|
Əli Hüseynli: “Prezidentin müraciəti bütün azərbaycanlıların birliyini daha da möhkəmləndirdi”

Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin dünən xalqa müraciəti siyasi mənsubiyyətindən, siyasi baxışlarından, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, bütün azərbaycanlıların birliyini daha da möhkəmləndirdi. 

Musavat.com xəbər verir ki, bunu Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli deyib. Birinci vitse – spiker xatırladıb ki, dünən cənab Prezidentin xalqa müraciəti Azərbaycan vətəndaşlarının və bütün dünya azərbaycanlılarının Qarabağla bağlı mövqeyi idi.

Onun sözlərinə görə, bir neçə gün ərzində gedən şiddətli döyüşlər nəticəsində Qarabağda işğal altında olan bir sıra kəndlər, əhəmiyyətli zirvələr və ən başlıcası Cəbrayıl şəhəri işğaldan azad edilib: “Cənab Prezident vurğuladı ki, Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Ölkə Prezidenti müraciətində Dağlıq Qarabağ danışıqları ilə bağlı da bir sıra vacib məqamları söylədi. O bildirdi ki, "danışıqlarda həmişə ədalətli mövqedə olmuşuq, bizə mənsub olanı istəmişik. BMT Təhlükəsizlik Şurasının qətnamələri 27 ildir kağız üzərindədir. 27 il ərzində biz danışıqların bütün dövrlərində konstruktiv, ədalətli mövqe göstərmişik... 

Danışıqlarda bizim əsas ümidverici məqamımız o idi və orada göstərilirdi ki, işğal edilmiş torpaqlar mərhələli yollarla Azərbaycana qaytarılacaqdır. Biz də buna razılıq vermişdik ki, mərhələli yollarla, sülh yolu ilə torpaqlarımız qaytarılsın. Bir mərhələdə 5 rayon, ikinci mərhələdə 2 rayon, sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıtsınlar, Şuşaya qayıtsınlar...

Bu ədalətli mövqedir. Bu hüququn bütün normalarına uyğun olan mövqedir". Amma təəssüflər olsun ki, cənab Prezidentin konfliktin baza prinsiplərinə söykənən bu çıxışından sonra da erməni işğalçılarının Qarabağ bölgəsindən kənar Azərbaycanın Mingəçevir və digər ərazilərinə raket atəşləri onların niyyətlərinin işğalçılığın davam etməsi olduğunu göstərir”.

Milli Məclis Sədrinin birinci müavini vurğulayıb ki, cənab Prezident danışıqlar prosesi ilə bağlı Ermənistanın Baş naziri Paşinyanın riyakar və ikiüzlü mövqeyini geniş ictimaiyyətə çatdırdı: "Paşinyan bir neçə il bundan əvvəl Prezident İlham Əliyevdən ölkəsindəki vəziyyətin ağır olduğunu söyləyərək atəşkəs xahiş etmişdir. Paşinyanın son dövrlər davranışı isə onun əsl simasını və erməni xislətini bir daha ortaya qoymuş oldu". 

Əli Hüseynli qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyev öz müraciətində həmçinin indiki şəraitdə atəşkəsin hansı şərtlərlə mümkünlüyünü də açıqladı. Birincisi, Paşinyan baza prinsiplərində əks olunduğu kimi, işğal edilmiş torpaqlardan erməni qoşunlarının çıxarılmasını bəyan etməli, ikincisi, Azərbaycan xalqından üzr istəməli və deməlidir ki, Qarabağ Ermənistanın deyil. Və nəhayət, üçüncüsü işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılmasının konkret cədvəli elan edilməlidir. "Cənab Prezident müraciətində həmçinin Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq duruma qiymət verdi, öz mesajlarını çatdırdı. O, söylədi ki, BMT, ATƏT, Avropa İttifaqına Ermənistanın son aylar törətdiyi cinayətlərlə bağlı məlumatlar verilmişdir. Amma təəssüf ki, bunlara reaksiya verilməmişdir. "Bəzi Avropa ölkələri bizi ittiham edirlər, getsinlər güzgüyə baxsınlar". Bunu söyləməklə cənab Prezident həmin ölkələrin keçmiş və müasir tarixlərində koloniyalizm, işğalçılıq, başqa dövlətlərin işinə qarışmaq kimi halları xatırlatmış oldu. Ölkə Prezidenti daha sonra söylədi ki, indiki vəziyyətdə birinci günahkar Ermənistan rəhbərliyidir, eyni zamanda bu məsələyə biganə yanaşan və daim Ermənistanın tərəfini saxlayan və bu işğalı əbədi etmək istəyən bəzi ölkələrin dairələridir. Həqiqətən də biz bir sıra hallarda bir sıra ölkələrin medialarına, ayrı-ayrı siyasət adamlarından Ermənistanın dəstəyini müşahidə edirik. Amma sözsüz ki, bizim üçün dövlətlərin rəsmi mövqeyi daha vacibdir", - deyə Ə.Hüseynli bildirib.