Koronavirus dünyada yenidən sürətlə yayılır, Azərbaycanda isə vəziyyət fərqlidir...
Dünyada koronavirus pandemiyasına yoluxma artmaqda davam edir. Artıq yeni növ koronavirusun Çindən dünyaya yayılmasının bir ilinin tamamına çox az zaman qalıb. Lakin hələ də haqqında danışılan vaksinlərlə bağlı yekun qərar yoxdur.
Hələ aprel ayında proqnoz verilirdi ki, COVİD-19-a qarşı vaksinlər sentyabr ayında hazır olacaq və dünya əhalisinin vaksinasiyasının həyata keçirilməsi ilə təhlükə azalacaq.
Eyni zamanda alimlər hesab edirdilər ki, koronavirus getdikcə mutasiyaya uğrayıb öz yoluxucu qabiliyyətini itirəcək. Lakin hələ ki söylənilənlərin heç birinin gerçəkləşdiyini görmürük. “Vaksini hazırlayırıq” deyən Amerika alimlərinin prezidenti Donald Tramp da hazırda bu virusdan əziyyət çəkir.
Ümumilikdə isə biz bu materialı hazırlayan zaman dünyada koronavirusa yoluxanların ümumi sayı 35 milyon 731 min 192 nəfər, ölənlər isə 1 milyon 46 min 484 nəfərə çatıb.
Koronavirusa qarşı vaksin tapılmasa da, müxtəlif üsullarla yoluxan şəxsin immuniteti qaldırılır və bu üsulla müalicə həyata keçirilir. Həkimlər daha çox COVİD-19-dan öncəki infeksiyalarda istifadə olunan dərman vasitələrini tətbiq edib, qan duruldan iynələr vasitəsilə xəstələri sağaldırlar. Bu minvalla dünyada indiyədək koronavirusdan sağalanların sayı 26 milyon 889 min 768 nəfərə yüksəlib.
Havalar soyuduqca dünyada koronavirusa yoluxanların sayında gündəlik artım tempi xeyli yüksəlib. Hazırda bir gündə koronavirusa yoluxanların sayı 300 mindən yuxarıdır. Halbuki iyun ayında bu göstərici 150 min nəfərin ətrafında olub.
Dünyada koronavirusdan gündəlik ölənlərin sayı isə 4-5 min nəfər arasındadır. Bu isə iyun ayı ilə müqayisədə azalma deməkdir. Azərbaycanda koronavirusa yoluxanların sayında ciddi artım müşahidə edilmir. Lakin ölkədə virusa yoluxanların sayı da kəskin azalmayıb. Həkimlər hesab edirlər ki, payız ayları olduğu üçün adi qrip və digər virusların da yayılma ehtimalı yüksəkdir. Yəni risk faktoru var. Buna görə də tövsiyə edilir ki, insanlar qorunsunlar, gigiyenik vasitələrdən istifadə edib, yaxın təmasdan çəkinsinlər.
Təbii ki, həkimlər bunun tək çıxış yolu olmadığını da qeyd edirlər. Belə ki, koronavirusdan qorunmaq üçün həm də soyuqdan qorunmaq lazımdır. Çünki koronavirus soyuqlayan orqanizmi çox sevir. Zəifləyən orqanizm bu xəstəliyi daha ağır keçirdiyi halda, immuniteti güclü olan şəxslərin əksəriyyəti yoluxduqlarını hiss etmirlər.

Məsələ ilə bağlı professor Adil Qeybulla “Yeni Müsavat”a bildirib ki, Azərbaycanda insanlar hesab edirlər ki, artıq koronavirus dəftəri qapanıb: “Hər halda, davranış bunu göstərir. Nəzərə almaq lazımdır ki, hazırda soyuqdəymə xəstəlikləri artıb və bu, qış çıxana qədər də davam edəcək. Bu fonda bir yandan da hələ sönməmiş koronavirus da yayılır və buna görə də heç bir arxayınçılıq lazım deyil. Davranışlar sərt olmalıdır. Baxıram ki, müəyyən yerlərə daxil olan zaman maska taxmaq əsas şərtdir. Yəni kimsəni həmin yerlərə maskasız qoymurlar. Ancaq ictimai nəqliyyatda vəziyyət əvvəl də bərbad idi, indi də o cürdür. Vətəndaş məsuliyyəti çox aşağıdır. Hələ virusun ilk yayıldığı günlərdə də bu, belə idi. Deyirdilər ki, virus yoxdur, yalan söhbətdir və sairə. Bu kimi yalan informasiyalar bizim davranışlarımızda özünü göstərdi. Bu gün nə qədər adam şəxsi həkim tapıb, evdə müalicə olunur. Ona görə də yoluxma sayı ilə bağlı açıqlanan rəqəmlər hər kəsi əhatə etmir. Bunları nəzərə alıb, karantin qaydalarına ciddi əməl etmək gərəkdir”.
Adil Qeybulla hesab edir ki, koronavirusa yoluxanlar ilin sonuna qədər yox səviyyəsinə enəcək: “Baxmayaraq ki, həyati əhəmiyyətli Vətən müharibəsindəyik, ancaq karantini də unutmaq lazım deyil. Düşünürəm ki, bu ilin sonunda koronavirus məsələsi bitəcək. Çünki bu, tibbi haldır”.
