|
Sabiq icra başçısı Xaləddin İsgəndərov: “Prezidentin hər əmrini, tapşırığını icra etməyə hazıram”

“Hazırda Goranboy rayonunun Xanqərvənd kəndindəyəm. Bura doğulub boya-başa çatdığım kənddir. Ermənistanın Azərbaycana qarşı hücumları başlayan gündən burdayam. Şəhidlərin dəfnində iştirak edirəm, yaralı insanlara baş çəkirəm. Rayon rəhbərliyi ilə daim bir yerdə oluruq. Vətəndaşlarımızın hər hansı bir ehtiyacı olarsa, ona dəstək verməyə çalışırıq. Bu, mənim vətəndaş borcumdu. İnsan işdən çıxa bilər, vəzifədə olar - bu, əsla millətin, ölkənin çətin günlərində məsuliyyətdən yayınmağa əsas vermir”. Bu sözləri Musavat.com-a Binəqədi rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərov deyib.

Onun sözlərinə görə, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təxribatlar hər bir azərbaycanlını dövlətin, Prezidentin ətrafında sıx birləşməyə vadar edib: “Bu gün Ali Baş Komandan, Cənab İlham Əliyev Azərbaycanın haqq səsini dünyaya çatdırır, ordumuzun düşmənə layiqli cavab verməsini üçün böyük işlər görür. Həm ordumuzun maddi-texniki təminatı, həm hərbçilərimizin döyüş əzminin yüksək olması, həm xalqın birliyi Cənab Prezidentin apardığı siyasətin bariz nümunəsidir. Biz də onun bu siyasətinə bacardığımız qədər dəstək olmalıyıq. Xalq-Ordu birliyinə öz töhfəmizi verməliyik”.

Sabiq icra başçısı bildirdi ki, vəzifədən çıxsa da, ölkə prezidentinin hər əmrini, tapşırığını can-başla yerinə yetirməyə hazırdır: “Nə dəxli var, bu gün mən vəzifədə deyiləm. Əgər nəsə iş görmək üçün imkanım varsa, dövlətimi, millətimi sevirəmsə, bunu vəzifəsiz də edə bilərəm. Azərbaycanın ağır, çətin günləridir. Kimsə yaxasını kənara çəkməməlidir. Kimsə deməməlidir ki, işdən çıxmışam, vəzifədə deyiləm, nəyimə lazımdır. Bu cür düşünmək olmaz! Qarabağ naminə hər fədakarlığa hazır olmalıyıq. Cənab Prezidentə, dövlətə, orduya hər cür dəstək verməliyik”.

Xaləddin İsgəndərov bildirdi ki, hazırda xalqın ruh yüksəkliyi var: “Heç kim el-obasını qoyub harasa getməyi düşünmür. Camaatın içindəyəm, onların nə düşündüyünü, nə dediyini yaxşı bilirəm. Ermənistanın hərbi-siyasi təxribatı bizi haqq işimizdən çəkindirmir. Axıra kimi haqq bildiyimiz ideyanın arxasınca gedəcəyik. Azərbaycan işğala məruz qalmış ölkədir. Ona görə də işğal edilən torpaqlarımızı azad etmək üçün Vətən müharibəsi aparırıq. Bizə kimsə deyə bilməz torpaqlarınızı azad etməyin. Bu bizim konstitusion haqqımızdır. Heç kimin torpağında gözümüz yoxdur. Bizə öz torpağımız lazımdır, onu da azad edəcəyik. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. BMT-nin 4 qətnaməsi var. O qətnamələrdə göstərilib ki, Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərdən öz qoşunlarını çıxarmalıdır. 27 ildir bu qətnamələrə əməl etmir ermənilər. Amma bizim də səbrimiz sonsuz deyil. Artıq Azərbaycan öz ərzi bütövlüyü uğrunda savaşa başlayıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğal altındakı torpaqlarımızı azad edəcəyik, Azərbaycan bayrağını Şuşaya sancacağıq. Qarabağ Azərbaycandır”.