Fazil Mustafa: “30 il ərzində Azərbaycana dəyən iqtisadi ziyan da hesablanır, torpaqlar azad olunduqdan sonra təzminat məsələsini qaldıracağıq”
Ermənistan cəbhədə Şanlı Ordumuzun uğurlu hərbi əməliyyatları qarşısında aciz qalıb. Ağır, panik duruma düşən düşmən son çabalarını murdarcasına göstərir. Ordumuzla döyüşə bilməyən mənfurlar cəbhəyanı bölgələrlə yanaşı, digər şəhərlərimizi, mülki əhalinin yaşadığı əraziləri ağır silahlarla vurmağa başlayıb.
Bir neçə gündür ki, Ermənistan tərəfdən təmas xəttindəki kəndlərlə yanaşı, Gəncə və Mingəçevir şəhəri, o cümlədən Bərdə rayonunun mərkəzi, Xızı rayonu vurulur. Raket hücumları nəticəsində mülki əhali arasında ölən və yaralananlar var, həmçinin mükli obyektlərə, insanların əmlakına, avtomobillərə ciddi ziyan dəyib. Baş Prokurorluq tərəfindən bütün bu faktlar torplanır, cinayət işi açılır. Qondarma “DQR” prezidenti Araik Arutyunyan Gəncənin raketlə vurulmasını öz üzərinə götürüb. Onun beynəlxalq məhkəməyə verilməsi gündəmə gələ bilər. Lakin Ermənistanın Azərbaycana vurduğu ziyan bununla bitmir. 30 il torpaqlarımızın işğal altında qalması nəticəsində ölkəmizə 20 milyard dollardan çox maddi ziyan dəyib. Bütün bunlar beynəlxalq aləmə çatdırılmaqla yanaşı, hüquqi qiymətini alması üçün beynəlxalq məhkəməyə də verilə bilərmi? Bunun üçün indidən hansı addımlar atılmalıdır?
Milli Məclisin deputatı Fazil Mustafa məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, məsələnin hüquqi baxımdan həlli üçün hər bir faktla bağlı cinayət işi açılmalıdır: “Həmin cinayət işi indidən ingilis dilində də tərtib olunmalıdır. Həmin cinayət işində mütləq Ermənistan tərəfindən maddi təzminatın ödənilməsi ilə bağlı iddialar qaldırılmaldır. Bu məsələdə prokurorluq orqanları çox mühüm işlər görürlər. Baş verən hadisələrə ilk gündən çevik reaksiya verirlər, araşdırırlar, hadisənin istintaqı aparılır. Bu proses davam etməlidir və müharibə qələbəmizlə yekunlaşdıqdan sonra əlimizdə hazır sənədlər olmalıdır ki, bunu beynəlxalq aləmə çatdıraq. Bunu həm də təbliğat baxımından dünya ictimaiyyətinin diqqətinə çatdırmaq lazımdır. Olduqca vacib məsələdir. Biz həm də kollektiv təhlükəsizlik müqaviləsi təşkilatlarının rəhbərliyinə də hər birinə ayrı-ayrılıqda müraciət edib bu faktları göstərməliyik ki, Ermənistan öz ərazisindən Azərbaycan şəhərlərini atəşə tutur. Məqsədi də odur ki, prosesə digər dövlətləri də qoşsun. Ancaq Ermənistan bu məsələdə ehtiyatlı olmalıdır, çünki Azərbaycanın səbrinin də sonu var. Qarabağın azadlığını 30 il gözlədik, ancaq bu addımların cavabı yəqin ki, Ermənistanı gözləməyimiz 30 gün çəkməyəcək”.
F.Mustafa bildirdi ki, dinc əhaliyə atılan raket zərbələrinin qarşısında Azərbaycan ordusu düşmənə cavab olaraq onun hərbi gücünü sarsıtmaq üçün müvafiq addımları atacaq: “Çünki Azərbaycan heç zaman mülki əhali ilə savaşmır, ancaq ordu birlikləri, terrorçu qruplarla, Ermənistanın silahlı qüvvələri ilə savaşır. Ona görə də Ermənistanın mülki əhalimizi atəşə tutmasına beynəlxalq aləm də reaksiya verməlidir. 30 il ərzində Azərbaycana dəyən iqtisadi ziyan da hesablanır, torpaqlar azad olunduqdan sonra bu məsələni qaldıracağıq. Beynəlxalq iqtisad məhkəmələrinə müraciət olunacaq. Buna indidən hazırlaşmalıyıq. Bütün maddi dəlillər dərhal ingilis dilinə çevrilməlidir. Bu, dünya ictimaiyyətinin diqqətinə çatdırılmaqla yanaşı, həm də beynəlxalq məhkəmələrdə dərhal iddialar qaldırılmalıdır. Vətəndaşların evlərinə, əmlakına, avtomobilinə dəyən ziyanlarla bağlı Avropa İnsan Haqları Məhkləməsinə də müraciət edilməlidir”.
İqtisadçı ekspert , hüquqşünas Əkrəm Həsənov bildirdi ki, Azərbaycan dövlət kimi tanınmayan qondarma Dağlıq Qarabağ Respublikasını beynəxalq məhkəmədə tərəf kimi göstərə bilməz: “Bizim torpaqlarımız 30 ilə yaxındır ki, Ermənistanın təcavüzü nəticəsində işğal olunub və Azərbaycana külli miqdarda iqtisadi ziyan dəyib. Məsələnin hüquqi tərəfi bizim üçün ona görə çətindir ki, Ermənistan bunu öz üzərinə götürmür, Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən həyata keçirildiyini bildirir və bu qondarma dövləti Ermənistan özü belə tanımır. Bu gün cəbhədə hərbi əməliyyatlar uğurla keçirilir. Problem ondadır ki, Ermənistan işğalçı olduğunu etiraf etmir, eyni zamanda Qondarma Dağlıq Qarabağ Respublikasını tanımır. Ermənistan qondarma DQR-nı tanısa, o zaman bizim beynəlxalq məhkəmələrə yolumuz açılır. O zaman deyə bilərik ki, filan şəhərlərimizi vurmusan, insan itkiləri yaşanıb və sair. İndi Ermənistan deyir ki, mən deyiləm, bu edən guya qondarma DQR erməniləridir, biz onlara yardım etsək də, onları tanımırıq. Son günlər Gəncəyə, Mingəçevirə, Bərdəyə, Xızıya vurulan zərbələrin Ermənistan tərəfindən atıldığını hamı başa düşür, ancaq onlar bunu etiraf etmirlər ki, biz beynəlxalq məhkəməyə müraciət edəndə Ermənistanı suçlaya bilməyək. Çünki qondarma DQR-i biz məhkəmədə cavabdeh tərəf kimi göstərə bilmərik. Hər bir halda buna cəhd etməliyik, Ermənistanı cavabdeh tərəf kimi göstərməliyik, hətta beynəlxalq hüquq mütəxəssislərini tərəf kimi cəlb etmək, onlara baş verənləri göstərmək lazımdır. Əsas problem odur ki, biz beynəlxalq məhkəmələrdə iddia qaldırsaq, Ermənistanı tərəf kimi göstərməkdə problem yaşaya bilərik. Müharibə qələbə ilə başa çatdıqdan sonra bu məsələlərə başlamaq lazımdır. Hər bir halda biz buna cəhd etməliyik, müharibə bitəndən sonra bu məsələlərlə ciddi məşğul olmaq lazımdır. Bu gündən bütün dəymiş ziyanın qeydiyyatı, uçotu aparılmalıdır”.
