|
“Azərbaycanın fəaliyyəti BMT nizamnaməsi və BMT TŞ-nin qəbul etdiyi 4 qətnaməyə əsaslanır”-Nizami Səfərov

Oktyabrın 9-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov Milli Məclisdə brifinq keçirib. Brifinqdə əks-hücum əməliyyatında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası və bu prosesdə diqqət cəlb edən bir sıra məsələlərdən danışılıb. Eyni zamanda, əks-hücum əməliyyatının beynəlxalq hüquq çərçivəsində həyata keçirilməsi, qadağan olunmuş silahların Ermənistan tərəfindən tətbiqi, muzdluların guya Azərbaycan tərəfindən vuruşması iddiaları və bu iddialara cavab verilməsi kimi məsələlərdən söz açılıb. 

Brifinqdə Rusiya KİV-lərinin nümayəndələri də iştirak edirlər.

“Azərbaycan işğal olunmuş ərazisində əks-hücum əməliyyatı aparır və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsinə əsasən, təşkilatın müdaxiləsi üçün heç bir əsas yoxdur”- Nizami Səfərov bildirib. Deputat deyib ki, Kollektiv Təhlükəsizlik MüqaviləsiTəşkilatının (KTMT) Nizamnaməsinin 20-ci maddəsində üzv dövlətlərin Əsasnamənin tələblərini yerinə yetirmədiyi halda üzvlükdən xaric edilməsi halları əksini tapıb: “Burada söhbət BMT Nizamnaməsinin əsas tələblərinin pozulması, işğala yol verməkdən gedir. Hazırkı halda Ermənistan beynəlxalq hüquq normalarını pozub, ərazilərimizi işğal edib, Azərbaycan ərazisində hərbi, insanlıq əleyhinə cinayətlər törədib, Xocalı soyqırımı həyata keçirib. Ona görə də bütün bunlar Ermənistanın təşkilatın üzvlüyünün dayandırılmasını aktuallaşdırır”.

“Azərbaycan şəhərlərinin Ermənistan ərazisindən raket atəşinə tutulmasını hərbi-kosmik vasitələrin köməyi ilə asanlıqla aşkar etmək olar”-N.Səfərov əlavə edib. Modern.az-ın xəbərinə görə, deputat deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əks-hücum əməliyyatı Azərbaycanın ərazi bütövlüyü bərpası və suverenliyinin təmin edilməsinə yönəlib: “Bu əks-hücum beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir. Azərbaycanın fəaliyyəti BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə əsaslanır. Qətnamələrdən birinin qəbulu zamanı Riçordson bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. BMT Baş Assambleyası, müxtəlif beynəlxalq təşkilatların qəbul etdiyi bir çox qərar və qətnamələrdə qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində şəll olunmalıdır. Milli Məclisin Sədri Sahibə Qafarovanın Rusiyada yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşündə də bu mövqe bəyan edilib”.