|
Telekanallarımız müharibə dövründə - ekspertlər şərh edir...

Bu gün cəmiyyətin müzakirə etdiyi məsələlərdən biri də  ölkənin əsas informasiya siyasətini həyata keçirən və intenetin bugünkü durumu ilə bağlı əhalinin əsas məlumat mənbəyi olan televiziya kanallarının fəaliyyətidir. Bu dövrdə bəzi televiziya kanalları fərqlənsə də, ümumilikdə yayım siyasəti ilə cəmiyyətdə qıcıq doğuranlar da oldu. Ölkədə internet imkanlarının məhdudlaşdırılması da bir tərəfdən televiziyaların işini çətinləşdirir.

Həmçinin hərbi informasiyalarla bağlı məhdudiyyətlər var, haqlı olaraq informasiyaların yalnız rəsmi mənbələrdən verilməsi tələb olunur. Nəticə isə odur ki, insanlar informasiyanı ya sosial şəbəkədən, ya da telekanallardan alırlar. Bəs görəsən, ümumilikdə telekanallarımız müharibə dövründə üzərinə düşən missiyanı necə yerinə yetirir? Azərbaycanın apardığı haqq savaşı, dövlətin yürütdüyü siyasət, hadisələrin mahiyyəti vətəndaşlara necə təqdim olunur?

Mövzu ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandıran “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı  qeyd etdi ki, əksər televiziyaların və ümumilikdə medianın bu sahədəki fəaliyyətini uğurlu hesab edir: “Çünki savaşın başladığı gündən etibarən bizim əsas media qurumlarımız çox ağır iş rejimindədirlər, yatmırlar, gecə-gündüz çalışırlar. Buraya həm media qurumları, həm də televiziyalar daxildir. Əksər televiziyalar normal işləyir. Lakin bir neçə televiziya var ki, onların yayım siyasəti sosial şəbəkələrdə də tənqid olunur. Hər halda, hər kəsin öz seçimi var. Ancaq dövlət televiziyasını xüsusi olaraq qeyd etmək istəyirəm. Savaş dövründə fərqlənən bir  neçə televiziyadan biri dövlət televiziyası oldu. Digər televiziyalar da bacardıqları qədər savaş bölgəsindən canlı xəbər verirlər, tez-tez məlumatlar verilir, müzakirələr təşkil edilir. Burada məsələnin mahiyyətində iki məqam var. Türkiyə televiziyaları müəyyən məlumatları, reportajları bizdən əvvəl verə bilirlər. Çünki onların bölgəyə girişinə şərait yaradılıb. Azərbaycanda elə bir televiziya, agentlik, sayt yoxdur ki, onun müxbiri, fotoqrafı və ya operatorunu döyüş bölgəsinə göndərəsən, o isə getməkdən imtina  edə. Mən belə bir hal təsəvvür etmirəm, bizim əməkdaşlarımız mənimlə dava edirlər savaş bölgəsinə getmək üçün. Yəqin ki, hər yerdə belədir. Onları material çəkə bilməsi üçün həmin bölgəyə buraxmaq lazımdır. Lakin indi hərbi vəziyyətdir, müharibədir, biz hamımız Müdafiə Nazirliyinin təlimatları əsasında hərəkət etmək məcburiyyətindəyik. Bu, televiziyalara da aiddir. Birinci məsələ budur”.

Vüsalə Mahirqızı APA-nın aqibəti haqda danışdı » NUH informasiya agentliyi

Vüsalə Mahirqızı: “Əgər ölkədə bu günə kimi normal ekspertlər yetişməyibsə, bunun günahı mediada deyil”

V.Mahirqızının sözlərinə görə, ikinci məsələ odur ki, tez-tez efirə çağırılan ekspertlərə görə televiziyalar  sosial şəbəkələrdə qınanır, halbuki televiziya ekspert yaradan deyil: “Əgər ölkədə təhsil sistemi, ölkənin siyasi institutları, vətəndaş cəmiyyəti institutları bu günə kimi normal ekspertlər yetişdirməyiblərsə, bunun günahı mediada deyil. Bizim əlimizdə nə varsa ondan istifadə edirik. Bunlar millət vəkilləridir, vətəndaş cəmiyyəti nümayəndələridir, media sahəsində olan ekspertlərdir. Nə varsa, televiziya, qəzet, sayt və agentliklər ondan istifadə edir. Onların dünyagörüşü, hadisələrə münasibəti televiziyaların günahı deyil.  Bu baxımdan hesab edirəm ki, media olaraq bizim işimiz meydanı onlara vermək, bu müstəvini yaratmaqdır. Orada kim özünü necə göstərəcəksə, həmin şəxslərin  və onları hazırlayan institutların bacardığıdır. Bizim televiziyalarımız bu gün əllərində olan imkanlarla, texniki resurslarla, kadr potensialı ilə bacardıqları işin ən yüksəyini görürlər”. 

