|
“Direktor olmaq istəyənlər bu işə daha çox vəzifə tutmaq üçün gedirlər”-Kamran Əsədov

Direktorların işə qəbulu müsabiqəsinin ilk mərhələsi artıq başa çatıb. Bu ilin 28 sentyabr-5 oktyabr tarixlərində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. Müsabiqədə iştirak etmək üçün 3251 namizəd elektron müraciət edib, onlardan 2479 namizəd elektron ərizəsini təsdiqləyib. Hazırda elektron ərizələrin yoxlanılması prosesi davam edir. Proses başa çatdıqdan sonra test imtahanı mərhələsi keçiriləcək.

İşə qəbul prosesinin şəffaf keçirildiyi bildirilsə də, Təhsil Nazirliyi tərəfindən zaman-zaman işində buraxdığı nöqsanlara, vəzifə səlahiyyətlərindən sui-istifafə hallarına yol verən direktorların işlərinə xitam verildiyinin şahidi olmuşuq.

Azərbacanda direktrolar hansı kriteriyalar əsasında işə götürülür. Onların gələcək fəaliyyəti ilə bağlı hansı tələblər irəli sürülür?

kj_700x390.jpg (39 KB)

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, ümumi olaraq Azərbaycanda orta ümumtəhsil məktəblərində müəllimlərin elektron işə qəbulu 2009-cu ildən başlayıb. Yəni işə qəbul prosesi o vaxtdan başlamışdı, 2011-ci ildən etibarən isə bu bütün ölkə ərazisində həyata keçirilməyə başladı. Bunun ardınca 2012-ci ildə Təhsil Nazirliyi bir çox məktəblərdə direktorların işə qəbulunu müsahibə və müsabiqə yolu ilə həyata keçirirdi. Amma prosesin tam şəffaf və obyektiv şəkildə həyata keçirilməsi 2013-cü ildə Mikayıl Cabbarov Təhsil naziri təyin olunanda sonra başladı. Əgər 2013-cü ilədək yalnız regionlarda yerləşən bəzi məktəblərə müsahibə və müsabiqə yolu ilə direktorlar işə qəbul edilirdisə, Mikayıl Cabbarov Təhsil naziri təyin olunanda sonra proses tam şəkildə mərkəzləşdirildi və tam şəffaf olaraq həyata keçirildi. 2013-cü ildən etibarən proses iki mərhələdən ibarət olaraq keçirilib. Birinci mərhələdə imtahan iştirakçıları sənədlərini verirlər və test tapşırıqlarından ibarət olan imtahana cəlb edilirlər. Test imtahanından keçənlər müsahibəyə cəlb olunurlar. Bu daha çox regionlarda yerləşən orta ümumtəhsil məktəblərində direktor işləmək istəyənlər üçündür. Bakıda isə bu bir neçə mərhələdə həyata keçirilir. İlk olaraq Xəzər Universitetinin nəzdində aparılan təlimlər, yaxud Təhsil Nazirliyinin üç aylıq təlimləri təşkil olunur. Təlimlərdən sonra direktor olmaq istəyənlər üçün yenidən təlimlər keçirilir. Bu təlimlərdən keçənləri sonradan imtahanlara cəlb edirlər. İmtahandan müvafiq keçid balını toplayanlar müsahibələrə cəlb edilir. Müsahibədən keçəndən sonra onlar vakant yerlərə göndərilirlər”.

Təhsil eksperti hesab edir ki, orta ümumtəhsil məktəblərində müəllim, direktor, direktor müavini, uşaq birliyinin rəhbəri, psixoloq kimi çalışan şəxslər məktəblərdə rəhbər vəzifələrə getmək istəyirlər: “Çox təəssüflər olsun ki, direktor olmaq istəyənlər daha çox vəzifə tutmaq üçün bu işə gedirlər. Təhsilə faydalı olmaq baxımından heç kim vəzifəyə getmir. Bu gün düşünürlər ki, mən direktor olum, bu və ya digər yolla pul qazanım. Heç kimin təhsilin inkişafına xidmət etmək kimi bir məqsədi yoxdur. Bu müddət ərzində təyin olunanlar və bundan əvvəlkilərə baxsaq, o qədər də ciddi fərq hiss olunmur. Çünki daha çox bu sahəyə gələnlər vəzifə tutmaqdan ötrü bura gələnlərdi. Qeyd edim ki, direktorların işə qəbulu 7 ildən çoxdur orta məktəblərdə tam şəffaf şəkildə həyata keçirilir. Hər hansı kənar müdaxilə yoxdur. Təkcə regionlara yerləşən məktəblərdə yox, eyni zamanda paytaxt Bakıdakı məktəblərə direktor qəbulu həyata keçirilir. Məndə olan məlumata görə, təkcə Bakı şəhərində 140-dan çox məktəb direktoru məhz bu yolla işə qəbul olunub. Regionlarda isə mindən çox direktor var ki, şəffaf şəkildə işə qəbul ediliblər. Amma şəffaf qəbul edilsələr də, sonradan gedib şəffaf işləyə bilməyiblər”.

