta Asiyadan gəlib oradan ticarət edənlər var. Oradakı dövriyyələr təkcə Azərbaycana hesablanmayıb, xaricdən gəlib burada ticarət aparanlara hesablanıb. Deməli, bunu etmək mümkündür. Bu cür mərkəzləri azad iqtisadi zona şəklində sərhəd bölgələrində tətbiq etsək, bunun nəticəsi daha gözəl olar. Coğrafi mövqeyimiz də buna tam imkan verir. Gürcüstanla sərhəddə də azad zona yaratmaq olar. Gürcüstan birbaşa Avropaya və Türkiyəyə çıxışdır. Bunları, sadəcə, etmək lazımdır”.
Azad zonaların qanunvericilik baxımından özəlliklərinə gəlincə, bu barədə “Yeni Müsavat”a danışan iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov qeyd etdi ki, azad zonalar bir növ dövlət içində dövlətdir və özünün qanunları, xüsusi məhkəmə-hüquq sistemi var: “Azərbaycanda hazırda Ələt iqtisadi zonası işləmir, kağız üzərində olsa da, reallıqda fəaliyyət göstərmir. Qanunvericilik bazası isə müəyyən olunub. Azad iqtisadi zonaların üstünlüyü odur ki, onlar bir növ dövlət içində dövlətdir. Oranın öz qayda-qanunu olur, öz məhkəmələri olur. Son illər Azərbaycanda bütün qanunlarda belə bəndlər var ki, üzərində Ələt iqtisadi zonasına aiddir yazılıb. Bu o deməkdir ki, orada qanunlar tamam başqadır. Məqsəd ondan ibarətdir ki, hansısa xarici vətəndaş gəlib bizim ölkəyə investisiya qoymaq istəyirsə, o oturub bütün qanunları oxumalı, tanış olmalıdır. Bu real görünmür. Azad iqtisadi zona isə belədir ki, onların qısa və konkret qaydaları, məhkəməsi var. Həmin müstəsna qanunlar sırf iqtisadi zonalara aiddir. Bu zonalar sırf kommersiya üçün nəzərdə tutulub”.

Əkrəm Həsənov: “Qazaxıstanın azad iqtisadi zonalar var və orada yalnız ingilis məhkəmələri qurulub, çünki...”
Ə.Həsənovun sözlərinə görə, azad zonalar ölkəyə investisiya qoyulması baxımından çox böyük üstünlükdür: “Xarici investorların da bir növ əminliyi olur ki, orada vəziyyət necə olacaq. Qonşu ölkələrin iqtisadiyyatına nəzər salsaq, bizimlə müqayisə edə biləcəyimiz Qazaxıstan belə azad zonalar müəyyənləşdirib. O zonalarda isə yalnız ingilis məhkəmələri qurulub. İngiltərədən hakimləri dəvət ediblər. Bu, investorda böyük əminlik yaradır. Çünki o, Qazaxıstanda qanunların necə olduğunu bilmir, onların hakimlərinin necə işləməsindən xəbərsizdir. O səbəbdən mötəbər bir məhkəmə sistemini azad zonalara gətirir. İnvestor bilir ki, ingilis məhkəmələri dünyada necə işləyir, hakim də qazax deyil, ingilisdir. Məhkəmə-hüquq sistemində etibar-inam önəmli məsələdir. Bizdə məhkəmələrə inam yoxdur”.
Hüquqşünas onu da diqqətə çatdırdı ki, Ələt iqtisadi zonasında məhkəmə-hüquq sistemi ilə bağlı məsələ hələ həllini tapmayıb: “Orada hətta xarici qanunvericilik də tətbiq olunsa da, hakimlər bizimkilərdirsə, xaricilər ona etibar etməyəcəklər. Bu hakimlər ən düzgün insanlar olsa belə etibar etməyəcəklər. Mən ingilis hüquq sisteminin əleyhinəyəm, bizim hüquq sistemi daha çox alman sistemidir. Alman hüquq sistemi və hakimləri də kifayət qədər mötəbərdir. Əgər bizim azad zonalarda belə məhkəmələr olacaqsa, mən təklif edərdim ki, dünyada qəbul olunan alman hakimlərini ora dəvət edək. O zaman xaricilər daha çox investisiya yatırmağa meylli olacaqlar”.
Ə.Həsənov hesab edir ki, azad iqtisadi zonalar əsasən sərhədyanı zonalar üçün əlverişlidir, dənizə yaxın yerlər isə daha uyğundur: “Bu mənada ilk ağla gələn Cənub zonasında Lənkərandır. Ancaq ilk növbədə Ələt iqtisadi zonasının necə işləməsinə baxmaq lazımdır. Daha sonra digər azad zonaların yaradılması ilə bağlı düşünmək olar. İqtisadi zonanın işləməsi bütün ölkə üçün də nümunə ola bilər, ona baxıb digər ərazilərdə də iqtisadi mühit düzəldilə bilər. Alman hüquq sisteminin bütünlükdə ölkə hüquq sisteminə təsiri olacaq. Bu gün Azərbaycanda Konstitusiya Məhkəməsini mən tamamilə almanlardan təşkil edərdim. Onsuz da bizim hüquq sistemi alman hüquq sistemidir. Bu o demək deyil ki, bizim hakimlərimiz pisdir, xeyr, bunu nəzərdə tutmuruq. Sadəcə, bizimkilərə etimad azdır. Yerli hakimlərə müxtəlif yerlərdən təzyiqlər, təkliflər çox olur. Ancaq xarici məhkəmə sistemində bu müdaxilələr, asılılıq olmayacaq. Qısa müddətdə azad zonalardan başlayaraq hüquq sistemində də irəliləyiş əldə etmək mümkün olacaq”.