Holdinq rəhbərinin sözlərinə görə, internetlə bağlı problemlər də televiziyaların işini ləngidir: “Eyni zamanda müasir əsr internet əsridir. Bizdə də internet televiziya fəaliyyət göstərir, bunun ənənəvi televiziyalardan yeganə fərqli yayımla bağlıdır. Ona görə də televiziyaların iş sistemini bilirəm. Televiziyaların daxili iş sistemi internetdən birbaşa bağlıdır. Məlumatların, kadrların göndərilməsi, ayrılması, işlənməsi, yayılması internetdən asılıdır. İnternetin bugünkü vəziyyətə uyğun olaraq, tamamilə doğru hesab etdiyim bir qərarla məhdudlaşdırılması digər tərəfdən televiziyaların ümumi operativliyinə də təsir edir”.

Media eksperti Müşfiq Ələsgərli də vurğuladı ki, müharibənin öz qaydaları var və hər informasiyanı operativ qaydada vermək olmur: “Adətən insanlar operativ və çevik informasiyanı xoşlayırlar, hər şeyin çevik və əlçatan olmasını istəyirlər. Ancaq müharibənin və hərbi vəziyyətin fərqi ondadır ki, burada hər şeyi operativ şəkildə ötürmək olmaz. Adətən müharibə dövründə informasiya süzgəcdən keçirilir. Operativ informasiya verib cəmiyyətdə kataklizmlər yaratmaq daha yaxşıdır, yoxsa informasiyanı bir qədər süzgəncdən keçirib əhalidə panika yaratmayacaq formada vermək?  Bu mənada bizim televiziyaların məlumatı bir qədər gecikdirməsini və başqalarının bunun operativ şəkildə yaymasını anlamaq olar. İstənilən halda, müharibə bizim ölkədədir, informasiyada müəyyən problem yaranacaqsa, onun  əziyyətini biz çəkəcəyik. Ona görə də bizdə bu məsələdə bir qədər  fərqli mövqe tutulması anlaşılandır”.

Müşfiq Ələsgərli: "Kontent tənzimlənməsində problemlərimiz mövcuddur"

Müşfiq Ələsgərli: “Müharibənin və hərbi vəziyyətin fərqi ondadır ki, burada hər şeyi operativ şəkildə yaymaq olmaz”

M.Ələsgərli onu da vurğuladı ki, informasiyanı dəqiqləşdirmək prosesi onun köhnəlməsinə və effektini itirməsinə gətirib çıxaracaq qədər uzanmamalıdır: “Ancaq bir məqam da var ki, bu gözləmək, informasiyanı dəqiqləşdirmək, süzgəcdən keçirmək özü də müəyyən çərçivədə olmalıdır. Televiziyalar yubatsa da, gecikdirsə də, indi elə bir dövrdür ki, insanlar o informasiyanı başqa mənbələrdən alırlar, onun təsirinə düşürlər. Sonradan bizim süzgəcdən keçirdiyimiz informasiya öz effektivliyini itirmiş olur. Ona görə də bu köhnə yanaşmalardan əl çəkmək lazımdır. Düzdür, bizim televiziyalar bu dövrdə gərgin və ağır işləyiblər, çalışırlar ki, mövcud vəziyyəti yetərincə, həm də dövlətin mənafeyi və milli maraqlarımız baxımından işıqlandırsınlar. Ancaq operativlik baxımından yubanmalar var. Hesab edirəm ki, cəmiyyətdən gələn qınaq anlaşılandır və bu məsələnin üzərində mütləq şəkildə iş getməlidir. Onlar da özlərinin efir və xəbər siyasətinə düzəliş etməlidirlər. Bundan əlavə, texniki problemlər də var. Televiziyaların hər rayonda, hər bölgədə müxbir postları qurması da problemdir. Onlar daha çox birbaşa atəşin olduğu bölgələrə səfərbər olunublar, müxbirlərini də oraya göndəriblər. Ona görə də hər yerə operativ çatmaqda çətinlik çəkirlər. Ancaq dövlətdən maliyyələşən televiziyalara kifayət qədər vəsait ayrılır. Onlar müharibə şəraitində olduğumuzu nəzərə almalı və özlərinin bu yöndə siyasətini yenidən qurmağa çalışmalıdırlar”.