Ekspert universitetlərdə direktorlarla bağlı yeni ixtisasların açılmasını məqsədəuyğun sayır: “Ona görə də prosedur qaydalarında dəyişiklik etmək lazımdır. Ən azı biz ali təhsil müəssisələrinə təhsil idarəetməsi, təhsil idarəçisi kimi ixtisaslar salmalıyıq ki, oranı bitirənlər ən azı bu sahə üzrə müəyyən səriştələrə sahib olsunlar. Yoxsa yalnız testlə, onların əzbərlədiyi suallara cavab tapmaqla direktor seçimini etmək olmaz. Amma ümumiyyətlə bu prosesin şəffaflığı tam şəkildə təmin olunur”.

752176.jpg (530 KB)

Mövzu ilə əlaqədar Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a bildirildi ki,  seçim hər zaman olduğu kimi qəbul olunmuş qaydalara əsasən, əvvəlki illərin təcrübəsinə uyğun olaraq şəffaf, açıq və ədalətli keçiriləcək:

"Məktəb direktoru olmaq istəyən şəxslər pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər olmalıdır. Müraciət edənlər arsında 1680 nəfər müəllim, 563 nəfər təlim-tərbiyə işi üzrə direktor müavini, 100 nəfər məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 45 nəfər metodist və psixoloq, 26 nəfər gənclərin çağırışaqədərki hazırlıq rəhbəri, 13 nəfər uşaq birliyi rəhbəri, 6 nəfər laborant, 1 nəfər kitabxanaçının elektron sənədləri təsdiqlənib”.  

Qeyd edək ki, direktor məktəbi idarə edərkən -Azərbaycan Respublikası Konstitusiyasını, "Təhsil haqqında" Qanunu, əmək məcəlləsini, digər qanunvericilik aktlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Fəhlə Peşələri və Qulluqçu Vəzifələri üzrə Ümumrespublika Təsnifatının və Fəhlə Peşələri və Qulluqçu Vəzifələrinin Vahid Tarif - İxtisas Sorğu Kitabçalarının işlənib hazırlanması haqqında" qərarının tələbləri baxımından hazırlanmış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmış və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş, nəhayət, Təhsil Nazirliyinin 07.06.2005-ci il tarixli, 468 nömrəli əmri ilə müvafiq dəyişikliklər edilmiş "Təhsil Sahəsi İşçilərinin Qulluqçu Vəzifələrinin Vahid Tarif - İxtisas Sorğu Kitabçası" ilə müəyyənləşdirilmiş əmək funksiyalarını, ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsinin tələblərini və məktəbin nizamnaməsini əldə rəhbər tutmalıdır.

Məlumat üçün bildirək ki, bu il direktor vəzifəsinə işə qəbulda namizədlərin 1350 nəfərini qadınlar, 1129 nəfərini kişilər təşkil edir. Qeyd edək ki, 1514 namizəd direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə ilk dəfə iştirak edir. Namizədlərdən 25 nəfər xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alıb, 14 nəfər isə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir.

Namizədlərdən 275 nəfər 22-30 yaş, 1192 nəfər 30-40 yaş, 558 nəfər 40-50 yaş, 346 nəfər 50-60 yaş, 108 nəfər 60-64 yaş aralığındadır.

Müsabiqədə iştirak edən namizədlərdən 1680 nəfər müəllim, 563 nəfər təlim-tərbiyə işi üzrə direktor müavini, 100 nəfər məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 45 nəfər metodist və psixoloq, 26 nəfər gənclərin çağırışaqədərki hazırlıq rəhbəri, 13 nəfər uşaq birliyi rəhbəri, 6 nəfər laborant, 1 nəfər kitabxanaçı vəzifəsində çalışır.