Azərbaycanın yerli televiziya kanalları tez-tez tənqid edilir. Buna yetərincə səbəblər də var. Kanallarda yayımlanan bayağı verilişlər, aparıcıların yersiz hərəkətləri, efirdə işlədilən təhqiramiz ifadələr və sairə və ilaxır. Bunları saymaqla bitirmək olmaz.
Elə bunun ən bariz nümunəsi, son günlər gündəmdən düşməyən “Səbəbkar” verlişində baş verən rəzalətdir.
Beləki, ATV-də yayımlanan “Səbəbkar” verilişinin qonağı olan Aşıq Ədalət Aşıq Namiqin və rəqqasə Aytənin ünvanına söyüş işlədib. Proqram iştirakçıları bunu gülüşlə qarşılayıblar.
Verilişin aparıcısı İradə İsaq isə məsələyə sosial şəbəkədə belə münasibət bildirib: “Aşıq Ədalətin sözlərini tərbiyəsizlik hesab etmirəm. Bu, ustad şapalağı idi".
Cia.az olaraq, məsələ ilə bağlı təhqir edilən rəqqasə Aytənlə görüşüb söhbətləşdik. Aytən bildirdi ki, söyülən tək o deyil, həm də Namiq olub: “Orada tək mən söyülməmişəm. Namiq də söyülüb. Günlərdir bu məsələ müzakirə edilir. Bu biabırçılıqdır. Aşıq Ədalət qoca kişidir. Ancaq utanmadan ağzına o cür ifadələr alır. O sadəcə məni yox, bütün Azərbaycan qadınlarını təhqir etdi. Əgər videoya baxmısınızsa görərsiniz, o söyür, studiyada hər kəs qəhqəhə atır. Orada oturan qadınlar necə özlərinə sığışdırdılar ki, onların yanında elə ifadə işlətməsinə razı oldular. Əslində o cür ifadə gülməli yox, ağlamalı idi. Mənə dedilər aşıq xəstədir, məhkəməyə vermə. Amma mən bu işi belə qoyamayacam. Məhkəməyə verəcəm. Ta ki, o çıxıb efirdə üzr istəyənə qədər”.
Rəqqasə Aytən bildirir ki, o verliş aparıcının savadsızlığının bariz nümunəsidir: “Aparıcı utanmadan açıqlama verir. Deyir ki, qoy belə bir şey olsun ki, bir daha bu cür hal baş verməsin. Aparıcı gör nə qədər tərbiyəsizdir ki, bu cür ifadə işlədir. Ona xanım belə demək istəmirəm. Mən orda sənət göstərirəm. Alt geyimində və ya çılpaq çıxmamışam ki?! Qaydalar çərçivəsində öz işimlə məşğul olmuşam. Ərizəmi yazmışam. Başda Aşıq Ədalət olmaqla, aparıcı daxil orta oturan hər kəs məsuliyyətə cəlb ediləcək. Qanundan xəbəri olmayan niyə aparıcı olsun axı? Gör nə qədər savadsız aparıcıdır ki, bir mövzu tapıb, müzakirəyə çıxarda bilməyib. Səkkiz sazçalanı yığıb verlişə, mövzu olaraq da, Aytəni seçib. Əgər bir yenilik edib, bir səviyyəli ideya ortaya qoya bilməyəcəksənsə, sən nə aparıcısan? Gah Mübarizi, gah Aytəni, gah Namiqi atır ortaya. Aytən boyda daş düşsün başına. Uzun yubka geyinib ortaya düşməklə deyil ki! Uzun yubkalıların nə işlə məşğul olduqlarını da yaxşı bilirik”.
Rəqqasə reytinq naminə atılan addım olduğunu iddia edir: “Ora qoca kişini çağırıblar. Ağzının danışığını bilmir. Yaxşı deyək ki, tərbiyəsizin biridir, bəs sizə nə olub? Siz də onun tayısınız? Telli Borçalı deyir ki, eşitməmişəm. Aytən və Namiqlə öz verlişinin partlayışını eləmək istədi. Amma əxlaqsızlıqla partlayış etdi. Reytinq yoxdur deyə bu cür usual əl atırlar”.
Aşıq Ədalətin onlara qarşı bu mövqedə olduğuna inana bilməyən Rəqqasə, məsələni belə izah edir: “Bu kişi həmin konsertdə idi. Bizi alqışlayırdı. Nəsə xoşuna gəlməsə, yaxınlaşıb elə konsertdə “bu xoşuma gəlmir” deyərdi. Heç kimin kimisə təhqir etməyə haqqı yoxdur. Mən müstəqil ölkədə yaşayıram. Bu ölkədə isə azadlıqdır. Kim nə istəyir geyinə bilər. Kim nə istəyir edə bilər. Buna heç kimin qarışmağa və ən əsası kimisə təhqir etməyə, eyni zamanda təhqirə vasitəçi olmağa nə mənəvi nə hüquqi haqqı yoxdur!”
Rəqqasə Aytən, qəbahətin biri aşıqdadırsa, beşi aparıcıdadır deyir. O hesab edir ki, aparıcı cinsiyət söhbətləri ilə gündəmə gəlmək istəyir: “Sabah o aparıcı bir iş görəndə, agzını, üzünü, var-yoxunu söyəndə düz yola gələcək? Ədalət müəllim, aparıcını təqsirkar bilir. Deyir, montaj edilməli idi. Amma etməyiblər. Madəm ki, elə dürüst adam idi, söyüşü də tam verərdi. Bəs o aparıcı düşünmədi ki, bu dəqiqə efirə baxan yoxdur hamı saytlardadır? Bu saytlara yayılacaq. Başda oturanlar, qızlar, gəlinlər hamı bu saytlara baxır axı. Ədalət Müəllim cinsi orqanın qoyur ortaya, aparıcıya ləzzət edir. Az qalır zövqdən ürəyi getsin. Aparıcı Aşıq Ədalətin cinsi orqanı ətrafında reytinq toplamaqla məşğuldur. Bu hansı əxlaqa sığır axı?”.
Cia.az
