|
Donald Tramp Rusiya bağlantıları ilə əlaqədar bütün məxfi materialların açılmasını əmr etdi

ABŞ prezidenti Donald Tramp onun Rusiya ilə qeyri-qanuni əlaqələrini araşdıran istintaq materiallarının üzərindən məxfilik qrifinin götürülməsini tapşırıb.

“Mən ABŞ-Rusiya tarixində ən böyük tarixi cinayət sayılan bu mistifikasiya ilə bağlı bütün sənədlərin açılmasını əmr etdim. Bu həm də Hillari Klintonun elektron yazışmalarına aid olacaq. Və heç bir redaktəyə yol verilmədən!”,-deyə ABŞ prezidenti Tvitter hesabında yazıb.

Qeyd edək ki, hələ bu ilin oktyabr ayının 5-də Ağ Ev administrasiyasının rəhbəri Mark Medouz da prezidentin “Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə qeyri-qanuni müdaxiləsinin araşdırılması” ilə bağlı bütün konfidensial materialların gün işığına çıxarılacağını açıqlamışdı.

“Politico” saytı isə bəzi sənədlərin olduqca güclü redaktəyə məruz qaldığının təsbit olunduğu xəbərini yayıb. Bunlar əsasən Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Brennanın Barak Obama verdyi brifinqin nəticələri ilə bağlıdır. Həmin hesabatlar vaxtilə Trampın özünün göstərişi ilə Milli kəşfiyyat idarəsinin direktoru Con Retkliff tərəfindən məxfiləşdirilib.