|
Deputatlardan hökumətə önəmli çağırışlar

Sentyabrın 30-da VI çağırış Milli Məclisin payız sessiyasının ilk plenar iclası keçirildi. Dövlət himninin oxunmasından sonra çıxış edən spiker Sahibə Qafarova deputatlara uğurlu fəaliyyət arzuladıqdan sonra cəbhədəki vəziyyətdən danışdı. Bildirdi ki, Azərbaycan Ordusu bu gün zəfər salnaməsi yazmaqdadır. “Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işidir”-deyən S.Qafarova bildirdi ki, cəbhədəki vəziyyətlə bağlı onun imzası ilə 88 ölkəyə, 11 beynəlxalq təşkilata məktub göndərilib. Həmçinin bir sıra ölkə parlamentlərinin rəhbərliyi ilə telefonla danışıb, telekanallara müsahibələr verib, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü ilə bağlı məlumat verib. Sədr bildirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa edəcək, qaçqın və məcburi köçkünlər öz ata-baba torpaqlarına qayıdacaqlar:  “Prezidentin də dediyi kimi, bizim uğurlu əks-hücum əməliyyatımız 30 illik işğala son qoyacaq. Bu gün Prezident və xalq arasında olan sarsılmaz birlik Dağlıq Qarabağın tam azadlığını təmin edəcək”.

S.Qafarova rəhbərlik etdiyi partiyaların rəsmi dövlət qeydiyyatına alınması ilə əlaqədar olaraq deputatlar Erkin Qədirli və Razi Nurullayevi təbrik etdi. “Milli Məclisdə təmsil olunan siyasi partiyaların sayı 11-ə çatıb”.

Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il payız sessiyasının qanunvericilik  işləri planı haqqında məsələ müzakirə olundu.

Deputat Qüdrət Həsənquliyev Xarici İşlər, Müdafiə nazirliklərinin nümayəndələrinin Milli Məclisə dəvət olunmasını və qapalı iclas keçirilməsini təklif etdi: “Milli Məclis proseslərdən kənar qalmasın, fikir mübadiləsi aparılsın. Narahat olduğum digər məsələ Ermənistan tərəfindən Türkiyənin də hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı yaydığı xəbərlərdir. Bu xəbərlər rəsmilər tərəfindən təkzib olunur. Amma bu məsələ təkrar-təkrar vurğulanmalıdır ki, biz bunu edə bilərik, ancaq hələ buna ehtiyac görmürük. Bizim kollektiv müdafiə olunmaq hüququmuz var. Buna görə də Ermənistan KTMT-nin üzvüdür. Bizim torpaqlarımız zamanında Rusiyanın hərbi birləşmələrinin dəstəyi ilə işğal olunub. Azərbaycan xalqının haqqı var ki, səfərbərliyə getsin, itkilərdən, dağıntılardan qorxmadan öz torpaqlarını azad etsin”. Q.Həsənquliyev cəbhədən gələn sevindirici xəbərlərdən də danışdı: “Xalqımız üçün çox fərəhli haldır ki, Ordumuz əks-hücum əməliyyatlarına başlayıb”.

https://azertag.az/files/galleryphoto/2020/3/1000x669/w_1616014775421249421747_1000x669.jpg

Milli Məclisin sədri Sahibə Qafarova deputatın fikirləri ilə razılaşdığını, ancaq hərbi vəziyyətlə əlaqədar iclasın qapalı keçirilməsinin düzgün olacağını düşünmədiyini bildirdi.

Komitə sədri Musa Urud “Reklam haqqında” qanuna dəyişiklik edilməsini və energetik içkilərin reklamının qadağan olunmasını təklif etdi.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc hazırda vətənimizin müqəddəs bir parçası uğrunda gedən müharibənin yaşadığımız regionda və dünyada bir nömrəli müzakirə mövzusuna çevrildiyini qeyd etdi: “Müxtəlif dövlətlərin, eləcə də BMT Təhlükəsizlik Şurasının və qeyri-daimi üzvlərinin müzakirəsinə çıxarılan Qarabağ məsələsi ətrafında qızğın müzakirələr gedir. Bir fakt aydındır - Azərbaycan prezidentinin qətiyyətli qərarları Ermənistanı, Minsk qrupunu və iri dövlətləri hərəkətə gətirib və çözüm variantlarının tapılması üçün yollar aranır. Lakin bir fakt hamıya gün kimi aydındır - birinci Qarabağ müharibəsinin nəticəsi olaraq imzalanmış ”Bişkek protokolu" və “Atəşkəs müqaviləsi”ni artıq qüvvədən düşmüş saymaq olar”. Millət vəkili dedi ki, indi ordumuzun apardığı müqəddəs savaşın qələbə ilə nəticələnəcəyinə, Bişkekdə deyil, Şuşada sülh müqaviləsinin imzalanacağına hər birimiz inanırıq. “İlham Əliyevin liderliyi ona qadirdir ki, ordunun qələbələrini sənəd üzərinə böyük diplomatik məharətlə həkk etsin. Ona görə bizim siyasət adamlarımız, politoloq və təhlilçilərimiz 1994-cü ilin ”Atəşkəs müqaviləsi"nə daha istinad etməyə bilərlər!"

