Ermənistan silahlı qüvvələri müharibə cinayətləri törətməkdə davam edir. Belə ki, düşmən oktyabrın 8-də növbəti dəfə Bərdə rayonunu “Toçka-U” kompleksi vasitəsilə atəşə tutub.
Düşmən mülki obyektləri vurur, dinc əhaliyə qarşı cinayət törədir. Ermənilərin atdığı raketlərdən biri “Qədim Bərdə" restoranına düşüb. Həmin vaxt orada olan 2 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Digər raket yaxınlıqdakı evlərdən birinin həyətinə düşüb, nəticədə, ev dağılaraq yararsız hala düşüb.
Eyni zamanda Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşmüş raketlər 5 nəfər şəxsin yaralanmasına səbəb olub, o cümlədən, məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Müdafiə Nazirliyi Bərdə rayonu ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən “Toçka-U” kompleksi vasitəsilə atəşə tutulduğunu təsdiqləyib.






