Artıq 8 aydır ki, dünya koronavirus bəlası ilə mübarizə aparmaqda davam edir. Çinin Uhan şəhərindən başlayaraq dünyaya yayılan virus səbəbindən bu günədək 1 milyondan çox insan dünyasını dəyişib, 35 milyondan çox insan bu virusa yoluxub.
Hazırda koronovirusla bağlı dünyadakı vəziyyət aşağıdakı kimidir.
Aylardır ki, koronavirus pandemiyasının mәrkәzinә çevrilәn ABŞ-da epidemiya qurbanlarının sayı 214 mini, infeksiyaya yoluxanların sayı isə 7 milyonu keçib. Xatırladaq ki, koronavirusa yoluxan ABŞ prezidenti Donald Tramp müalicә olunduğu xәstәxanadan xalqa müraciәt edib. Tramp vәziyyәtinin yaxşı olduğunu vә yaxın zamanda geri qayıdacağını bildirib.
Dünyada ABŞ-dan sonra ən çox virusa yoluxma halı Hindistandadır. Bu ölkədə bu günə qədər 6,6 milyondan çox insan koronavirusa yoluxub, 102 mindən çox insan isə dünyasını dəyişib. Bir neçə gün əvvəl isə Hindistanın baş naziri Venkaya Naydudanın da koronavirusa yoluxduğu məlum oldu. Məlumata görə baş nazirdə koronavirusun hər hansı bir əlamətri müşahidə edilməyib. Buna baxmayaraq o, evində karantinə alınıb. Onun həyat yoldaşı, Uşa Naydunun testi mənfi olub.
Avropadakı mәrkәzi olan İngiltәrәdә virusdan ölәnlәrin sayı hər gün artmaqda davam edir. Bu günə qədər ölkədə 42 min insan koronovirusdan vəfat edib. Rəsmilər vəziyyətin daha da ağırlaşmaması üçün bir sıra tədbirlər görürlər. Belə ki, sentyabrın 28-dən qüvvəyə minən qərara əsasən ölkədə koronavirus testi müsbət çıxan və özlərini təcrid etmələri tələb olunan şəxslərin izolyasiya qaydalarını pozmaları vəziyyətində 10 min sterlinqədək cərimələnəcək. İlk pozuntuda 1000 sterlinq cəza nəzərdə tutulur, pozuntuların təkrarlanması vəziyyətində cəza məbləği 10 min sterlinqə qədər çıxacaq.Eyni zamanda özlərini təcrid etməsi tələb olunan şəxslər dövlətdə 500 sterlinq məbləğində yardım ala biləcəklər. Birləşmiş Krallıq hökuməti, yeni cərimələrin Şotlandiya, Uels və Şimal İrlandiyada də tətbiq ediləcəyinə ümid edir.
İspaniyada da koronavirus pandemiyasına yoluxanların sayı artmağa başlayıb. Hökumət bunun qarşısını almaq üçün paytaxt Madriddə məhdudiyyətlər tətbiq edilməsi ilə bağlı göstəriş verib. Belə ki, yeni qərar əsasən işə, məktəbə, alış-verişə və ya tibbi yardım üçün getmək xaricində paytaxtın 3 milyon əhalisinin evlərindən çıxmasına icazə verilməyəcək. Bütün bar və restoranlar vaxtından tez bağlanmalı və müştərilərin sayını 50 faiz azaltmalı olacaq.Yeni məhdudiyyətlər Madridin regional sağçı hökuməti tərəfindən pislənib. Regional səhiyyə naziri Enrike Ruiz Eskudero Milli Sosialist hökumətini regionun pandemiya ilə bağlı işinə qarışmaqda günahlandırıb.
Qonşu Türkiyədə isə bu günə qədər virusa yoluxanların sayı 324 mini ötüb, 8 mindən çox insan dünyasını dəyişib. Məlumata görə ölkədə koronavirusa (COVID-19) qarşı yerli peyvəndin insanlar üzərində sınağına başlanılıb. “Anadolu Agency”nin məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Fəxrəddin Qoca bəyan edib. Onun sözlərinə görə, bu gün Türkiyədə 13 peyvənd hazırlanır, bunlardan birinə insan üzərində sınaqlara başlamaq üçün icazə verilib. F.Qoca bildirib ki, ümumiyyətlə 19 transgen heyvan üzərində tədqiqatlar aparılıb və aparılan təcrübələrdən yaxşı nəticələr əldə olunub.

Gürcüstanda isə son sutkada 578 yeni yoluxma qeydə alınıb. Ölkədə virusdan ölənlərin sayı isə 56 nəfərə çatıb. Hökumət virusunun sürətlə yayılmasının qarşısını almaq üçün qadağalar yenidən sərtləşdirib. Yeni qaydalara əsasən ölkədə koronavirusa yoluxan şəxslə sıx təmasda olanlar tibbi yoxlama aparılmadan dərhal təcrid olunacaqlar. Həmin şəxslər 14 günlük karantinə alınacaqlar.
Qeyd edək ki, sentyabrın 15-dən etibarən Gürcüstanda karantin müddətinə dəyişiklik edilmişdi. Qonşu ölkəyə daxil olanlar 8, virusa yoluxan şəxslə birbaşa təmasda olanlar isə 12 günlük karantin nəzarətinə götürülürdü.
Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze də yaranmış gərgin vəziyyətlə əlaqədar əhaliyə müraciət edib. Nazir Gürcüstan əhalisini evdə qalmağa dəvət edib.
Azərbaycana gəldikdə isə, artıq bir neçə həftədir ki, ölkədə virusa yoluxma sayında azalma müşahidə edilir. Doğrudur, bu statistikada dalğavarilik hökm sürsə də, ekspertlər ölkədə virusla bağlı vəziyyəti stabil hesab edirlər. Qeyd olunur ki, karantin qaydalarına əməl etməklə mövcud statistikanı stabil saxlamaq mümkündür.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov mətbuata açıqlamasında bildirib ki, ölkədə pandemiya gələn yaya qədər davam edə bilər:
“Pandemiya uzun müddət davam edə bilər. Ola bilər, gələn il də bu xəstəliklə məşğul olacağıq, profilaktik tədbirlər görəcəyik. Amma bir məsələ var. O baxır əhalinin 2/3 hissəsində tam immunitetin yaranmasına… Bundan sonra bu virus aramızdan gedir. Düzdür, bu barədə proqnoz verməkdə ehtiyatlı olmaq lazımdır. Ancaq hesab edirəm, üzümüzə gələn yaya qədər biz hələ də bəzi problemlərlə üzləşə bilərik. Ondan sonra inanmıram, bu bizi ciddi narahat etsin”
Son statistikaya görə Azərbaycanda 97 yeni yoluxma faktı qeydə alınıb. “COVID-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər isə vəfat edib. Oktyabrın 4-də isə 130 yeni yoluxma faktı qeydə alınmışdı.