Plenar iclasda Azərbaycanın Kuba Respublikasında səfirliyini açması ilə bağlı məsələ müzakirə olundu, yüksək qiymətləndirildi. Komitə sədri Səməd Seyidov bu qərarın əhəmiyyətindən bəhs etdi.

Deputat Sabir Rüstəmxanlı Azərbaycanın bizə dost ölkə olan İsraildə səfirlik açmasını təklif etdi. Bildirdi ki, müsəlman qonşumuz İranın işğalçı Ermənistana yardım göstərməsinə etiraz etdi: “İran 35 milyon insana hörmət qoymayaraq, Culfa körpüsündən Ermənistana silah daşımaqla məşğuldur. Üstəlik, bu ölkədə topantı keçirilir və Azərbaycanın atəşi dayandırması, geri çəkilməsi çağırışı edilir. İran, bizim qonşumuz, həmişə sayğı ilə yanaşdığımız, münasibətləri inkişaf etdirmək istədiyimiz müsəlman ölkəsi dayanmadan işğalçı Ermənistana kömək edir”. Deputat sonda bildirdi ki, “biz növbəti səfirliklərimizdən birini İsraildə açmalıyıq”.

Deputat Fəzail Ağamalı da İsraildə səfirliyimizin açılmasını zəruri saydı: “İsrail dövləti ilə son dərəcədə yüksək səviyyədə əlaqələrimiz var. Bu gün İsraillə Azərbaycan arasında əlaqələrin daha yüksək səviyyədə qurulması üçün İsraildə səfirliyimizin açılmasına ehtiyac var. Onların bizdə səfirliyi var, bizim də İsraildə səfirliyimiz olmalıdır”. F.Ağamalı sədrdən xahiş etdi ki, bu xahişi lazımi ünvanlara çatdırsın.

https://azertag.az/files/galleryphoto/2020/3/1000x669/w_161601477542132273660_1000x669.jpg

Komitə sədri Siyavuş Novruzov söz alaraq ordumuzun uğurlu döyüş əməliyyatları ilə bağlı Ali Baş Komandana, Azərbaycan xalqına və parlament rəhbərliyinə təbriklərini çatdırdı. Daha sonra müharibə veteranlarının cəbhədə döyüşmək üçün çoxsaylı müraciətlərinin olduğunu bildirdi. Dedi ki, onların bir çoxunun döyüş təcrübəsi var, relyefi yaxşı tanıyırlar. “Azərbaycanda 80 minə yaxın müharibə veteranı var. Elə adam var ki, bu günə qədər haqqını ala bilmir. Məsələn, tələb olunur ki, həmin şəxs gedib o vaxtkı icra başçısından arayış gətirsin. Həmin icra başçısı da ya ölüb, ya da başqa səbəb var. Səfərbərlik elan olunan kimi yenə də həmin adamlar müraciət ediblər, döyüşmək üçün yazılırlar. Hesab edirəm ki, onların məsələsinə baxmaq lazımdır”.

S.Novruzov dedi ki, ictimai-siyasi təşkilatların 50-si Ali Baş Komandanın siyasətini dəstəklədi, ancaq iki partiya kənarda qaldı. Komitə sdəri dedi ki, onların qoşulmaması daha yaxşıdır, çünki xaricdən maliyyələşirlər. S.Novruzov “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilməsini zəruri saydı. Bildirdi ki, qeydiyyatdan keçmiş siyasi partiyalara da maliyyə yardımının edilməsi məsələsinə baxılması yaxşı olardı.

Deputat Fazil Mustafa dedi ki, təcili olaraq, müharibə şəraiti tələb etdiyi kimi, biz həm orta məktəbdə, həm ali məktəbdə hərbi dərsləri bərpa etmək lazımdır. “Bizim çoxsaylı insanlarımız var ki, elementar silahla davranmaq qaydalarını bilmirlər”-deyə, deputat əlavə etdi.

