Ermənistan Azərbaycan torpaqlarını – Qarabağı 30 ilə yaxındır işğalda saxlamaqla həm də ölkəmizə qarşı ekoloji terrorlar törədirdi.
Bunlardan ən ciddisi su mənbələrimizin qarşısını kəsmələri idi. Azərbaycanın bir sıra rayonlarının suvarmasını təmin edən Tərtər çayı və digər çaylar əsasən Sərsəng və Suqovuşan su anbarlarından qidalanırdılar.
Ermənilər uzun illərdir Tərtər çayına su axınına imkan vermirdi.
Oktyabrın 3-də şanlı ordumuz Suqovuşan (saxtalaşdırılmış adı Madagiz) qəsəbəsini işğaldan azad etdi. İşğaldan azad edilən ərazidəki Suqovuşan su anbarı da artıq Azərbaycanın nəzarətindədir.
Qeyd edək ki, Suqovuşan su anbarı Tərtərçay üzərində yerləşir, kənd təsərrüfatı torpaqlarını su ilə təmin etmək məqsədilə 1975-ci ildə istismara verilib.
Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibəyə qədər Aran Qarabağın rayonlarını əhatə edən 97 min hektar məhsuldar torpağın suvarılması Tərtərçay üzərində qurulmuş Sərsəng, Suqovuşan su anbarları, Sağ və Sol Sahil magistral kanalları vasitəsilə həyata keçirilib. 25 ildən artıqdır ki, su anbar¬larının işğal altında olması Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Yevlax və Goranboy rayonlarında əkinlərin suvarma suyu ilə təminatında çətinliklər yaradırdı.
Ermənilər torpaqlarımıza və cəbhəyanı rayonların əhalisinə zərər vermək üçün Sərsəng və Suqovuşan su anbarlarının suyunu payızın sonunda və qış aylarında buraxıb, suya ehtiyac olan yaz-yay aylarında isə kəsiblər.
Suqovuşan azad edildikdən və ərazidəki eyniadlı su anbarından istifadəyə nəzarət edə bildiyimizdən Tərtər çayına axının qarşısını alan bəndlər də artıq götürülüb. Son 3 gündə Tərtər çayına Suqovuşan su anbarından axınının bərpa edilməsi nəticəsində çayın məcrasında su kifayət qədər artıb. Hazırda payızlıq əkinə hazırlaşan kənd təsərrüfatı ilə məşğul olan fermerlər suvarma prosesi həyata keçirir. Belə bir vaxtda Tərtər çayına suyun buraxılması illərdir yaşanan suvarma problemini əhəmiyyətli dərəcədə aradan qaldırıb. Bölgədə yaşayan sakinlər bildirir ki, son günlərdə Tərtər, Bərdə və qismən Goranboy, Yevlaxda su təchizatı xeyli yaxşılaşdırıb. lbəttə, biz Böyük Qələbəyə nail olduqdan sonra işğalın uzun illərdir yaratmış olduğu daha böyük problemləri aradan qaldıra bilıcəyik. Hələlik isə yalnızca Suqovuşanın azad olması nəticəsində 3 rayonun su probleminin aradan qalxması sevincini də yaşayırıq...
Vətən bütövləşdikcə problemlər də kiçilir!
