Akif Nağı: “İran Qarabağ münaqişəsi başlayandan sonra iki dəfə vasitəçilik etməyə cəhd göstərib, ikisində də Ermənistan razılaşmaları pozub”
İran Qarabağ probleminin həlli üçün plan hazırlayır. Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Said Hətibzadə açıqlama verib. Lakin planın nədən ibarət olduğu haqda bilgi verməyib. Bəs İranın planı məsələnin ədalətli həllinə töhfə verə bilərmi?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı öncə bildirdi ki, həll planında nələrin əksini tapdığı bəlli olmadığı üçün konkret fikir söyləmək çətindir. Yəni konkret təkliflərini verməlidirlər ki, onlar münaqişənin həllini necə görürlər. Biz də bundan sonra təkliflərin ədalətli olub-olmadığı barədə fikir yürüdə bilək: “İran rəhbərliyinin mövqeyində biz həmişə belə bir münasibət görmüşük ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmalıdır. İran həmişə bu cür münasibət bildirir. İndi hərbi əməliyyatlarla bağlı Türkiyəyə, Pakistana, Əfqanıstana, hətta Ukraynaya nisbətən İran qeyri-müəyyən mövqe tutmuş görünür. Yəni açıq şəkildə bizim onlardan gözlədiyimiz mövqe ondan ibarətdir ki, İran da birmənalı şəkildə desin ki, Azərbaycan haqq-ədalət tərəfidir və savaşda İran Azərbaycanın haqq işinin yanındadır. Azərbaycan cəmiyyəti İrandan bunu gözləyir. Amma konkret həll planı təklif edərlərsə, planda nələrin yer aldığını bildikdən sonra Azərbaycan hər halda, öz münasibətini bildirər”.
Akif Nağı tarixə ekskurs edərək xatırlatdı ki, İran Qarabağ münaqişəsi başlayandan sonra sülh yaradılması üçün iki dəfə vasitəçilik etməyə cəhd göstərib: “Birinci dəfə 1992-ci ilin fevral ayında buna cəhd etmişdi. Həmin dövrdə İranın xarici işlər naziri olan Vilayəti regiona səfər eləmişdi, Ermənistan və Azərbaycan rəhbərliyi ilə görüşmüşdü. Fevralın sonlarında Qarabağda ciddi atəşkəsin imzalanması və məsələnin həll olunması ilə bağlı razılıq əldə olunmuşdu. Ancaq Ermənistan bu razılaşmadan az sonra Xocalıda soyqırımı törətdi. İranın təşəbbüsü nəticəsiz qaldı. İkinci dəfə 1992-ci il mayın əvvəlində İran rəhbərliyi sülh yaratma təşəbbüsü etdi. Azərbaycanın o zamankı rəhbərliyi ilə Ermənistanın rəbərliyi arasında Tehranda görüş təşkil edildi. Həmin görüşdə mənim bildiyimə görə bir razılaşma sənədi hazırlanmışdı. Həmin sənədə görə, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalırdı, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdan çıxarılırdı, Azərbaycanın ərazi bütövlüyü tanınırdı və atəşkəs elan olunurdu. Amma ermənilər elə həmin vaxt Şuşanı işğal edərək bu razılaşmanı da anındaca pozdular. Beləliklə, İran dövlətinin Qarabağ məsələsinin həlli üçün qaldırdığı təşəbbüslər, vasitəçilik cəhdləri hər dəfə məhz Ermənistan tərəfindən heçə endirilib”.
QAT sədrinin sözlərinə görə, İranın sülh təşəbbüskarlığının qarşısının alınması üçün əslində Ermənistan alət kimi istifadə olunub: “Bir tərəfdən Ermənistan rəhbərliyi İranın təşəbbüsü ilə razılaşmaya gedirdi, o biri tərəfdən başqa böyük dövlətlərin diktəsi ilə işğallar həyata keçirib həmin razılaşmaları pozurdu. Başqa böyük dövlətlər İranın vasitəçiliyində maraqlı deyildilər. Ona görə də nə zaman İran bir təşəbbüs qaldırıbsa az sonra bunun qarşısı Ermənistanın işğalçılığı ilə alınıb. Əslində İranın təkbaşına vasitəçiliyi ədalətli görünürdü. İndiki vəziyyətdə vasitəçilik təşəbbüsünün, ortaya qoyulacaq təkliflərinin nə dərəcədə ədalətli olacağını haqqında söhbət gedən sülh planı açıqlanandan sonra görəcəyik. Bu gün hətta qonşu Gürcüstan da sülh vasitəçiliyini təklif edir. Amma biz hesab edirik ki, artıq bundan sonra hansısa vasitəçilərə ehtiyac qalmayıb. Çünki Ermənistan yenə də vasitəçilik təşəbbüslərindən öz maraqları üçün istifadə etməyə çalışacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyev də bu barədə mövqeyini bəyan edib və şərtini açıqlayıb. O şərtlər həyata keçərsə, hətta heç bir kənar vasitəçilik olmadan Azərbaycanla Ermənistan arasında hazırkı vəziyyət sülh vəziyyəti ilə əvəz olunacaq”.
A.Nağı bəyan etdi ki, istər İran, istər başqa dövlətlər kim Qarabağ probleminin həllini istəyirsə, kim ədalətin, haqqın yanındadırsa, ən azından heç olmasa kənardan sakit izləməli və prosesə müdaxilə etməməlidir: “İranın davranışına diqqət edəndə görünən odur ki, İran neytrallığını qorumağa çalışır. Azərbaycan xalqı tərəfindən bu, bir tərəfdən yaxşı qarşılanır, digər tərəfdən Azərbaycan cəmiyyəti İrandan haqqın yanında olduğunu açıq ortaya qoymasını gözləyir. Rəsmi Tehran Azərbaycan xalqının gözləntisini nəzərə alsa, bu, hər iki ölkənin xeyrinə olar”.
“Yeni Müsavat”