F.Mustafa bir ailənin tək uşağının, yaxud iki övladın aparılması ilə bağlı məsələlərə həssas yanaşılmasını da zəruri saydı: “Vətəndaş döyüşə gedir, amma nigaran qalır ki, onun ailə-uşağının təminatı hansı formada olacaq. Elə olmalıdır ki, döyüşə gedən vətəndaş narahatlıq yaşamasın”.

Deputat Etibar Əliyev də hərbi dərslərin bərpası ilə bağlı həmkarının təklifini müdafiə etdi. Bildirdi ki, sovet dövründə müharibə olmadığı halda, hərbi dərslər keçirilirdi. Ona görə də indiki situasiyada hərbi dərslərin keçirilməsinə zərurət olduğunu söylədi. E.Əliyev Milli Məclisin deputatları olaraq Silahlı Qüvvələrin Yardım Fonduna dəstək verilməsi təklifini də irəli sürdü.

https://azertag.az/files/galleryphoto/2020/3/1000x669/w_1616014775424747245703_1000x669.jpg

Deputat Qənirə Paşayeva da hərbi dərslərin keçirilməsini vacib saydı. Bildirdi ki, bu, cəbhə bölgəsində yaşayan insanlarımızın da xahişidir. Q.Paşayeva deputat həmkarlarını öz əmək haqqının müəyyən hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna bağışlamağa, həmçinin qanvermə aksiyasında iştirak etməyə çağırdı.

Sədr Sahibə Qafarova bu təkliflərin nəzərə alınacağını bildirdi.

Deputat Aqil Abbas ölkədə qismən səfərbərliyin elan olunduğunu və vətəndaşların könüllü şəkildə torpaqlarımız uğrunda döyüşlərə qatıldığını söylədi. Eyni zamanda cəbhəyə yollanan insanlarımızın ailə üzvlərinin sosial vəziyyətinə diqqət yetirilməsinin vacibliyindən bəhs etdi. “Mənim də işçim cəbhəyə gedib, amma maaşı saxlanılacaq və aybaay kartına ödəniləcək. Rəsmi iş yerləri olanların əmək haqqı saxlanılır. Lakin insanlarımız var ki, günaəmuzd işləyirdilər, onlar cəbhəyə yola düşəndən sonra həmin şəxslərin ailə üzvlərinə dəstək verilməlidir”. A.Abbas bu məsələ ilə bağlı xeyli müraciətlər aldığını söylədi. “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xahiş edirəm, günəmuzd işləyən, bu gün orduya yollanan vətəndaşlarımızın ailələri nəzarətə götürülsün, ya müavinət verilsin, ya da ailə üzvləri işlə təmin olunsun”. 

Milli Məclis Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə birinci oxunuşda müzakirəyə çıxarıldı.

Komitə sədri Siyavuş Novruzov  tikinti şirkətlərinin qanunsuzluğuna diqqət çəkdi. Dedi ki, mənzil tikintisi ilə məşğul olanlar binalara komendant təyin ediblər və onlar mənzil haqları müəyyənləşdiriblər. “50 qəpikdən başlayaraq, 5 manatadək müxtəlif qiymətlər var. Məcəllədə belə bir hal nəzərdə tutulmayıb, qeyri-qanunidir. Vətəndaşlar öz evlərində kirayə qalırlar. Əlavə kommunal xərclər də var, bunu da ödəyə bilmirlər”-S.Novruzov bildirdi.

I vitse-spiker Əli Hüseynli dedi ki, Tikinti Məcəlləsində son dövrlərdə qanunvericilikdə etdiyimiz çox mühüm dəyişikliklər var. Onun sözlərinə görə, tikinti şirkətləri həm də tikilmiş binaların idarəsi ilə məşğul ola bilməz: “Bu işlə mövcud mənzil istismar idarələri, şirkətlər məşğul ola bilər. Biz əslində bu problemi qanunvericilikdə həll etdik. Amma təəssüflər olsun ki, Azərbaycanda tikinti şirkətləri arasında ciddi rəqabət yaranmadı. Praktikada hələ uğurlu nəticə yoxdur”. Ə. Hüseynli girov tikililərlə bağlı məsələnin də gündəmdə olduğunu bildirdi: “Deputatlar Əli Məsimli və Vahid Əhmədov da bunu tez-tez gündəmə gətirirlər. Bu məsələlər qanunvericilik predmeti deyil”.

