|
AMİP seçkidə təkbaşına iştirak qərarı verdi
Dünən AMİP Mərkəzi Şurasının növbəti iclası keçirilib. Partiyanın baş katibi Arzuxan Əlizadənin “Yeni Müsavat”a verdiyi xəbərə görə, iclasda Milli Məclisə seçkilərdə iştirakla bağlı məsələ də gündəliyə salınıb. Ətraflı müzakirələr aparılıb və seçkilərdə partiya olaraq iştirak etmək barədə ilkin qərar qəbul edilib.
 
A.Əlizadənin sözlərinə görə, digər partiyalarla əməkdaşlıq məsələləri də müzakirə olunub. İlkin olaraq belə qərara alınıb ki, seçkiqabağı demokratik mühitin formalaşması, seçkilərə nəzarətin birgə təşkili, bəzi seçki dairələri üzrə daha şanslı namizədlərin müdafiəsi və sair məsələlərlə əlaqədar digər partiyalarla müzakirələr aparılması və əməkdaşlıq barədə sazişlərin imzalanması məqsədəmüvafiq hesab edilir. Mərkəzi Şura AMİP Nizamnaməsinə müvafiq olaraq bu kimi məsələlərlə əlaqədar qərar verilməsi barədə partiyanın Siyasi Şurasına əlavə səlahiyyətlər verib.