“İnsan hüquqları təşkilatları var ki, həmişə bar-bar bağırırdılar, biz hələ birinin bəyanatını eşitmədik, görmədik. Birisi Ermənistandan soruşmur ki, sən gecəyarısı Gəncədəki yaşayış evlərinə niyə raket atırsan?”
Ermənistan silahlı qüvvələrinin ötən gecə saat 2 radələrində Gəncənin mərkəzindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla, 9 nəfər həlak olub, 30-dan çox dinc sakin yaralanıb. Mülki əhaliyə qarşı törədilən bu terror aktı Ermənistanın terrorçu dövlət olduğunu bir daha sübuta yetirdi. Baş verənlərlə bağlı 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsini parlamentdə təmsil edən, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev (Urud) Musavat.com-un suallarını cavablandırıb.
![]()
- Musa müəllim, ötən gecə Gəncə əhalisinə qarşı Ermənistanın törətdiyi terror aktı barədə nə deyə bilərsiniz?
- Gecəyarısı Gəncənin raket atəşinə tutulması bir daha göstərir ki, Ermənistan terrorçu dövlətdir, Ermənistanda dövlətçilik şüuru, dövlətçilik mədəniyyəti deyilən bir şey yoxdur. Cənab prezidentin dediyi kimi, ermənilər dünyanın bütün dövlətlərinə, təşkilatlarına yalvardılar ki, Azərbaycan humanitar atəşkəsə razılıq versin və özlərinin mer-meyitlərini döyüş meydanından götürsünlər.
Adətən, humanitar atəşkəs 12 saatdan 72 saatadək olur. Moskvadakı gərgin danışıqlarda imzalanan sənədin mürəkkəbi qurumamış ermənilər bu terror hadisəsini törətdilər. Özü də təkcə Gəncədə deyil, Mingəçevirdə, Tərtərdə, Ağdamda, Ağcabədidə dağıntılarla, insan ölümü və xəsarətləri ilə müşayiət olunan terror aktları törətdilər, dağıdıcı raketlərdən istifadə etdilər. Bu, bir daha göstərdi ki, bu dövlətlə danışıqların heç bir mənası yoxdur. Azərbaycan ordusu sona qədər öz müzəffər, qalibiyyətli əməliyyatlarını davam etdirməlidir, ilanın başı öz yuvasında əzilməlidir və Azərbaycan təkcə özünü deyil, bütün bəşəriyyəti bu yaradan xilas etməlidir. Bu hadisələr Ermənistanın nə qədər terrorçu, əxlaqsız bir dövlət olduğunu növbəti dəfə sübut etdi. Gəncə döyüş bölgəsi deyil, orada hərbi hissə yoxdur. Özü də dinc vətəndaşlar gecəyarısı yatdığı yerdə qəsdən, planlaşdırılmış şəkildə Ermənistan tərəfindən hədəfə alındı. Deyək ki, gündüz insanlar həyətdə-bacada, iş-gücdə olur, ona görə bəlkə bu qədər çox itki olmazdı. Amma gecə yarısı raketləri Gəncənin yaşayış massivinə atmaqla Ermənistan bir daha özünün terrorçu mahiyyətini göstərdi.
- Sizcə, planlaşdırılmış bu terror hadisəsinin cavabı nə olmalıdır?
- Bu terrorun cavabını ancaq Azərbaycan ordusu verməlidir, inşallah qısa müddətdə də cavabını verəcək, torpaqlarımız azad olunacaq. Biz ərazi bütövlüyümüzü təmin edib bayraqlarımızı o torpaqlarda sancacağıq və Ermənistan da çox qısa müddətdə bir dövlət kimi məhv olub gedəcək.
- Ermənistanın əsas məqsədi savaşı Qarabağın hüdudlarından kənara, iki dövlət sərhədinə keçirmək, Rusiyanı, KTMT-ni proseslərə qatmaqdır. Necə bilirsiniz, düşmənin cavabı bütün sərhədlərimiz boyunca verilməlidirmi?
- Təbii ki, ermənilərin məqsədi budur. Amma biz bunu deyə bimərik. Ali Baş Komandan söylədi ki, biz nəyi, necə və nə vaxt etməyi hamıdan yaxşı bilirik. Bəli, Ermənistan Gəncə, Daşkəsən, döyüş bölgəsindən kənarda olan Mingəçevir SES-i, gölü raket atəşinə tutmaqla humanitar fəlakət törətmək istəyir. Məqsəd budur ki, Azərbaycan Ermənistanın Vardenis, Gorus bölgəsindən, İrəvan ətrafından açılan atəşləri susdursun və həmin məntəqələrə raketlər yağdırsın. Bununla da Rusiyanı və digər dövlətləri proseslərə cəlb etmək istəyirlər.
Ermənistanın başlıca məqsədi budur. Bizim məqsədimiz yalnız Azərbaycan torpaqlarını azad etmək və ərazi bütövlüyümüzü təmin etməkdir. Əlbəttə, əgər düşmən bu şəkildə davam edəcəksə, bizim dinc əhalimizi, xüsusən, döyüş bölgələrindən kənarda yerləşən yaşayış məntəqələrimizdə növbəti terror hadisələri törədərlərsə, onun cavabı lazımi səviyyədə veriləcək. Bəlkə də bütün sərhəd boyunca Ermənistana cavab zərbələri endirmək lazımdır, vacibdir. Amma bu məsələdə söz sahibi biz deyilik.
- Gəncə terroru dünyanın gözü qarşısında baş verdi. Ermənistan Xocalı soyqırımından sonra növbəti dəfə dinc sakinlərin kütləvi qırğını istiqamətində terror aktları törətməklə gerçək mahiyyətini bir daha büruzə verdi. Sizcə, dünyanın budəfəki reaksiyası necə olacaq?
- Dünya görür, amma susur. İnsan hüquqları təşkilatları var ki, həmişə bar-bar bağırırdılar, biz hələ birinin bəyanatını eşitmədik, görmədik. Birisi Ermənistandan soruşmur ki, sən gecəyarısı Gəncədəki yaşayış evlərinə niyə raket atırsan?
- Ermənistan atəşkəs fasiləsindən istifadə edib yenidən toparlanmağa çalışır...
- Ona görə də fasilə vermək lazım deyil, ilanın başı əzilməlidir, vəssalam!
- Prezidentin köməkçisi Hikmət Hacıyev də bəyan etdi ki, Ermənistana silah-sursat, raket sistemləri daşınır...
- Bəli. Özü də nə ilə daşıyırlar: mülki təyyarələrlə. Dünyanın aviasiya daşımaları ilə bağlı cavabdeh təşkilatları var, cavab versinlər, səslərini çıxartsınlar. Haradan gətirildiyi, hansı təyyarələrlə gətirildiyi məlumdur.
Mən bütün şəhidlərimizə rəhmət diləyirəm, xalqımıza başsağlığı verirəm. Allah yaralılara şəfa, xalqımıza, ordumuza qüdrət, güc versin, Ali Baş Komandanımızın köməyi olsun! Bizim xilasımız ancaq öz əlimizdədir.