Deputat Məlahət İbrahimqızı Nəsimi rayonundakı yeni tikintilərin sakinləri narahat etdiyini söylədi. Dedi ki, gecə saat 10-dan başlayaraq, səhərə qədər ağır tonnajlı yük maşınları hərəkət edir. Bildirdi ki, dəfələrlə yerli rəhbərliyə müraciət edib. Ancaq cavab verilib ki, bu məsələ Nazirlər Kabineti tərəfindən tənzimlənir. Bu mənada məsələnin həlli ilə bağlı qanunvericiliyə baxılmasını xahiş etdi. “Bu gün cəbhə bölgəsində yaşayan insanlar qəhrəmanlıq və fədakarlıq göstərirlər. Ona görə də cəbhə bölgəsində yaşayan insanlarımızın statusu ilə bağlı qərar verilsə, çox yaxşı olar”-deputat bildirdi.

https://azertag.az/files/galleryphoto/2020/3/1000x669/w_161601477542401133621_1000x669.jpg

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşu zamanı çıxış edən deputat Siyavuş Novruzov kiçik yaşlı uşaqların çətinliklərindən bəhs etdi: “Valideynlər uşaqlarına təkcə repetitor tutmayıblar, həm də çanta daşıyan tutublar, kitablara görə. Birinci sinif şagirdlərinin hamısının beli əyilib. Bu işlərə baxılmalıdır”. 

Deputat Ceyhun Məmmədov isə bildirdi ki, ali məktəblərdə təhsil haqqı kifayət qədər yüksəkdir: “Elə ixtisaslar var ki, təhsil haqqı 3-6 min arasında dəyişir, bu da ailələrə əlavə çətinlik yaradır”. C.Məmmədov internet tariflərinin yüksək olduğunu da söylədi.

Deputat Fəzail Ağamalı ölkədə uşaqpulunun verilməsi məsələsinə baxılmasını zəruri saydı. “Bu, sosial sifarişdir” deyən deputat aztəminatlı ailələrdəki uşaqlara 17 yaşınadək uşaqpulu verilməsini vacib saydı.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Musa Qasımlı bildirdi ki, artıq ali məktəblərə qəbul qaydaları dəyişməlidir: “Orta məktəbi bitirəndə verilən imtahanlarla ali məktəblərə qəbul həyata keçirilməlidir. Biz tədricən bu sistemə keçməliyik. Təhsil sistemimizdə keyfiyyətə xüsusi diqqət yetirməliyik ki, şagirdlər repititor yanına getməsin”.

Deputat Qənirə Paşayeva isə bildirdi ki, bu günə qədər valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara I Vitse-prezident Mehiban Əliyeva tərəfindən qayğı göstərilirdi: “Uşaqlar övladlığa götürüləndən sonra da onlara vəsait ödəniləcək. Bu, çox humanist addımdır. 2021-ci ilin büdcə layihəsi bu yaxınlarda Milli Məclisə gələcək. Hökumət üzvlərindən xahiş edirəm ki, cəbhə xəttində yaşayan ailələrin uşaqlarına da xüsusi imtiyazlar verilsin. Cənab Prezidentin də ön cəbhə kəndlərində olan problemlərin araşdırılması və aşkara çıxarılması ilə bağlı tapşırığı var idi. Düşünürəm ki, bu addımlardan biri kimi ön cəbhədə yerləşən kəndlərdən olan və ödənişli təhsil alan uşaqların təhsil haqqının dövlət tərəfindən ödənilməsi məsələsinə baxılsın. Bu kəndlərdə yaşayanlar üçün güzəştlər, xüsusilə kommunal güzəştlərin edilməsi də mümkündür. İkinci məsələ Qarabağ əlilləri ilə bağlıdıır. Torpaqlarımız uğrunda sağlamlığını itirmiş bütün qruplar üzrə əlillərin uşaqlarına da bu imtiyazlar verilməlidir. Bunu hökumət üzvlərimizdən xahiş edirik”.

Yekunda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanun layihəsini birinci oxunuşda təqdim etdi.

Deputatlar S.Novruzov, Q.Həsənquliyev, Q.Paşayeva, M.Quliyev, S.Alıyev, Elnur Allahverdiyev çıxış edib qanun layihəsinin önəmindən danışdılar, təkliflərini səsləndirdilər. Layihə ilk oxunuşda qəbul edildi.